Seçim azadlığı olmayan gənclərin TV etirafı

Niyazi Mehdi

-

«SEÇİM» SÖZÜNÜN YENİLİYİ

Azərbaycan gəncliyi təlatümlü həyat yaşayır, ona görə də bəzi əxlaqi məsələləri anlatmağı özümə borc bilirəm. Birincisi, gəlin baxaq «seçənək» sözünə. Allaha şükür ki, bizdə bu söz var, olmasaydı, biabır olardıq. Ancaq «seçim», «seçənək» sözü Avropada və hətta Rusiyada o qədər elmi, publisistik yazılarda işlənib ki, «bu, mənim seçimimdir» cümləsi çox ağıllı qavranılır. Bizim dilimizdə «almanı seç», «qızı (oğlanı) özün seç» cümləsi təbii səslənsə də «bu addım onun seçimidir» cümləsi bir az qondarma görünür. Ona görə «bir az» deyirəm ki, 20-30 il qabaq heç kim elə demirdi. Ancaq bəzi tərcümələrin sayəsində deyim işlənə-işlənə getdikcə qondarmalığını itirir.

AZADLIQ ƏXLAQIN ŞƏRTİ KİMİ

İndi əsas düşüncəni söyləyim. Kant-dan sonra lap aydın oldu ki, seçim azadlığı olmayan yerdə nə azadlıq, nə də əxlaq var. Ona görə də Könisberqli filosof yazmışdı ki, Təbiətdə nə azadlıq, nə əxlaq var. Əgər Təbiətdə hər nəsnə determinizmlə, yəni səbəb-nəticə zəncirində baş verirsə, necə azadlıq ola bilər?! Necə Təbiətdə əxlaq ola bilər?! Düzdür, Fizikada sinerqetika nəzəriyyəsi Təbiətlə ilgili determinizmin totallığını dağıdıb. Ancaq dağıdandan sonra Təbiətdə əxlaq məsələsinə çıxmaq hələ çox düşüncə həmlələrini tələb edir.

Kant söyləyirdi ki, Təbiətə baxanda yalnız ruh, qut aləmində azadlıq var. Hələ əski yunanlar bilirdilər ki, ruhun göstəricisi özünü hərəkətə gətirməkdir. Ona görə də nə özünü hərəkətə gətirirsə, deməli, canı var. Heyvanlar durub yeriyirlər, ora-bura boylanırlar, deməli, onlarda can var. Ancaq cana düşüncə, bilik artanda Ruhun yüksək forması ortaya çıxır. Bax, bu yüksək forma seçimi ağılla, düşüncə ilə bağlayır.

AZADLIĞIN İKİ YOZUMU

Azadlığın başqa formulası belədir: insanın nə etməsinin səbəbi özü olanda azaddır

İndi təzədən qayıdaq azadlığa. Stoya filosofları (Antik Yunanıstan), Hegel, Marx sayırdılar ki, azadlıq dərk olunmuş zərurətdir. Yəni insan biləndə ki, xərçəngdən çıxmayacaq, onun üçün də ağlaşma qurmaq əvəzinə vəsiyyətini edəndə, işlərini sahmana salanda, psixolojisini ölümə hazırlayanda, ağıl və azadlıq nümayiş etdirir. Bu anlamda Hugo Chávez-in can verəndə cangüdəninə «ölmək istəmirəm, qoymayın ölüm» yalvarışı azadlıq deyildi. Hərçənd Kubaya getməzdən qabaq xəstəliyindən azad insan kimi danışa bilmişdi.

Azadlığın başqa formulası belədir: insanın nə etməsinin səbəbi özü olanda azaddır. Yəni mən oğurluğu, rüşvəti öz seçimim kimi edirəmsə, davranışımda azadam, hərçənd bu azadlığım heç də yaramazlıq ləkəsini üstümdən götürmür. İnsan azadlığına görə əclaf da ola bilər. Bütün mafiozlar azad insanlardır. Eləcə də bütün xilaskarlar.

Anadolu türklərində «özgürlük» neoloqizmi var, azadlığın bu yozumunu yaxşı açır. Əgər nə və necə etməyimin səbəbi özüməmsə, deməli Öz-gürəm.

ƏXLAQ VƏ ÖZGÜRLÜK

Buradan çıxan sonuc. Azadlığı, özgürlüyü əlindən alınmış adam əxlaq subyekti ola bilməz ki, davranışını əxlaq adından pisləyəsən. İşgəncə altında adam dostlarını satırsa, ona satqın demək düz deyil, çünki satqınlıq əxlaqi ittihamdır, adam isə seçimində azad deyildi ki, onu əxlaqla mühakimə edəsən. Bu baxımdan Sovet ideolojisinin bir amansızlığı vardı. İşgəncə altında heç bir sirri açmayan kəşfiyyatçını, əsirləri göstərirdilər ki, işgəncəyə dözə bilməyən adamları satqın sayaq. Halbuki Amerika Demokratiyasının humanizmi, görün, özünü necə göstərirdi. Əfqanıstanda əsgərlərə öncədən bildirmişdilər ki, əsir düşsələr, nə tələb etsələr televiziyada, videoda desinlər. Təki salamat qalsınlar.

Son zamanlar mitinqçi gəncləri tutub ekranda danışdırmaq da mənasız işdir. Təzyiq altında bu gənclərin azadlığı yoxdur ki, dostlarının və camaatın gözündə biabır olsunlar.

Bu kontekstdə ermənilərin azəri əsirini, azərilərin erməni əsirlərini ekranlara çıxarıb nələrisə dedirtməsi, əbəs işdir. Çünki onlar tüfəng altında azad deyillər ki, əxlaqi subyekt sayılsınlar. Son zamanlar mitinqçi gəncləri tutub ekranda danışdırmaq da mənasız işdir. Təzyiq altında bu gənclərin azadlığı yoxdur ki, dostlarının və camaatın gözündə biabır olsunlar. Onları sınmış göstərməkdən ləzzət alırlarsa, bu, sadizmdir və Azərbaycan gəncliyinə yönələn sadizm camaatda «balalarımızın başına gör nə açırlar?!» qəzəbini törədir. Əgər dövlətçilikdən çox danışanlar üçün, doğrudan da, dövlətin mənəvi nüfuzu önəmlidirsə, bilsinlər, belə qəzəblə Dövlətə mənəvi nüfuz gətirmək olmaz. Ancaq, deyəsən, bu ölkədə heç kim Dövlətin mənəvi nüfuzunu düşünmür. Müxalifət ona görə düşünmür ki, Dövlətdən qıraqda qalıb. Hakim güclər ona görə düşünmür ki, mənəvi nüfuzla ilgili ciddi problemləri var.

Bir də Təqsirsizlik prezumpsiyasının pozulması heç bir mədəni dövlətə yaraşmır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir