Anti-fərdi inkişaf hərəkatı

Michel Foucault

"O, yeddi göyü təbəqə-təbəqə yaradandır. Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görə bilməzsən. Bir dəfə də bax! Bir çatlaq (və nizamsızlıq) görürsənmi? Təkrar-təkrar bax; baxışların (axtardığı çatlaq və nizamsızlığı tapa bilməyib) zəif, bitkin şəkildə yenə də sənə tərəf qayıdacaqdır. "

Mülk 3-4, Quran

Some of them want to use you/ Some of them want to get used by you.
Bəziləri səndən istifadə etmək istəyir/ Bəzisi sənin tərəfindən istifadə olunmaq.

Sweet Dreams, Eurythmics

Taksi sürücüsü deyir ki, məndən yaxşı oxuyanı yox idi, sonra məktəbimi dəyişdirdilər acığa düşdüm oxumadım, nə elədim özümə elədim. “Bax keçən... Keçən deyəndə müsəlmanın keçəni, danışıram sənə 2013-cü ildən. BP iş elanı yayımladı. Getdim qeydiyyatdan keçdim, bir ingilisin maşının sürəcəyəm, evdən işə-işdən evə, nə isə, sağlıq arayışı, sürücü vəsiqəsi, şəhəri tanıyırammı sorğu-sualı zad, ora-bura, başladım işə. İlk gün getdim bu ingilisi evdən götürməyə, başladı nəsə söyləyir, mən də nə qanıram. Çağırdılar şirkətə, dedilər yığışdır şələ şüləni yeri get, dedim ala, təzə başlamışdım ki, dedilər əşşi adam sənə yarım saata gedəcəyi yeri başa sala bilməyib, dedim danışa-danışa öyrənəcəm də.

Yığışdım gəldim “28”-ə, oturdum bir çayxanada, gördüm qabaqda yazıblar İngilis dili, kursdu, getdim soruşdum nə məsələdi, dedilər öz müəllimlərimiz də var, xarici də, hansını istəyirsən seçirsən, pillə-pillə keçirik. Dedim ala özümüzünkülər... Üç ay getdim, aldım sertifikatımı getdim BP-yə, dedim ala, bu da sizə İngilis dili, dedilər o iş gedib artıq amma başqası çıxsa ilk səni çağıracıq, dedim noolar, gəldim kursa, üç ay da davam elədim, bir yandan oxuyurdum, o yandan bu xarici müəllimlərin maşının sürürdüm, “Bakı Dövlət”də, orda-burda dərs deyirdilər həm də, mən aparıb gətirirdim. Listening, Writing, qrammatikasına qədər öyrənmişdim. O vaxt Ruscanı da hələ belə... öz başıma... Sözüm onda yox... ”

BİYOİQTİDAR

...çox çalışmağın bir vəzifə olduğunu aşılayan əxlaq normu işləmənin arzulanan bir şey olduğu fikrini beynimizə hopdurdu. Saatlarca işləməyi təbii qarşılamağımız əksəriyyətlə bu sistemdən bizə qalan vərdişdir.

İşləmək arzu duyulan bir şeydirmi sualına Bertrand Russell birmənalı şəkildə qarşı çıxırdı. Ona görə də çalışmaq sadəcə əxlaqi vərdişdir. Sivilizasiyanın başlanğıcından Sənaye İnqilabına qədər qadın, uşaqların da əməkləri daxil edilərək insanlar məcburi ehtiyaclarından ancaq bir miqdar çoxunu istehsal edə bilir və bu da vergi olaraq alınırdı. Bu qədər uzun müddət davam edən bir sistem, çox çalışmağın bir vəzifə olduğunu aşılayan əxlaq normu işləmənin arzulanan bir şey olduğu fikrini beynimizə hopdurdu. Saatlarca işləməyi təbii qarşılamağımız əksəriyyətlə bu sistemdən bizə qalan vərdişdir. Foucault isə eyni suala “biyoiqtidar” deyə cavab verərdi.

Biyoiqtidar termini fransız filosof Michel Foucault tərəfindən subyektin bilik və iqtidarla olan əlaqəsini araşdırarkən ortaya atılıb. Foucault bu termini College də France'dakı dərslərində istifadə edir, yazılı olaraq isə ilk dəfə “Cinsəlliyin Tarixi” (Histoire de la sexualité I: La volonté de savoir) adlı kitabında görünür. Termin tam mənada "bədənlər üzərinə qurulan iqtidar"dan bəhs edir. Biyoiqtidar bir iqtidar texnologiyasıdır. Bu siyasi texnologiyanın fərqləndirici xüsusiyyəti cəmiyyətin nəzarət olunmağına icazə verməsidir. Foucault biyoiqtidar sayəsində iqtidarın yeni bir prosesə girdiyini ifadə edir. Mütəfəkkirin intizam cəmiyyəti və tənzimləyici idarələr adlandırdığı texnologiyalar sayəsində iqtidar tək-tək bədənlərdə var olur, tək-tək insanlara hökm edir və beləcə (kobud bir dillə) hər fərdi bir polis halına gətirərək iqtidarı xaricdən içəriyə deyil, içəridən çölə doğru yayır.

GİLYOTİNİ ƏVƏZLƏYƏN İŞDƏN ÇIXARMALAR

Feodal cəmiyyətdə idarəçilər xalqdan əlahiddə bir şəkildə iqtidarı əllərində tuturdu və insanlar da bu rəhbərliyə boyun əymək məcburiyyətində idilər. Müasir dövlətlərdə isə onları xalqın səsi təyin etməyə başladı. Yəni, xalq idarəçilərə bilərək özlərini idarə etmə haqqı verdi və onlar da ayrı-ayrı bütün insanları təmsil haqqına sahib oldular. Bu da iqtidarın yalnız dövlət mexanizmi mənasını aşaraq müxtəlif qollara bürünməsini təmin etdi və iqtidar bütün barmaqlarıyla əhaliyə nəzarət etməyə başladı.

Məqsəd itaətkar, qaydalara, nizama, onu əhatə edən nüfuza boyun əymiş və daxilən mənimsəmiş bir fərd yaratmaqdır.

Foucault deyirdi ki, 18-ci əsr qədər cəzalandırma şəkilləri vəhşiliyə varan şiddət nümayişləri şəklində idi. Hökmdar yaşadır ya da ölmə haqqı verirdi. Zamanəmizdə isə bu insan davranışlarını tənzimləmə şəklinə çevrilib. Yəni, onları intizama dəvət edərək, iş saatları içində istəniləni etdirərək... Fərdin davranış formları bu şəkildə islah edilib. Köhnə müdaxilə vasitələri – dar ağacları, qızğın kəlbətinlər, dəri soymaq, şaqqanaq etmək, gilyotin, qaynar yağlar və s. - yerini nizamlı tədbirlər, səssizlik, hörmət və düzgün vərdişlərə buraxıb. Məqsəd itaətkar, qaydalara, nizama, onu əhatə edən nüfuza boyun əymiş və daxilən mənimsəmiş bir fərd yaratmaqdır. Statistika elminin ortaya çıxışı da bədənlərin güclər cəmi olan əhalinin nəzarətinə dair səylərin nəticəsidir. (Sir Alex Ferguson`un dediyi kimi, “Statistika mini ətəkdir, çox şeyi göstərir, əsas şeydən başqa”.) Məhz, bu səylər nəticəsində kütlələrin nəzarəti mümkün qılınıb.

Foucault'ya görə qərb cəmiyyətində bədən iqtidar münasibətləri şəbəkəsinə daxildir, çünki '' istehsal forması gərəyi bədən əmək gücünə çevrilməli və istehsal gücü olaraq istifadə edilməlidir ''. Bunun üçün lazımi itaatkarlık isə yeni intizamçı iqtidar tərəfindən bədənin əhatəyə alınması ilə əldə edilir. Xülasə, biyoiqtidar bir normallaşma cəmiyyəti meydana gətirir, fərdləri norma uyğun gəlməyə məcbur edən, onları normallaştıran bir cəmiyyət. Bəs bunu necə edir? Hazırca kökə taparaq.

QANUN-i TƏBABƏT

İqtidarın bunu reallaşdırarkən istifadə etdiyi ən təsirli üsullardan biri hüquqdur. Qanunlarla insan davranışlarının çərçivəsi çəkilir. İkinci vasitəsi isə tibdir. İqtidar özünə dəlilik, cinsəllik və cinayətkarlıq kimi anlayışlar əsasında təcrid subyekti yaradır. Çünki iqtisadi sistemin işləməyi üçün təcrid olunma ehtiyacı vardır. Əmək gücünə yararsız olan gərəksizdir. İqtidar özünə ən kiçik bir ziddlik istəmir və bunu vaxt keçdikcə cəmiyyətin tələbi kimi yansıdır. İnsanlar 'normallaşaraq' özlərini etibarlı hiss edirlər. Məsələn homoseksuallıq... 1870`lərdən əvvəl şəxs kim olursa olsun, kimlə cinsi münasibət yaşayırsa yaşasın, o şəxsin özünü homoseksual olaraq görməyi mümkün deyildi. Çünki homoseksuallıq deyə bir şey yox idi. Lakin homoseksuallıq fərqli psixologiya malik insan olaraq müəyyənləşdiriləndən sonra bir xəstəlik, günah və cinayət olaraq görülməyə başlandı. Foucault'ya görə subyektiv kimlik çeşitliliyi nə qədər artarsa, iqtidar hökmünü üzərimizdə o qədər etimadla davam etdirər.

İqtidar eyni zamanda hökm etdiyi bədənlər üçün müxtəlif məkanlar yaradır və insanları orada qapalı saxlayır. Foucault dəlixanalar, məktəblər və həbsxanaların eyni məntiqlə qurulduğunu iddia edir.

İqtidar eyni zamanda hökm etdiyi bədənlər üçün müxtəlif məkanlar yaradır və insanları orada qapalı saxlayır. Foucault dəlixanalar, məktəblər və həbsxanaların eyni məntiqlə qurulduğunu iddia edir. Dəlixanalar dəliləri, məktəblər şagirdləri və həbsxanalar də günahkarları normallaşdırır. Memari formlarına belə diqqət yetirsək uyğunluğu sezmək mümkündür. Şagirdlər hər gün ən az 6 saat məktəbdədirlər. Beləcə insanların boş qalıb düşünməyə və özlərini reallaşdırmağa ayıracaq vaxtını və əməyini iqtidar meydana gətirdiyi məkanlarda istismar edir. Bu nöqtə də Foucault bilik və iqtidar əlaqəsinə fərqli bir ölçü qatır. 3D-yə çevirir: “Bilik özgürləşməyin qarşısını kəsməkdə, insanları adlandırmaqda, nizama soxmaqda və intizam etməkdədir”. Çünki biliyi istehsal edən elə iqtidardır. Bizə məktəblərdə nə öyrənəcəyimizi, öyrəndiyimiz şeylər haqqında nə düşünəcəyimizi öyrədildiyi kimi.

BİYOİKTİDARA ANTİBİYOTİK

Ən dəhşətlisi odur ki, bütün bunlar norma kimi qəbul edilir, çox adi qarşılanır. Çağımızda sürətli və praktik yaşamağın labüdlüyünü hamımız bilirik. İstehlakı istehsal zəruri edir. Fast-food da yeyirik, fəqət gözəl olduğumuzu və estetikanın təməlində zəriflik dayandığını da heç düşünmədən bilirik. Sonra dieta mütəxəssizləri, idman salonları ortaya çıxır və ortalama insan fiquru yaradılır. Kateqoriyaya düz gəlməyən əyriliklərimizi düzəltməyə təhrik olunur, ya da bunun əksikliyini (və ya artıqlığını) üzərimizdə yük kimi gəzdiririk. Taksi sürücüsünün hərəkəti nə qədər bizə uğur hekayəsi kimi gəlsə də, məcbur qaldığı elə bu formalaşmanın doğramacıdır. Fərdi inkişaf kitabları milyoner olmağın, milyondan vaz keçib təbiətə sığınmağın, biznesdə nailiyyətlərin yolunu, pulun əhəmiyyətli olmadığını, əsl azadlığın içimizdə olduğunu, heç bir şeyi içimizdə tutmamağı və bunun kimi ziri zibil vədlər verir. Başqa nə təvafütü olacaqdı ki? Foucault`un əlacı olsa öz başına sürtərdi.

...filankəsin düzgün bir həyatı yoxdur deyəndə nəzərdə tutulan ölçülər nələrdir? Cəfəng qəliblərin olduğu, oxu, məzun ol, hərbi xidmətə yollan, iş tap, ev al, maşın seç, evlən, evi arvadın üstünə keçir, uşaq dünyaya gətir, burnunun suyunu sil, təqaüdə çıx...

İqtidar iqtidardır, hər hansı spesifik bir hakim partiya, şəxs, Trudeau deyil. Foucault iki cür subyektdən bəhs edər. Birincisi ritorikanın məhsulu olan subyekt, ikincisi isə özünü reallaşdırma potensialına sahib subyekt. İkinci növ subyekt normallaşan cəmiyyətin və iqtidarın qarşısındadır. Üzr istəyirəm, filankəsin düzgün bir həyatı yoxdur deyəndə nəzərdə tutulan ölçülər nələrdir? Cəfəng qəliblərin olduğu, oxu, məzun ol, hərbi xidmətə yollan, iş tap, ev al, maşın seç, evlən, evi arvadın üstünə keçir, uşaq dünyaya gətir, burnunun suyunu sil, təqaüdə çıx, səhər oyan, işə get, gəl, tualetə gir, yat, səhər oyan, dəyişiklik edib kinoya get, gəl, tualetə gir, yat, səhər oyan... Budur düzgün həyat prinsibi? Hansı meyara görə müəyyənlişdirilib bu düzgünlük? Ala nəyə görə düzgündü, kimə görə düzgündü i.s.,?

Bir dostum yazılarıma nəzər yetirdikdən sonra “elə bu da fərdi inkişafdı ki” deyə şərh etməsinə çox üzüldüm. Sonra düşündüm, bəli, bir fərqlilik yaratma, yol göstərmə ehtiva edir. Amma anti-fərdi inkişaf şəklində. Mən uğur qazanmağın yollarını öyrənmədən öncə özümüzü nə üçün həlak etdiyimizi dayanıb düşünməyi təklif edirəm. Ancaq sistemin həqiqi üzünü anladıqdan sonra səylərimizin müvəffəq olduğunu ölçə bilər, uğursuzluğa məna verə bilərik.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.