-
Niyazi Mehdi
MENTALİTETİMİZƏ İSLAHATÇI BAXIŞ
Gələnəklər və proqnozlu dünya
Neçə aysa bundan qabaq xarici serialların milli gələnəklərə görə ölkə kanallarında yasaqlanması bizi adət-ənənləri dərindən düşünməyə zorunlayır.
Adət-ənənə nədir? Qanunlara oxşayan bir nəsnə. Qanunlar nə üçündür? Yolsuzluğu aradan götürmək üçün, bizi cızığa salıb düzüm, düzgünlük yaratmaq üçün. Qanunların sonucunda toplumda proqnozlaşan, yəni gələcəyi gümanlı edən durumlar yaranır. Mən qanunlara görə öncədən bilirəm ki, özəl mülkiyyətim toxunulmazdır, ona dövlətdən yox, olsa-olsa oğrulardan təhlükə var. Mən qanun və qaydalara görə bilirəm ki, hər gün filan dayanacağa 5 dəqiqənin içində filan saylı avtobus gələcək. Buna arxayın olduğum üçün də işə gecikmirəm. Deməli, özəl mülkiyyətimi dövlət orqanı dağıdanda oğru ilə eyniləşir və qanunlara böyük şübhələr, etibarsızlıq yaradır.
Dövlət özəl mülkiyyəti qanun əsasında da dağıda bilər, məsələn, Bakının mərkəzində qanun (və ya qərar) əsasında evi sökürlər, əvəzində kvadrat metr üçün 1 500 manat verirlər. Bu zaman, artıq, narazılıq Dövlət orqanının özbaşınalığından yox, ədalətsiz və ya pis qanundan gedir.
Milli adət-ənənələr də qanunlar kimi toplumda proqnoz olunan durumlar yaradır. Onlara görə bilirik bir az sonra, ya sabah bizi nə gözləyir. Firudin Şuşinski yazır ki, keçmişdə Qarabağ varlıları 3 və daha çox gün toy edərmişlər. Üç günlük toyun iki günü «ye gəl» adlanırdı, yəni evdə yeyib gəl. Yalnız üçüncü gün qonaqlara yemək verəndən sonra gəlini gətirirdilər. Deməli, gələnəyi bilənlər «ye gəl» toyuna ac gəlməzdilər. Bax, proqnoz olunan situasiya budur, qonaq ac gəlmir, toy yiyəsi isə bilir ki, süfrəyə xərc çəkməməlidir.
Nə mənada «qurallar?»
Platon qanunvericiliyi memarlığa oxşadırdı. Ona görə də deyirdi: qanunda nəsə yanlış, pis olanda, sanki binanı saxlayan dirəklər çürükdür. Deməli, kimlərsə, şəhərin mərkəzində sökülən evə görə verilən pulu az sayırsa, iddialı olur ki, (sübut etməlidir ki) bu qayda ölkə üçün çürük dirək kimidir…Əgər ölkədə elə durumdur ki, bu iddiaları yuxarılar eşitmir…deməli, vəziyyət lap xarabdır.
Platonun metaforasının etgisidir, nədir, Anadolu türkləri «qurmaq» sözündən qaydalar anlamında «qurallar/kurallar» sözünü düzəldiblər. Gələnəklər, adət-ənənələr bu mənada həm də kurallardır, yəni milli binanı quranlardır (nə ilgincdir ki, «Quran» da belə oxuna bilər).
Bəs yaxşı, gələnəklərin xeyrinə bu qədər yaxşı sözləri deyəndən və onlara kurallar kimi, proqnoz olunan durumların memarlığı kimi baxandan sonra Mirzə Cəlildən, Sabirdən gələn ənənə tənqidlərini nə edək? Abır-həya ulus üçün konstruktivdir, çünki bir xeyli gələnəyə insan abırına sıxıldığı üçün tabe olur. Verdiyi sözü öz ziyanına olsa, belə pozmamaq gələnəyini abırına görə yerinə yetirir. Ancaq görürsən ki, ulusun fırıldaq adamları utancaqlığı adamı istismar etmək alətinə çevirirlər. Utandıra-utandıra kasıbı yasda böyük ehsan xərcinə salırlar, başqa birisi səninlə salam-məleyk etdiyi üçün toyuna çağırır. Bilir ki, utandığından gələcəksən.
Əski Yunanıstanda sofistlər deyirdilər ki, qanun qoluzorluların zəifləri əzmək aracıdır.
Ona görə də ölkədə elə bir durum olmalıdır ki, qanunlardan və gələnəklərdən belə istifadə etmək xeyli çətin olsun. Bunun üçün də adət-ənənələri (qanunları da) yaxşı öyrənməliyik. Yəni baxmalıyıq ki, onlar kurallar kimi Azərbaycanı hansı memarlıqda yapırlar.
Mentalitet islahatları
Hüseynqulu Sarabski yazırdı ki, Məhərrəmlik axşamlarında kişilər məhəllə məscidinə yığışardılar, sinə döyərdilər, mərsiyə oxuyardılar. İndi nə edək, Azərbaycanda mehribançılıq, milli birlik memarlığını yenidən bu gələnəklə quraq?!
Əli və Nino çağında toy gecəsi gəlin qız çıxanda güllə atırdılar, indi neyləyək, bu gələnəyi Azərbaycan namusunun memarlığını quran qaydaya çevirək?
Azərbaycanda milli mentaliteti, milli gələnəkləri bayraq tutub insanı əzmək, insanın haqlarını pozan eyləmləri yapmaq dəbi var. Bir şey olan kimi, «bizim mentalitetə uyğun deyil» deyirlər. Ancaq qabaqca araşdırmalı, dartışmalıyıq, hansı gələnək hansı Azərbaycanı qurur və bu qurulan indiki dünyada ulusların yarışında bizi irəli, yoxsa geri aparır? Biz gələnəklərimizi testdən keçirməyi bacarmalıyıq. Bizi israfcıl, gülməli, yazıq, yoxsul edən gələnəkləri aradan götürməyi bacarmalıyıq. Təkcə iqtisadi yaşamımız yox, mentalitetimiz də islahat proqramlarının hədəfi ola bilər. Ayrıca bir işimiz isə, bu olmalıdır: yol verməməliyik ki, yaxşı saydığımız gələnəkləri (abır-həya məsələsində gördüyümüz kimi) bizim azadlığımıza, haqlarımıza qarşı yönəltsinlər.
Bu yazının amacı
Bu dünyanı sözlə, romanla, musiqi ilə, hətta fərmanla da düzəltmək çox çətindir. Onun üçün də yazımın buna iddiası yoxdur. Olsa-olsa iddiam bir nəsnəni söyləməyədir.
Azərbaycanda zülm etməkdən qorxmaq gələnəyi o dərəcədədir ki, bəziləri hətta itin küçədə öldürülməsinə də baxa bilmir.
Azərbaycanda ikiüzlülüyə nifrət gələnəyi o qədər güclüdür ki, heç kim riyakarlığını boynuna almır. Ona görə də bu gələnəkləri saya salmayan adam bilməlidir, bizə «bizim mentalitet», «bizim milli adət-ənənə» deməsin. Biz hərif ha deyilik!!!