Gürcülərlə ukraynalıların üzünə avropa qapılarının açıldığı bir vaxtda biz də Azərbaycan vətəndaşları olaraq, zarafat kimi bir xəbər aldıq. Bundan sonra Azərbaycan vətəndaşları Hindistana cəmi 50 dollara 60 günlük səyahət vizası ala və rənglər, rəqslər, fillər ölkəsini rahat gəzə biləcəklər.
...gözü Avropada olan bizlər bu xəbəri nə qədər zarafat, məzələnmə kimi qəbul etsək də, deyim ki, ciddi imkandır.
Mahiyyətcə əslində şərqli, yaxşı halda qafqazlı olmaqdan heç vaxt çıxa bilməyənlər amma gözü Avropada olan bizlər bu xəbəri nə qədər zarafat, məzələnmə kimi qəbul etsək də, deyim ki, ciddi imkandır. Sizə zarafat gəlməsin, Hindistan asan viza verən, daha sonra bu vizanı asanca uzadan, vizan olsa belə, ölkə daxilində harasına gəldi soxula biləcəyin ölkə deyil. Məsələn, xeyli rus turistlər Qoa ştatına viza alır, gedir dincəlir, başqa ştata getmək istyəndə, məlum olur ki, bu viza ancaq Qoada olmaq icazəsi verir. Ya da elə parklar, muzeyər, qoruqlar var ki, xarici vətəndaşların ora girişi üçün, biletdən əlavə, yerli polisdən xüsusi permit-icazə lazımdır.
Odur ki, Hindistan vizasının belə asanlaşdığını oxuyanda, ciddi-ciddi bu ölkəyə səfər etmək barədə düşündüm və Hindistanda çəkilmiş xeyli səyahət video-bloqları izlədim. Hindistanın bir neçə şəhərini, ya hansısa şəhərlərdə xususi yerləri çıxmaq şərtilə, barəsindəki stereotipləri tam doğruldur. Səs-küy, çirk, qoxu, zibil, antisanitariya, küçə qidalanması, səfillər, məişətini küçənin ortasında quranlar və daha nələr, nələr. Amma nə qədər absurd olsa da, ölkənin ən turistik yerləri də məhz elə ən çirkililəri, ən xaosla dolu olanlarıdır.
Polis də, məhkəmə də belə məsələlərdə Hindistan vətəndaşının tərəfini tutur və axırda ekzotik ölkədə ev sahibi olmaq istəyənlər bir ətək pul, xeyli əsəb və vaxt itirirlər.
Turistlər, turistlər...onların aralarında daha kimlər yoxdur? Xüsusilə də slavyan ölkələrindən, Avropadan, Amerikadan gələnlər. Gəlib burda iş quranlar, məbədlərdə qalıb yaşayanlar, ev kirayələyib buralı olanlar, ev alıb birdəfəlik qalmaq istəyənlər. Düzdü, sonuncunu, yəni ev almağı heç kim məsləhət görmür bloqçular arasında. Nədən ki, xeyli sayda aldanma, fırıldaq halları olur, Hindistanın qəribə və konkret olmayan qanunları imkan verir ki, evi alandan sonra bir adam gəlib iddia eləsin ki, ev onu sizə satan qohumuna miras qalıb, amma onun da bu mirasda haqqı var. Bəzən bu “qohum”ları elə evi əcnəbiyə satan adam göndərir, ya evi satan adam qəsdən mirasda payı olan qohumlarını gizlədir, sonra onlarla əlbir olub, sizdən evi geri tələb edir, ya da əlavə pul istəyirlər. Polis də, məhkəmə də belə məsələlərdə Hindistan vətəndaşının tərəfini tutur və axırda ekzotik ölkədə ev sahibi olmaq istəyənlər bir ətək pul, xeyli əsəb və vaxt itirirlər.
Çoxsaylı bu ölkədə əcnəbini aldatmaq mentalitet kimi bir şeydir. Sizə su satan uşaqdan, bazarda xırdavat satan, küçədə yemək aldığınız, otelində qaldığınız adama, küçədə oturub meditasiya edən asketlərə qədər hamı çalışır ki, əcnəbiyə fırıldaq gəlsin, ondan mümkün qədər çox pul qoparsın (bu yerdə Volterin Hindistan brəhmənləri barədə hekayələri yada düşür). Gəlmələri soymaq bir növ müqəddəs ayindir ki, ölkənin böyük bir hissəsi buna əməl edir.
Bütün soyulmalara, aldanmalara, davalara, natəmizliyə, polisin, yerli hökümətin seçici davranışına, antisanitariyaya, qoxuya, pis yaşama şərtlərinə baxmayaraq, Hindistana turist axını azalmır. Əksinə, ildən ilə bu ölkəyə yerləşib, müxtəlif işlər quran adamların, ailələrin sayı artır.
İnsanlar Hindistana öz ölkələrində “şəxsi ərazinin toxunulmazlığı” düşkünlüyünün, divarların, insanlar arasında ehtiyatlılıq, korrektlik kimi hiyləgər və uzaqgörən tədbirlərin yaratdığı dəhşətli yadlıqdan, ögeylikdən, uzaqlaşmadan, bozluqdan, sükutdan qaçırlar.
Baxırsan ki, əslində Hindistan insanların əsl istəklərini, arzularını üzə çıxaran ölkədir. İnsan nə qədər bahalı ev tiksə də, gözü küçədədir. Həyatın, məişətin, intimliyin dörd divar arasında keçdiyi ölkələrə deyil, bütün bunların küçədə baş verdiyi ölkələrdədir ürəyi. İnsan səliqəli, ütülü, problemsiz ölkələrdə darıxır, çünki əslində onun ruhi harmoniyası xaosda, səs-küydə, insanların qaynaşdığı yerdədir. İnsanlar Hindistana öz ölkələrində “şəxsi ərazinin toxunulmazlığı” düşkünlüyünün, divarların, insanlar arasında ehtiyatlılıq, korrektlik kimi hiyləgər və uzaqgörən tədbirlərin yaratdığı dəhşətli yadlıqdan, ögeylikdən, uzaqlaşmadan, bozluqdan, sükutdan qaçırlar. İstiyə, rəngə, səsə doğru. Bu istiliyin, səsin, rəngin çirkin, zibilin, üfunətin, fırıldağın arasında olduğunu biləslər də....
Bir dəfə Amerikadan Gürcüstana gələn, burda ev alan, 5 ildir yaşayan, gürcü dilini öyrənən və Gürcüstan vətəndaşı olmağa hazırlaşan bir adamdan soruşdum ki, elə qüdrətli bir ölkəni qoyub, bu kasıb, yetim Gürcüstanda niyə yaşayır. Çox qısa və dahiyanə cavab verdi. Mən burda xoşbəxt ola bilirəm.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.