-
BİR-BİRİNDƏN UZAQ OLSALAR DA...
Ən həssas adamların da «öz dərdimiz azdır ki?» dediyi bir vaxtda söhbəti bir az uzaqdan başlamaq çox da asan deyil. Amma Dünya bir bütövdür, biz də bu bütöv Dünyanın bir hissəsiyik...
Üstəlik, bütün hadisə və proseslər orijinallığa iddia edə bilməz. Ən uzaq hadisələrdə də, baxıb görürsən ki, aşağı-yuxarı, bənzərliklər var...
Bu baxımdan bu gün Ukraynada, daha doğrusu, onun çevrəsində baş verən proseslər elə də maraqsız deyil. Cəmi iki gün əvvəl «Krımın Rusiya Federasiyasının tərkibinə daxil olmasına dair müqavilə»nin təsdiqlənməsindən bir il ötdü...
Qərb dövlətləri olaya bir qədər şablon bəyanatla münasibət bildirdilər: onlar bəyan etdilər ki, Krım Ukraynanın tərkibinə qaytarılmayınca Rusiyaya tətbiq edilən sanksiyalar götürülməyəcək.
DİGƏR MÜNAQİŞƏLƏR DƏ BU CÜR İZLƏNİLSƏYDİ...
Amma zahirən şablon xarakteri təsiri bağışlayan bu bəyanatın arxasında, bütün hallarda, əzm də duyulur: Qərb, doğrudan da, Rusiyanı bir il əvvəltəsdiqlədiyi qərarından çəkindirmək istəyir...
Bunun özü də böyük işdir. Digər münaqişələrə münasibətdə, təəssüf ki, belə əzmkarlıq nümayiş etdirilmir. Bu vaxtadək Dağlıq Qarabağ, Abxaziya, Osetiya və Dnestryanı münaqişələrinə görə kimi sanksiyalarla hədələyiblər ki?!.
Sadalanan münaqişələrə münasibətdə həmişə «axımlı formullar»dan istifadə olunub, bu münaqişələrin arxasında dayanan əsas fiquru, iştirakçını görmək istəyi duyulmayıb və bu, haqlı olaraq həmişə gileylərə, narazılıqlara yol açıb...
NAZİR ETİRAF EDİR Kİ, OPTİMİST DEYİL...
Krımın ilhaqının birilliyi günlərində Dağlıq Qarabağ problemi barədə də müəyyən açıqlamalar oldu. Məlum oldu ki, siyasi sazişin imzalanması üçün nəzərdə tutulan işçi qrupunun yaradılmasından Ermənistan birtərəfli qaydada imtina edib...
Bu isə o deməkdir ki, üzücü danışıqlar, bölgəyə «get-gəl»lər hələ bir müddət də sürəcək. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da bildirdi ki, o, prosesin gedişiylə bağlı optimist deyil. Adətən, tərəflər belə açıq etiraflar etmirlər, axı bu halda «Bəs bu vaxta qədər nə edirdiniz?» sayaq suallar meydana çıxar...
Amma proses elə də asan deyil. Yazının əvvəlini Krımla başladıq. Bəlkə də Ukraynanın şərqi ilə bağlı da beynəlxalq təşkilatlar, aparıcı dövlətlər «Ukrayna ilə onun şərqindəki etnik ruslar və yaxud yerli əhali arasında gedən müharibə» kimi yaza bilər, hətta Krıma da eyni prizma və məntiqdən yanaşar, oradakı prosesi «Ukrayna ilə onun Krım bölgəsindəki yerli əhali» arasındakı problem kimi təqdim edə bilərdilər...
Amma xoşbəxtlikdən belə olmadı. Ukraynada Qərb dövlətləri lap əvvəldən Rusiyanın rolunu çox düzgün qiymətləndirdilər. Amma Qarabağla bağlı belə olmamışdı. Elə bir az əvvəldə sadaladığımız münaqişələrlə bağlı da belə olmayıb. Qarabağ problemi ilə bağlı qəbul edilmiş 822 saylı qətnamənin mətnindəki «etnik ermənilər» ifadəsi hələ də yadımızdadır - orada yazılmamışdı ki, Kəlbəcər Ermənistan və ya Rusiya tərəfindən, yaxud onların birgə fəaliyyəti nəticəsində işğal olunub. Qətnamədə tələb olunmurdu ki, Rusiya və ya Ermənistan qüvvələri işğal olunmuş Kəlbəcər rayonundan çəkilsin, orada deyilirdi ki, Qarabağın «etnik erməni əhalisi» işğal olunmuş Kəlbəcər rayonunu qeyd-şərtsiz azad etsin...
BUNU İLK DƏFƏ ANGELA MERKEL ETDİ...
Təsəvvür edin, Qarabağ münaqişəsinin başlanmasından 27 il ötür. Bu müddət ərzində yalnız bircə dəfə Rusiyanın münaqişədəki iştirakına işarə edilib. Onu da bu yaxınlarda Almaniya kansleri Angela Merkel etmişdi. Onun diplomatik vurğulara uyğun şəkildə ifadə edilmiş bəyanatı sanki məlhəm sayıldı və dərhal hər yerdən təkliflər səsləndi ki, qoy Almaniya Minsk Qrupunun üçüncü həmsədri olsun, əgər bu da alınmazsa, heç olmasa, Avropa Birliyi münaqişənin nizamlanmasına cəlb edilsin...
Amma bir detalı da qeyd etmək lazımdır. Təxminən eynitəbiətli münaqişələrə münasibətdə asimmetrik vəziyyətin yaranmasında rəsmi Bakının da günahı var. Rəsmi Bakı bu vaxtadək bir dəfə də Rusiyanın Qarabağ münaqişəsindəki iştirakına işarə vurmayıb. Bakının fikrincə, belə bəyanatlar Rusiyanı daha da aqressivləşdirər və münaqişənin həllini bir az da çətinləşdirər. Amma Qərbi tənqid edirlər. Soruşanda ki, bəs niyə Rusiyanı yox, Qərbi tənqid edirsiniz, qayıdıb deyirlər ki, axı Rusiya bizi tənqid etmir...
Deməli, məsələ heç də Rusiyanın bir az da aqressivləşməsində deyil - qaradan tünd rəng olmaz. Rusiya bundan artıq nə edəcək ki? Məsələ ondadır ki, ölkədə diplomatiya da ilk növbədə hakimiyyətin özəl maraqlarına tabe edilib...
...Sonra da durub deyirlər ki, optimist deyilik...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.