Deməli, bugün oxuyuram ki, aprel ayında New-York birjasında Teslanın bazar dəyəri 50 milyard dollar olub. Bu rəqəmlə Tesla ilk dəfədir ki, iki böyük avtomobil nəhəngi Ford və GM-i geridə qoyub. Ford keçən ili 152 milyard dollar (10 milyard dollar qazanc), GM isə 166 milyard dollar dövriyyə (9 milyard qazanc) ilə bağlayıb hərəsinə 6.6-10 milyon avtomobil istehsal ediblər. Tesla isə keçən il cəmi 76 min avtomobil istehsal edib. Yüksək satış rəqəmlərinə baxmayaraq Tesla innovasiya və daha sağlam, ekosistemə faydalı olduğuna görə və eyni zamanda bir çox patentlərin gələcəkdə böyük dəyərə sahib ola bilmə ehtimalına görə real dəyərindən qat-qat artıq qiymətləndirilir.
Bunları niyə yazıram. Biz adətən ABŞ-da və Avropada, inkişaf etmiş ölkələrdə olan bu cür innovasiyalarla tanış oluruq. Sonra da əlimiz-qolumuz yanımıza düşür. Təklif edirəm ki, ümumiyyətlə yenilikləri çox oxumayaq. Xeyrindən çox ziyanı var. Baxırsan ki, adamlar çox qabaqdadır, bilmirsən nə edəsən, hardan başlayasan ki, Allaha da xoş getsin. Oxuyursan olmur, oxumursan da nəsə çatmır. Yəni adamlar yumşaq desək çox irəlidədir. Bu isə belə görürəm ki, bizə motivasiya əvəzinə daha da ziyan verir.
Konkret bu misalda götürsək, orta statistik bir az oxumuş azərbaycanlı eşidir, oxuyur ki, daha dünya elektrikli avtomobillərə keçid edir, başlayır o haqda düşünməyə. Vaxt sərf edir, nə bilim bir az pul qoyur batırır, xaricə gedir-gəlir və s. Biri də çıxır nəsə elektirklə işləyən maketcik düzəldir, Xəzər TV də gəlib çəkir, “Azərbaycanlı balası ev şəraitində xxx düzəltdi” başlığı ilə verir efirə. Di gəl ki, hələ düzəməlli ənənəvi avtomobili özümüz istehsal edə bilmirik. Qərb kosmosda nə bilim nə tapır, o saat uşaqlarımız böyüklərimizə qarışıb kosmonavt olmaq istəyir. Ay qardaş, birinci hələ yerdə düzəməlli gəzməyi öyrənmək lazımdır. Hamının illərlə getdiyi yolu sən qısalda bilərsən, amma yox edə bilməzsən. Yatıb səhər şərti kosmonavt doğulmaq, kosmonavt olmaq olmur, ataş.
Sözü qoyub sözə keçirəm. Qoy fikrimi bir az da əsaslandırım. O gün qida sərgisindəyəm, parnik sistemləri düzəldən bir stendə yaxınlaşdım, başladım maraqlanmağa. Mən də həmyerlilərim kimi eşitmişəm ki, bu işdə yaxşı pul var. Nə başınızı ağrıdım, kişi ilə 1 saat söhbət edəndən sonra fikrimdən vaz geçtim. Deməli, adamlar pomidor işini küçədən “ştuçnu” siqaret almağa döndərib. Ürəyin nə istəyir, necə istəyir proqramlaşdırırsan, o tərəfdən istədiyinə uyğun pomidor çıxır. Adamlar torpağa heç nə əkmədən yerin üstündə qurulan xüsusi torf və s. nə bilim nələrləsə 1 tağdan 25 kilo pomidor alırlar. Pomidoru balaca uşaq ediblər elə bil, kişi deyir ki, özü nə çatışmayanda o saat sistemə xəbər verir, yəni “ağlayır”. Deməli, bu qardaş həvəslə danışdıqca bilmədim ki, bu texnologiyanın hardan əmələ gəldiyini, necə işlədiyinimi düşünüm, yoxsa nə qədər əksəm nə qədər qazanaram hissəsini. Axırda belə qərara gəldim ki, əgər bunun texnologiyasını başa düşmürəmsə, “voobşe” əkmirəm, istəmirəm. Yadıma düşdü ki, bağda keçən il pomidor əkmişdik, bir sezon suladıq, heç nə çıxmadı.
Bu misalı niyə çəkdim onu da deyim. İndi tutaq ki, mən adi qayda ilə pomidor əkdim, yetişdi, yığdım satdım. İçində texnologiya olmadıqca, mən heç vaxt 1 tağdan 25 kilo ala bilməyəcəm axı. Ümumiyyətlə nə etsəm də maksimum qərbə çatacam, qərbin mənə satdığı avadanlıqlarla qərbi ötüb-keçəcəm demək sadəlövhlük olardı. Niyə? Çünki məndə texnologiya yoxdu. Niyə? Çünki mənim təhsil sistemim son onilliklərdir ki, yüksək texnologiya yaradan, nə isə kəşf edən tip yarada bilmir. Dünya da yerində durmur ey, hər gün dəyişir. Elə bil düşmən üstünə bıçaqla gəlir, sən də əliyalın. Gedirsən ki, bıçaq düzəldəsən gəlib vuruşasan, qayıdırsan ki, düşmən əlində avtomat səni gözləyir. İndi get bir reys də avtomat düzəlt, görüm bacaracaqsanmı. İfadələri obrazlı deyirəm ki, əmin olum ki, fikrimi izah edə bilirəm.
İndi da hamılıqla düşmüşük əkin-biçinin üstünə. 2 il əvvəl saytda elan verib rayondakı evinə pulsuz qalmaq istəyən adam axtaran Lətif dayı qayıdıb öz kəndinə əkin-biçinlə məşğuldur. Olsun, inanın ki, bu çox faydalıdır. Ona görə faydalıdır ki, məşğulluq yaradır. Bəlkə də dəyər yaratmır, amma məşğulluq 100% yaradır. Hamının başı qarışır. Texnoloji yeniliklərdən çox istifadə edə bilməsə də Lətif dayı öz gündəlik ehtiyaclarını az-çox qarşılaya bilir. Devalvasiyadan sonra camaatın “nəsə eləmək” istəyinə dəstək olmaq lazımdır. Burada dəstək olmaq həm mane olmamaq deməkdir. Dəstək olmaq = mane olmamaq. Hamı nəsə edib öz başının çarəsinə baxacaq, amma bu üsullarla milyonlar qazanmaq olmayacaq. Oturub gözləsək ki, qısa müddətdə kənd təsərrüfatında öz sözümüzü deyəcəyik yanılarıq. Bu işlər qısa müddətdə olmur.
Camaat özü-özünü saxlayacaq. Əvəzində isə maksimum gücü təhsilə vermək lazımdır. Ən reytinqli universitetlərə tələbələr göndərməliyik. Qoyun ən gözəl təhsil alsınlar, yaxşı nə var öyrənsinlər. Onlar oxuyub gələnə kimi, daxildə inkişaf üçün münbit şərait yaratmalıyıq. Kiçik sahibkarlığa maksimum dövlət dəstəyi göstərib vergi yüklərini yüngülləşdirməli, hər şeyi “asan”laşdırmalıyıq. 20 ildir ölkədə bank sektoru kredit verməkdən başqa bir şey etməyib. Heç olmasa indi əsl bankçılıq, müştəriyə özəl, şirkətlərə, sektorlara özəl məhsullar çıxararlar bəlkə. Xaricdə yaşayan intellektual gənclərin, eyni zamanda oxumağa gedənlərin geri qayıtmasını stimullaşdırmaq üçün daxildə insanların bir çox məsələlərə güvənini bərpa etmək, möhkəmləndirmək lazımdır. Bu bank sisteminə olan güvəndir, hüquq sisteminə olan güvəndir, insanların bir-birinə olan güvənidir və s.
Qonşu Türkiyəni bəyənmirik. O gün oxuyuram ki, Türkiyədə 20 yazarın kitabı bir yerdə keçən il 84.3 milyon liralıq satış edib. 2016-cı ildə bu 20 yazarın 2.5 milyon ədəd kitabı satılıb. Yazarların gəliri isə 14.2 milyon lira olub. Məsələn, Elif Şafakın “Havvanın 3 kızı” romanı 2016-da 275000 tirajla 7.9 milyon liralıq satılıb. Müəllif burdan bir ilə 1.8 milyon lira qazanıb. Bizim pulla hardasa 870 000 azn. “Qırmızı saçlı kadın” romanı ilə 330 min ədəd satış edən Orhan Pamuk isə 1.4 milyon lira qazanıb, yəni 675000 azn. Aya 56 min (o saat kalkulyatorda 12-yə böldüm). Bu arada qısa haşiyə çıxım ki, Türkiyədə yazar kitabın satış qiymətinin 10-20%-i araığında qonarar alır. Bir tək Pamuk nobelli olduğu üçün satışın 25%-ni alırmış. Azərbaycanda da hardasa elə 10-15% civarıdır, amma kitablar yüksək tirajla oxunmur. Bizdə də yazar kitabını çap etdirməyə imkanı çatmır. Bir səbəb güclü əsərlərin olmamasıdırsa, digər və ən əsas səbəb oxumamağımız, mütaliə etməyi tərgitməmizdir. Halbuki mütaliəli insan ağzını açan kimi bilinir, onunla həmsöhbət olmaq ləzzət edir.
Əziz dostlar, insanoğlu hər çətinliyə sinə gərə bilir. Sinə gərənlərlə tarix ağzına kimi doludur. Açıb baxırsan, oxuyursan ki, oxumaqla gəliblər buralara. Ancaq təhsilə olan yatırımla ən yaxşı məhsullar da yetişdirərik, ən intellektual kadrlar da. Bu yolda hər itirilən gün bizi həndəsi silsilə ilə geri atır bəlkə də. Neçə yüz il Osmanlı çapı yaxına buraxmadı, nəticədə kim itirdi ortadadır. Olan təhsillilərimizin qədrini bilək və daha çoxunun yetişməsi üçün şərait yaradaq.
Bəs Sizcə, bugünün şərtlərində orta statistik bir az oxumuş azərbaycanlı nə etməlidir?!
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.