Hüsniyyə babamgilin qonşusu idi. Yayda günortaları adamın ciyərini bişirən aranda yerləşmişdi babamgil. Yaz-payız yenə nəsə yaşarır, göyərirdi, amma yayda hər yer qovrulub yanırdı. Gündüzlər hara baxırdın, göz işlədikcə sarı, tozlu, otları yanmış torpaq və adamın nəfəsini dalayan isti.
Biz ailəlikcə yığışıb babamgilə, dayımın toyuna getmişdik. Toydan iki həftə əvvəl. Başqa qohumlar da bizim kimi tez gəldiyindən, evdə ağız deyəni qulaq eşitmirdi. Günduzlər oturmağa, axşamlar yatmağa yer də çatmırdı. Evdə sovetdənqalma soyuducu bu 20-30 nəfərin suyunu soyutmağa, iki sərinkeş hamını sərinlətməyə bəs eləmirdi. Hərə başını birtəhər girləyir, toya qədər dözməyə çalışırdı.
Əsas zülmü qadınlar çəkirdi. Açıq geyinmək olmaz, arxda çimmək olmaz, soyuducudan çıxan sərin su ilə də birinci kişiləri, uşaqları suvarmaq lazımdı.
Kişilərə nə var? Həyətdə maykalı gəzir, yeməkdən içməkdən götürüb, Kürə çimməyə gedir, gecələr həyətdə yatırdılar. Balacalar tumançaq gəzir, özlərini tez-tez evin yanından axan arxa atıb, sərinləyirdilər. Əsas zülmü qadınlar çəkirdi. Açıq geyinmək olmaz, arxda çimmək olmaz, soyuducudan çıxan sərin su ilə də birinci kişiləri, uşaqları suvarmaq lazımdı. Bir sözlə, toya gəlmiş bir dəstə qadın zülüm çəkirdi. Evdə bir normal hamam belə olmadığından, qadınlar gecə hamı yatandan sonra agacların altında yuyunurdular.
Bir neçə günə ev əsl dəlixanaya döndü. Kimin nəyi hardadır, baş açmaq olmurdu. Anam hər səhər bir kisə unun çörəyini bişirir, babam hər gün bir qoyun kəsir, qadnlar hər axşan bir toyun qab-qacağını, vanna-vanna paltar yuyurdular.
Aranın istisi, içdiyimiz iliq su, narahat yataqlar, səs-küy, şəraitsizlik - hər şey adamın əsəblərinə toxunurdu. Mən dəhşətli dərəcədə yorulmuşdum. Normal yuyunmaq, səs-küydən qurtarmaq, doyunca yatmaq, sərinləmək istəyirdim.
Üçüncü ya dördüncü gün idi ki, belə davam edirdi. Günorta idi, birdən həyətə bir qadın girdi. 40 yaşlarında olardı, olduqca arıq, qara idi, əynindəki paltar çox köhnəlmişdi, təxminən 5-6 yaşlarında, üzündən kədər yağan, irigözlü bir oğlan uşağının əlindən tutmuşdu. O da, uşaq da, həyətdə vurnuxan adamları görüncə bir az ürkək-ürkək o yan bu yana boylanıb, evə girdilər.
Nənəm dedi ki, qonşudur, adı Hüsniyyədir, əri neçə ildir Rusiyaya işləməyə gedib. Evdə uşağı ilə tək yaşayır. Hərdən darıxanda bizə gəlir.
Mən sevinə-sevinə şeylərimi yığıb, onun yanına düşdüm. Biz tozu dizə çıxan yollarla, gün başımıza döyə-döyə onun evinə yollandıq.
O, bir az oturdu. Evdə qonaqların sayını biləndə, nənəmə dedi ki, niyə belə narahatçılıqda qalırsız, qadınlardan ikisini-üçünü mən aparım, boş evdi, bizdə qalsınlar. Heç kim, ərini, uşaqlarını qoyub, qonşuda qalmağa razı olmadı. Qadın məni göstərib dedi ki, subay qızdır, onda qoy, bunu aparım. Həm uşaq rahat olar, həm yeriniz bir az genişlənər, həm də mən təkəm, gecələr qorxmaram. Nənəm də, anam da razı oldu. Mən sevinə-sevinə şeylərimi yığıb, onun yanına düşdüm. Biz tozu dizə çıxan yollarla, gün başımıza döyə-döyə onun evinə yollandıq.
Evə çatan kimi Hüsniyyə isti su, sabun, dəsmal hazırladı. Bir həftədə ilk dəfə adam kimi yuyundum. Özümü quş kimi rahat hiss elədim. Hamamdan çıxanda gördüm ki, süfrə hazırlayıb. Otaqda sərinkeşi qurub. Sərin otaqda, heç birimiz bir kəlmə danışmadan yemək yedik. Onun və uşağın danışmaması xüsusilə xoşuma gəlirdi, çünki bir həftə ərzində evdə 20-30 nəfərin səs-küyü başıma düşmüşdü. O səs-küydən sonra bu evdəki sükut ürəyimi rahatladırdı.
Arada onun balaca oğlu iri, kədərli gözlərini bizə zilləyib, süfrənin ortasındakı iri-iri doğranmış pomidor-xiyarı duzlayırdı.
Yeməkdən sonra hamımıza çay süzdü. Çayı içib, süfrəni yığdıq. Qabları yumaq istədim, qoymadı. Otaqlardan birində mənə yatacaq hazırladı. Sərinkeşi gətirib, otaqda qurdu. Pamazı parçadan, enli bir gecəköynəyi qoydu yatağın üstünə. Təmiz, yumşaq, xoş qoxulu yatağa uzanan kimi, yuxuya getdim. Oyananda otağın sərin olduğuna baxmayaraq, bərk susamışdım. Baxdım ki, düz sərinkeşin qabağnda balaca masanın üstündə üstü tərləmiş bir banka var. Yanında da kobud stəkan. Bankanı götürüb, başıma çəkdim.
...indiyə qədər heç bir kokteylin, şərabın dadı o bir banka sərin suyun dadı kimi yadımda qalmayıb.
Eksperimentləri xoşlayan adamam. Içki söhbətində, ümumiyyətlə həssasam. Şərablar, kokteyllər, şirələr, limonadlar...harda yeni bir şey gördüm, dadına baxıram, xoşuma gələndə özüm də evdə hazırlayıram. Amma indiyə qədər heç bir kokteylin, şərabın dadı o bir banka sərin suyun dadı kimi yadımda qalmayıb. Bir həftəlik cəhənnəm istisindən, ilıq sulardan, narahatlıqdan sonra o səssiz, sərin otaqda içdiyim su dünyanın ən gözəl neməti idi.
Mən onun evində bir həftədən çox qaldım. O müddət ərzində Hüsniyyə səssiz-səmirsiz ev yığışdırır, yemək bişirir, çay hazırlayır, gecələr və günortalar otağıma sərin su qoyur, iki gündən bir hamam hazırlayırdı.
Biz onunla heç söhbət etmədik. Həm mən istidən dilxor olmuşdum, həm də o qaradinməz idi. Sonradan öyrənmişdim ki, bir neçə il əvvəl, ikinci oğlu arxa düşüb, boğulandan sonra belə qaradinməz olub. Həm də, ərinin illərdir Rusiyadan qayıtmamağını həzm edə bilmir. Bütün bunlar azmış kimi, oğlunun da ürəkgetməsi vardı. Bu qədər dərd çəkən adamın qaraqabaq olması anlaşılan idi.
Dayımın toy günü onunla ikimiz də geyinib, toya getdik.
Buna da bax: Putinin Qarabağ planı və ya Rusiyanın “İsgəndərnamə”si...
Aradan bir neçə il keçdi. Mən əvvəl Hüsniyyənin oğlunun öldüyünü eşitdim. Daha sonra özünün döş xərçəngindən öldüyü xəbərini aldım. Onun Rusiyada yaşayan əri isə bir dəfə oğlu, ikinci dəfə isə Hüsniyyə öləndə gəlmiş və geri qayıtmışdı.
Mən onun qaraqabaq üzünü, oğlunun kədərli gözlərini, evini, evindəki sükutu, ona xoşbəxtlik gətirməyən cehizlik mebellərini, bəzəkli yorğan-döşəyini tez-tez xatırlayıram. 5-6 yaşlı oğlan uşağının sükutu arabir pozan, sakit, ehtiyatlı “ana, lələm nə vaxt gələcək?” sualı hər dəfə yadıma düşəndə, oğluma baxıram. Və Rusiyada çox güman ki, ikinci ailə saxlayan, öz həyatını yaşayan o ata, o ər barədə düşünürəm. Bu necə ola bilər ki, qoyub gəldiyin bir ölkədə iki insan gün uzunu səni arzulaya-arzulaya, gəlişini gözləyə-gözləyə yaşasın, sən isə sanki onlar yoxmuş kimi davran, işlə, ailənlə deyib-gül, öz həyatını yaşa?
Bu necə ola bilər ki, qoyub gəldiyin bir ölkədə iki insan gün uzunu səni arzulaya-arzulaya, gəlişini gözləyə-gözləyə yaşasın, sən isə sanki onlar yoxmuş kimi davran, işlə, ailənlə deyib-gül, öz həyatını yaşa?
Birdirmi, ikidirmi, yüzdürmü belə kişilərimizin sayı? Qadın var, uşaqları bağçaya gedəndə ərini yola salıb Rusiyaya. İndi nənə olub, amma əri hələ də ordadır. Uşaqlar gözləyə-gözləyə yadlaşır, atalı ikən yetimliyə öyrəşir, qadınlar gözləyə-gözləyə qocalır, ərli ikən dul qalır. Ərlər isə Rusiyada, Ukraynada ikinci ailə sahibi olur, öz həyatlarını yaşayır, ayda 100-200 dollar pul göndərməklə ata, ər borcundan çıxdığını düşünür.
Azərbaycanda nə dədər əsəbdən, tənhalıqdan, stressdən qocalan, xəstələnən, ölən Hüsniyyələr var ki, bizim onlardan xəbərimiz yoxdur. Nədir o qadınların günahı? Nə əyləncələri var, nə fərəhləri, nə sosial həyatları. On il, on beş il qaynata, qaynana, qohum-əqraba qulluğunda dayanır, səhərdən axşama qədər evdə, həyətdə, bağda-bostanda əlləşir, uşaqlarına baxır, dərd çəkir. Bu həyat deyil, mövcudluqdur və sadəcə mövcud olmaq bir insana niyə bu qədər ağır başa gəlməlidir axı?
16-17 yaşında nişan xonçalarına, qırmızı lentli qurbanlıq quzulara, toy hədiyyələrinə, ağ paltara uymaq, aldanmaq aydındır. O yaşda ailə quranların çoxu ailəsinin, özünün gələcəyi barədə heç bir təsəvvürə malik deyil. O ancaq brilyant qaşlı üzüklə sinif yoldaşlarının yanında qürrələnməkdən zövq alır, toy hədiyyələri, xonçalar, qırmızı lentlər gözünü qamaşdırır.
Sonra isə... Ər Rusiyaya gedir. Getdikcə az-az gəlməyə başlayır. Uşaq doğulur, məişət işləri getdikcə çoxalır. Və sən ağ donlu, qırmızı xalatlı gəlincikdən dönüb olursan qaloşlu, köhnə paltarlı, çirkli dırnaqlı, ərli ikən dul qadın...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.