Keçid linkləri

Təcili xəbərlər

TEST: HÖVSƏLƏNİ SINAQDAN KEÇİR


Hörmətli oxucu, bu yazını oxuma!!!

Çünki bunu yazmaqda məqsədim sadə bir təcrübə aparmaqdır – bir yazar 15 dəqiqəyə nə qədər mətn istehsal edə bilər?

Odur ki, elə bəri başdan məsləhət görürəm, BU YAZINI OXUMAĞA DƏYMƏZ...

İLK 5 DƏQİQƏ

Deyəsən, oxumağa davam edirsən axı?

Sənin tərsliyinə hörmət olaraq qeyd edim ki, 15 dəqiqə ilə əli-qolu bağlanan mirzənin yazacağı mətndə nə informativ, nə bədii, nə fəlsəfi nə də başqa məzmun tapmaq olmaz.

Ona görə də təklif edirəm ki, buradaca yazımı oxumağa som qoyasan, əziz oxucu.

Bu cür yazıların məna yükü heç vaxt mətni özündə daşıyan kağız parçasından ağır gəlməz.

Hələ də oxuyursan?

Dedim axı, bu yazıda oxunulası heç nə yoxdur, rica edirəm O-XU-MA bunu!

Amma, eksperimentim davam edir.

İndicə başa düşdüm ki, fikirlərin mətnə çevrilməsi əvəzinə zamanla yarışa çıxmaq mənaslız olduğu qədər də ÇƏTİNDİR.

Davam etmək naminə ağlıma gələn fikir də elə bu vaxt darlığının özünü təsvir etməklə orijinal bir ZAMAN-MƏKAN konstruksiyası qurmaq oldu.

Məsələn, mövcud düsturlara müraciət edək: “NAĞIL DİLİ YÜYRƏK OLAR”. Elədirmi?

Əgər hələ uşaqlıq illərindən oyrəncəli olduğumuz bu “yüyrəklik” on illəri bircə dəqiqəyə qət etmək gücündədirsə, qorxuram mənim 15 dəqiqəlik təcrübəmə uyğun gələn təfsir-zaman vahidini ASTRONOMLARDAN borc alaq.

6-10-CU DƏQİQƏLƏR

Nə tərs adamsan! Müəllif səndən xahiş edir ki, yazını oxuma, sənsə əl çəkmirsən bu mətndən...

Harada qaldıq? Hə, nağıl dilinin sürətindən danışırdıq.

Belə çıxır ki, ağlıma səyahət edən ilk ideya məni düşdüyüm vəziyyətdən çıxarmaq əvəvzinə, ümid etdiyim çıxışın əksi istiqamətinə yönəldib dalana dirədi.

Sonra da deyirlər ki, guya ZƏRURƏT ƏQLİ GÜCLƏNDİRİR...

Yuxaridaki mətnə həsr etdiyim dəqiqələrin təcrübəsinə əsaslanıb gələcəkdə mənim kimi eksperiment aparmaq istəyənlərə bir məsləhət verim. Zaman məngənəsində ortaya çıxan yazının özünəməxsusluğu adama diqtə edir ki, mövzunu seçməzdən əvvəl gərək bir şeyi müəyyən edəsən.

MİRZƏLİK OVQATIN HANSI AHƏNGDƏDİR?

Giley və ya rişxənd notlarına sazlanmısansa, yaxşısı budur dostlarından, ya elə özündən yazasan. Hər halda, zəhlən gedən nəsnələrdən yazmağına dəyməz. Çünki 15 dəqiqəyə yazdığın tənqid və ya sarkazm çətin ki, ürəyindən tikan çıxarmağa macal tapsın.

Yox, əgər İLHAM pərisi peysərindən yapışıb kiməsə tərif döşəməyi tələb edirsə, məncə könlünə yatan adamları yada salmağına belə dəyməz. Məddahlıq zaman tələb edən bir fenomendir. Qurduğun cümlələrdəki “dahi”, “müdrik”, “görkəmli”, “istedadlı” və sair sifətlər arasındakı vergüllərin ancaq yazılmasına ən azı bir litr mürəkkəb (oxu - bir printer katrici) işlətməyin lazım gələ bilər.

Odur ki, nəyi qoyub, nəyi axtarısan. Çünki mənim BİSMİLLAH macalından belə məhrum olan bu yazıma ayrılan 15 dəqiqənin 5 dəqiqəsi də belə getdi. TƏRS ADAM, sənsə hələ də oxuyursan.

Heç bilmirəm nədən daha çox yoruldum, sənə “oxuma” deməkdən, yoxsa dəqiqələrlə bəhsə girməkdən.

SON 5 DƏQİQƏ

Yerdə qalan zaman XƏMSƏSİNDƏN səmərəli istifadə etmək üçün hikmət dolu bir çümlə yazmaq könlümdən keçdi.

Elə bir cümlə ki, həm dərin məna daşısın, ən başlıcası isə bu fikir indiyə qədər heç bir bəni-insanın ağlına gəlmiş olmasın. Yoxsa, axı necə alınır: əziyyət çəkib nəsə fikirləşirsən, sonradan məlum olur ki, hansısa firəng mütəfəkkir səni bir-neçə yüz il qabaqlayıb.

Beləliklə, son saniyələrlə mübarizə apararaq yazıram:

BOŞ BAŞLA DOLDURULAN YAZI KAĞIZI BOŞ YAZI KAĞIZI VASİTƏSİLƏ BAŞI DOLDURMAQDAN QƏTİYYƏN FƏRQLƏNMİR.

Elə ona görə də 15 dəqiqədir boğazımı cırıram ki, oxuma bu yazını!

Ömrünün dəqiqələrinə beləcə daş salıb bu cəfəngiyyata sərf elədiyinə görə səndən dönə-dönə üzr istəyirəm.

Əgər bura qədər oxumusansa, deməli, əziz oxucu, bu günahı mənimlə yarı bölə bilərsən.

Digər tərəfdən isə ŞƏR DEMƏSƏN XEYR DƏ GƏLMƏZ. Təsəüvvur elə, mənim bu yazım “bir saatlıq...”, ya “bir günlük...” və ya hətta “BİR HƏFTƏLİK” yazı da adlana bilərdi.

Yaşamaq o qədər də pis deyilmiş, dostum. HƏYATI DƏQİQƏLƏRLƏ ÖLÇƏNDƏ NECƏ DƏ UZUN GÖRÜNÜR!

XS
SM
MD
LG