Keçid linkləri

Təcili xəbərlər

Dünyanın ən saxta təbriki


8 mart günü mənim üçün Klara Setkindən və ya əməkçi qadınların dirənişindən daha çox, anamla bağlı olub həmişə. Yox. Onu misilsiz dərəcədə sevdiyim üçün yox.

Anam gözlərimi açandan öz cinsinə görə əzab, məşəqqət çəkən qadınların siması, modeli olub. Mən gözlərimi açandan onun cavan bədənini, cavan əllərini, cavan üzünü işləməkdən kobudlaşmış, qaralmış, formasını itirmiş görmüşdüm.

Anam gözlərimi açandan öz cinsinə görə əzab, məşəqqət çəkən qadınların siması, modeli olub. Mən gözlərimi açandan onun cavan bədənini, cavan əllərini, cavan üzünü işləməkdən kobudlaşmış, qaralmış, formasını itirmiş görmüşdüm. Bəlkə də yadıma salmağa çalışsam, onu bir dəfə də olsun oturan, dayanan, filmə baxan yerdə xəyalımda canlandıra bilmərəm. Onun artıq 26-27 yaşlarında kobudlaşmış əlləri daim hərəkətdə, xalçada, nehrədə, cəhrədə, qab-qaşıqda, qazanda, süpürgədə, mal-qara yemləməkdə idi. Səhər hamıdan tez oyanan, gün uzunu ayaq üstə, ev, çöl-bayır, bostan demədən, mal-qara demədən əlləşən bu qadına atam hələ arada lağ etməyə də həvəs tapırdı özündə: bir kinoya da baxa bilmirsən mənnən, yuxu basır səni...

Halbuki, özü gün ərzində işə gedib, axşam saat 6-da evə gəlib, saatlarla televizorun qarşısında uzanmaq, dostları ilə domino oynamaq əvəzinə anama ev işlərində kömək eləsəydi, anamın onunla kinoya baxmağa da vaxtı olardı, danışmağa da, yuxu da basmazdı onu yorğunluqdan.

Mən böyüdüm, qardaşlarım böyüdü, atam öldü, anam 6 dəfə nənə oldu, amma qayğıları azalmadı. İşləri azalmadı.

Mən böyüdüm, qardaşlarım böyüdü, atam öldü, anam 6 dəfə nənə oldu, amma qayğıları azalmadı. İşləri azalmadı. Cavanlığında ərinin, qayınlarının, qaynatasının qulluğunda durduğu kimi, indi də oğullarının, oğlan nəvələrinin qulluğunda durur. Onun ancaq əlindəki, üzündəki qırışları dərinləşib, qalan hər şey onu uşaqlığımda gördüyüm kimi qalır: yuxusuzluğu, yorğunluğu, gün uzunu əlləşməyi, bir dəqiqə olsun dayanmamağı...

Böyüyüb, bir az pul qazanmağa başlayandan istəmişəm ki, onun həyatını bir az asanlaşdırım. Bir az rəng qatım, bir az maraqlı edim, bir az da dincəlsin anam. Özünə paltar almağa, cibxərcliyi verdiyim bütün pulları ya qardaşlarıma, ya gəlinlərinə verib, ya da mənə cehiz alıb. Görürdüm, belə alınmır, götürüb özümlə kafeyə, restorana aparırdım ki, bir dəfə də özü bişirmədiyi yeməkdən yesin, özü dəmləmədiyi çaydan içsin, otursun dincəlsin. Amma yox, mən süfrəyə yemək, içki sifariş verdikcə, o narahatlıqda ürəyində qiymətləri hesablayıb. Gözü həmişə ofisianta ödədiyim pulda qalıb. Ürəyində fikirləşib ki, o pula böyük oğlunun evinin pəncərəsini düzəltdirə bilərdi, balaca oğlunun köhnəlmiş paltosunu dəyişərdi, atamın sovetdənqalma maşınına filan detalı almaq olardı...

O bircə dəfə də mənimlə rahat oturub, arxayınlıqla yemək yeməyib, ürəyi həmişə narahat olub, beynində həmişə oğullarının, ərinin, nəvələrinin, gəlinlərinin ehtiyaclarını fırladıb.

O bircə dəfə də mənimlə rahat oturub, arxayınlıqla yemək yeməyib, ürəyi həmişə narahat olub, beynində həmişə oğullarının, ərinin, nəvələrinin, gəlinlərinin ehtiyaclarını fırladıb. Onu apardığım geyim dükanlarında bircə dəfə də olsun əyninə ürəyim istəyən paltarı ala bilməmişəm. Donun qiymətinə baxıb, bala buna verdiyin pulu ver özümə, qardaşlarına, onların balalarına paltar alım, əyinləri yalındı. Özüm alıb hədiyyə elədiyim bütün şeylərin qiymətin soruşub. Öyrənəndə, bir damcı da sevinməyib, əksinə qınaq dolu baxışlarla mənə baxıb: bala, buna verdiyin pulla filan şey eləmək olardı...

O zaman anlamışam ki, anamın xoşbəxtliyi, rahatlığı onun özü ilə bağlı bir şey deyil qətiyyən. Anam o vaxt rahat, o vaxt xoşbəxt olacaq ki, bütün balaları, nəvələri, bacı-qardaşları və onların uşaqları xoşbəxt olsun, heç bir problemi qalmasın. Belə qadındır o, Azərbaycandakı minlərlə, on minlərər qadın kimi.

Biz böyüyürük, savadlanırıq, müasirləşirik. Çevrilib analarımıza baxırıq. Onları kobudluqda ittiham edirik. Onları bizi anlamamaqda ittiham edirik. Biz onları xəsislikdə ittiham edirik, biz onları zövqsüzlükdə ittiham edirik. Biz onları bizimlə əylənə, rahat ola bilməməkdə ittiham edirik. Daha düşünmürük ki, onların savad almaması öz seçimləri olmayıb. Onlar belə istədikləri üçün deyil, ağır zəhmətdən kobudlaşıblar. Onların zövqlü olmağa nə vaxtları olub, nə imkanları. Onlar xəsislik edəndə o qənaəti bizim, bacı-qardaşlarımızın problemlərini həll eləməyin qayğısını çəkiblər. Onlar əylənə bilmirlər, çünki bütün bədənləri və beyinləri gənclikdən işləməyə, ağır zəhmətə və qayğılara proqramlaşdırılıb.

8 mart günü atam mütləq bir dəstə gül alıb gətirərdi anama. Anam bu gülləri güldana qoyub, işinin-gücünün dalınca qaçardı. Yemək, təmizlik, uşaqlar, mal-qara, bostan. Onun bu güllərə sevinməyə vaxtı olmazdı. Atam isə gülləri anama verib, oturub televizora baxardı, domino oynamağa gedər, çay içərdi.

Uşaqlıqdan hər il evimizdə yaşanan bir ənənə vardı. 8 mart günü atam mütləq bir dəstə gül alıb gətirərdi anama. Anam bu gülləri güldana qoyub, işinin-gücünün dalınca qaçardı. Yemək, təmizlik, uşaqlar, mal-qara, bostan. Onun bu güllərə sevinməyə vaxtı olmazdı. Atam isə gülləri anama verib, oturub televizora baxardı, domino oynamağa gedər, çay içərdi.

İllər keçir, içimdəki uşaqlıq kini keçmir. O kin anamın o qədər zəhmət çəkməli olduğuna görədir. Düşünürəm ki, axı o gülü almaq əvəzinə, atam həmin gün yeməyi özü bişirsəydi, ev işlərində ona kömək eləsəydi, anam da özünə sığal çəkməyə vaxt tapsaydı, gözəl paltar geyinib, tort bişirib, bizi süfrə başına toplasaydı, ailəmizin günləri belə keçsəydi, axı biz daha xoşbəxt uşaqlar, anam isə daha xoşbəxt qadın olardı.

Amma yox, anam qadın idi və cinsinə görə məhz onun boynuna biçilmiş işlər vardı. Onun cinsindən olan qadınların onilliklər əvvəl bərabərlik savaşının ildönümündə anama gül alan kişi isə bu bərabərliyin olmaması üçün əlindən gələni eləmişdi.

Bu gün on minlərlə kişi də davam edir bunu.

Bizə bərabərlik savaşı günümüzdə gül alırlar, ətir alırlar, amma bərabərliyimizi qəbul eləmirlər. Günümüzü qəbul edirlər, bərabərliyimizi qəbul eləmək ağıllarından belə keçmir.

Bizə bərabərlik savaşı günümüzdə gül alırlar, ətir alırlar, amma bərabərliyimizi qəbul eləmirlər. Günümüzü qəbul edirlər, bərabərliyimizi qəbul eləmək ağıllarından belə keçmir.

8 mart bizim bərabərlik savaşı günümüzdür. Bizə gül, hədiyyə təbrik lazım deyil, bərbərlik lazımdır. Qadının onun cinsi ilə qeyd-şərtsiz bərabərliyini qəbul eləməyən kişilərin təbriki isə çox iyrəncdir. Onlar bizim bərabərliyimizi qəbul elədiklərinə görə yox, qadın olduğumuza görə, cinsimizə görə təbrik edirlər.

Qadın yemək bişirəndə heç olmasa narahatlıqla “ver, kartofu da mən soyum” deməyən, ev işlərini görməyi öz kişiliyinə sığışdırmayan, bunu əskiklik bilib, qadın işi kimi dəyərləndirən, uşaq ağlayanda qadının oyanmasını gözləyən, qadın evdən çıxanda ondan icazə almasını gözləyən, özünə “ailə başçısı” deyən, kişinin kişi, qadının qadın yeri olduğunu düşünən, maşın sürən qadına lağ edən, parlamentdəki qadına “kiminləsə yatıb ora gedib” deyən, qadını pis halda yemək bişirən əl, yaxşı halda vagina kimi görən kişilərin 8 mart təbriki riyakarlıqdan, saxtakarlıqdan, sinizmdən başqa bir şey deyil.

Bizə təbrik lazım deyil, bizə bərabərlik lazımdır.

Bu bərabərliyi qəbul eləməyənlər, bərabər olmaq istəyənləri təbrik edə bilməzlər.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG