Keçid linkləri

Təcili xəbərlər

İmperiya milli ideya ola bilirmi?


SSRİ bayrağı
SSRİ bayrağı

-

Gözlə

No media source currently available

0:00 0:04:53 0:00
Direct-ə keçid

SSRİ MİLLİ İDEYA KİMİ...

Bəzən ilk baxışda uzaq görünən fenomenlər arasında da əlaqə tapmaq olur. İstənilən xəstəliyin elə mərhələsi olur ki, onu bilmək, duymaq üçün həkim olmaq lazım gəlmir. Cəmiyyət də belədir. Cəmiyyətin halına adekvat diaqnoz qoymaq üçün bir çox hallarda sosioloq olmağa ehtiyac duyulmur.

Biz hələ də Rusiya mətbuatını oxuyuruq. Bəzilərinə bu, bir qədər qəribə gələ bilər, çünki indi çox az adam nəsə oxuyur... Qərəz, Rusiya mətbuatı nə yazır?

Bu günlərdə gözümüzə bir yazı sataşdı. Girişi çox gurultulu idi. Yazırdılar ki, 21-ci əsrdə SSRİ milli ideya ola bilərmi?

Təsəvvür edirsinizmi? Bu, təxminən ona bənzəyir ki, alman mətbuatında «3-cü Reyx milli ideya ola bilərmi?» sualı görünsün. Amma tələsməyək. Keçmiş sovetlərdə, xüsusən də Rusiyada SSRİ üçün nostalgiya həmişə adi hal olub. Buna bir növ alışmışıq.

Amma nostalgiya əhalinin məlum kəsimlərindən gələndə buna təəccüb etmək lazım gəlmir. Öz orden və medallarınıi nümayiş etdirən rusiyalı müharibə veteranlarının, qoca qarıların SSRİ-dən xüsusi şövqlə danışması elə də qəribə hadisə təsiri bağışlamır.

Amma bunu ciddi intellektuallar edəndə adam təəssüf edir. Adama o qəribə gəlir ki, bu adamlar tarixin məntiqi ilə niyə hesablaşmır? Bəli, tarixdə çox imperiyalar olub. Hələ görünməyib ki, onların hansısa identik şəkildə bərpa olunsun...

BÖHRANDAN ÇIXANLAR VƏ ÇIXMAYANLAR

Ən başlıcası isə bilirsiniz nədir? SSRİ-nin mövcudluğunun son illərində bütün sovet məkanı bir siyasi böhran yaşamağa başladı.

İlk baxışda belə təəssürat yarandı ki, hamı bu gerçəkliyi qəbul edir və böhrandan çıxmaq üçün keçid dövrünə qədəm qoyur. Beləliklə, bütün sosialist məkanı keçid dövrünü yaşamağa başladı. İllər keçdi, keçid dövrü bitdi, hamı özünü yeni sosial-siyasi formasiyada hiss etməyə başladı. Bəzi yerlərdə hətta keçid dövrünün bitməsini rəsmən elan etdilər.

Amma indi nə məlum olur? Bəlli olur ki, Rusiya özü hələ də həmin böhrandan çıxa bilməyib, bu ölkə sovetlərdən fərqli sosio-kulturoloji mərhələyə adlamağı bacarmayıb.

Rusiya kommunistləri 1917-ci il inqilabının ildönümünü qeyd edirlər - 2011
Rusiya kommunistləri 1917-ci il inqilabının ildönümünü qeyd edirlər - 2011

Böhrandan çıxsaydılar, başqa sistemə birdəfəlik keçsəydilər, hələ də «SSRİ! SSRİ!» deyə bağırmazdılar. Ona görə də Rusiya üçün hələ də böhran mərhələsi və keçid dövrü bitmiş hesab edilə bilməz.

Bu ölkənin ictimai fikri hələ də xəstə adamın sayıqlamalarını xatırladır. Bu ölkədə hələ də «milli ideya», «tarixi missiya» haqqında danışırlar və «Rusiyanı dizləri üstündən qaldırmağa», yenidən «vahid və bölünməz Rusiya» yaratmağa çalışırlar. Bu «ideyalar»ın hamısı isə barıt qoxuyur.

Ən əsası isə odur ki, bütün bunlar hansısa idealist nəzəriyyəçinin təxəyyülünün məhsulu deyil, Rusiyada bunun üçün həm də nəsə edirlər. Gah MDB yaradırlar, gah Gömrük Birliyi qururlar, gah da Avrasiya İqtisadi İttifaqı təsis edirlər.

BÜTÜN SLAVYANLAR RUSİYANI SEVİRMİ?

Hər bir xalqın folklorunda və mifologiyasında, kültüründə onun milli-etnik obrazı həkk olunub. Amma indi durub bunun mahiyyətinə varmaq fikrində deyilik. Bu həftə, iyunun 25-də Rusiyada slavyanların dostluq və birlik günü qeyd edilirdi. Amma bir görək, Rusiyanın heç olmasa slavyanları birləşdirmək gücündə olan ideyası varmı?

Bu gün slavyan Ukraynası Rusiya ilə vuruşur. Polyaklar və çexlər Rusiyaya nifrət edir. Amma Rusiya bunun fərqində deyil. O, indi slavyanları hesablayır. Onların 270 milyon nəfər olduğunu böyük fəxarətlə deyirlər. Nə olsun ki, 270 milyondurlar?

Hamı qloballaşmanı pisləyir. Amma qloballaşmanın bəzi tezisləri Rusiya əhalisinin milli mentalitetini azacıq da olsa dəyişmək üçün lap məlhəm ola bilərdi. Bəli, insanların özlərini az qala bəşəriyyətin bir hissəsi, vətən kimi isə Yer kürəsini hesab etdiyi vaxt onlar hələ də slavyanları sayırlar!

Tarixin qanunları olmasa da, bir məntiqi var. Bu məntiqlə hesablaşmaq lazımdır. Bir çaya iki dəfə girmək olmur. Üstəlik, hər şey axır, hər şey dəyişir.

Bişkekdə kommunistlərin aksiyası - 2013
Bişkekdə kommunistlərin aksiyası - 2013

TƏRƏQQİYƏ İNANLAR VƏ İNANMAYANLAR

Dəyişməməklə, necə varsa elə qalmaqla, öyünmək də bir şey deyil. Bütün insanları iki böyük ideoloji qrupa ayırmaq olar: tərəqqiyə inananlar var və bir də ona inanmayanlar.

Belə nəticə hasil olur ki, Rusiyada tərəqqiyə inanmırlar. Əks təqdirdə keçmişdə ilişib qalmazdılar, irəli gedər, gələcəyə inanardılar. Rusiyanın indiki durumu göstərir ki, bunlar keçmişi unuda bilmirlər. Bu məntiqlə gərək italyanlar Roma imperiyasını, yunanlar Spartanı və Makedoniyanı, türklər də Osmanlı imperiyasını qaytarmaq haqqında düşünəydilər.

Rusiyada SSRİ-nin elmi-texniki qüdrətini qaytarmaq haqqında düşünsəydilər, hətta bunu da müəyyən mənada başa düşmək olardı. Amma orada SSRİ-nin özünü qaytarmaq haqda fikirləşirlərlər. Təsəvvür edirsinizmi?

Bu, o deməkdir ki, böhran böhranlığında qalır, Rusiyanın fərqli bir mərhələyə etibarlı keçidi haqda danışmaq hələ yersizdir. Tərəqqi və ona inam isə yoxdur. Demək gələcək də yoxdur, çünki inam olmayan yerdə yeni heç nə yaranmır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG