Keçid linkləri

Təcili xəbərlər

Bələdiyyə seçkilərinin nəticələrinə bələdçilik


Kabildə səsvermə, 20 avqust 2009
Kabildə səsvermə, 20 avqust 2009
AZƏRBAYCAN, ƏFQANISTAN – NƏ FƏRQİ?

Vaxtilə Brejnev Azərbaycanı Əfqanıstanla səhv salanda, bunu baş katibin qocalığının ayağına yazdılar.

Amma indinin özündə də xaricdə Azərbaycanı tez-tez Əfqanıstanla səhv salırlar. Özü də yaşından asılı olmayaraq - qocası da, cavanı da.

Orta Azərbaycanlı üçün Tayvanla Honq-Konqun, Banqladeşlə Şri-Lankanın fərqi nədirsə, onlarçün də Azərbaycanla Əfqanıstanın.

Avropa əhli Azərbaycanla az maraqlanır, Əfqanıstanı isə ona görə tanıyırlar ki, 30 ildir bu ölkədə silahlar susmur.

XƏBƏRİN VAR?

Partlayış və qanlı toqquşmalar haqqında gələn xəbərlər o qədər çoxdur, elə tezliklə daxil olur ki, adama hərdən elə gəlir, əsl maraq doğuran Əfqanıstan xəbəri təxminən belə səslənməlidir:

Bu gün Əfqanıstanda heç bir silahlı toqquşma baş verməyib, ölən və yaralanan olmayıb...

Bununla belə, Əfqanıstanda prezident seçkiləri keçirilir. Səslər sayılır, saxtakarlıq qeydə alınır, nəticələr ləğv edilir. 2-ci tur keçirilir.

Əfqan seçkiləri haqda gələn xəbər seli içində biri mənim diqqətimi cəlb etdi.

SENSASİYA

Bu seçkiləri boykot edən «Taliban» adamların seçkidə iştirakını əngəlləmək üçün haradansa səsvermə məntəqəsində barmağa vurulan mürəkkəbdən əldə edib. Yolda avtobusları saxlayıb seçki məntəqəsinə gedən adamların barmağına işarə vurublar.

Daha çox odlu silah və partlayıcı maddələrin dili ilə danışan «Taliban»ın bu addımı sensasiya sayıla bilərdi.

Ən azından ona görə ki, Əfqanıstanda hətta «Taliban» seçki komissiyalarına etibar edir, bilir ki, barmağı mürəkkəbli adamı məntəqəyə buraxmayacaqlar, istəyir lap həzrəti Əliyə səs vermək niyyətində olsun.

SAĞ ƏLİNİZ SEÇKİ MƏMURLARININ BAŞINA

Bələdiyyə seçkiləri ərəfəsində adam istəyir desin, sağ əliniz Azərbaycanın seçki məmurlarının başına. Onlar «Taliban»ın fırıldağına ancaq gülərdilər. Barmaq nədir, baxmaq nədir...

Siz necə qarşıdan gələn bələdiyyə seçkilərinin nəticələrinə indidən bələdçilik edə bilərsiz?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG