Siyasətə gələnlər nəyi bilməlidir?

Əbülfəz Elçibəy və Heydər Əliyev

-

HƏR ŞEYDƏN ƏVVƏL...

Yenicə siyasətə gələn gənc hər şeydən əvvəl nəyi bilməlidir? O gənc ömrü boyu nəyi öyrənməyə can atmalıdır? Belə və bənzər suallar verəndə, adətən, hamı qayıdır ki, öncə mütaliə və dünyadakı yeniliklərdən xəbərdar olmaq vacibdir...

...Həmin suallara elə bir iradım yoxdur və başlığa da ironiya xatirinə çıxarmamışam... Amma məncə, iki məlumat - iki bilgi hər cür başqa bilgidən irəlidə gəlir. Birincisi, insan o vaxt kamil olur ki, insanı bilir, insanı tanıyır...

Təxminən 23-24 il olar siyasətdən yazıram. Ondan bir qədər əvvəl də ictimai-siyasi proseslərə qatılmışam. Bu müddət ərzində siyasətə baş vuran çox insanı izləmək, müşahidə etmək imkanım olub...

Amma düşünürəm ki, bizim siyasət adamları arasında, ən azı, formal məntiqə görə, uğurlu sayıla bilənlər indi hakimiyyətdə olanlardır. Ona görə ki, bu adamlar nə az, nə çox - düz 22 il hakimiyyətdə qalmağı bacarıblar...

Mən hələ də belə hesab edirəm ki, bir il hakimiyyətdə olan demokratik düşərgə insanları daha savadlı idi. Fikrimcə, onlar dövrün yeniliklərini indikilərdən qat-qat yaxşı və mükəmməl bilirdilər. Üstəlik keçmişin yükü və vərdişləri çiyinlərində deyildi. Di gəl, vur-tut, bircə il hakimiyyətdə qala bildilər...

BİR CÜR İSTƏYİRDİLƏR, BAŞQA CÜR ALINIRDI...

Niyə belə oldu? Necə oldu ki, indikilər 22 il hakimiyyətdə qaldığı halda, onlar cəmi bircə il bunu bacardılar? Məncə, əsas səbəb - insanı, xüsusən ortastatistik azərbaycanlını pis tanımalarıydı. Bəlkə də heç tanımırdılar...

Onlara elə gəlirdi ki, hamı özləri kimi romantikdir. Bəli, düşünürdülər ki, hamı proseslərə və hadisələrə elə onların özü qədər ürəkdən və səmimi yanaşır.Fərqinə də varmırdılar ki, səmimiyyətləri onları çox vaxt gülüş obyektinə çevirir, çünki... Çünkiinsanlar hələ çox şeyi onlar qədər səmimi qəbul edə bilmirdilər. İnsanlar bərabərliyi tam başqa cür anlayırdılar. Onlar azadlıq, siyasət və siyasətçilər haqqında on illər boyunca formalaşmış qəlib təsəvvürlərdən hələ xilas olmamışdılar...

Bizim siyasət adamları arasında, ən azı, formal məntiqə görə, uğurlu sayıla bilənlər indi hakimiyyətdə olanlardır. Ona görə ki, bu adamlar nə az, nə çox - düz 22 il hakimiyyətdə qalmağı bacarıblar...

Elə bu səbəbdən 1-ci demokratik dalğanın adamlarına teatr adamları kimi baxılırdı. İnsanlarürəklərində onlara gülür, fürsət düşüncə, itaətsizlik göstərirdilər. Amma ilk demokratlar dediyimiz dəstə bunun fərqinə varmırdı. İnsanların bir-iki ilə tam dəyişəcəyinə bel bağlamışdılar...

HƏYAT BİLGİSİ YAŞLA GƏLİR, AMMA...

Niyə belə düşünürdülər? Çünki həyatı bilmirdilər. Onların həyat bilgisi yetərli deyildi. Təbii ki, həyat bilgisi yaşla gəlir, bu adamların əksəriyyəti isə o vaxt hələ cavan idi. Amma həyat bilgisinin önəmli bir bölümü - bir nəsildən digərinə, bir insandan o birinə, böyükdən-kiçiyə ötürülən hissəsi də var. Bizim qoçaq demokratlar o bilgidən də imtina etmiş, yenisini qazanmamış və real həyata tam nabələd adamlara çevrilmişdilər...

Təbii ki, onlar «xalq üçün ağlayan kor olar!», «işinin xatirinə düşməninə dayı de!» qəbilindən dədə-baba «tövsiyələrini» qəbul edə bilməzdilər. Onların tapıb-tapındığı «yol xəritəsi» hələ tam cızılmamış və təcrübədə təsdiqlənməmişdi...

Bəli, onlar şəxsiyyətin ikiləşməsini, haçalanmasını qəbul edə bilmədiklərindən, Mövlana demiş, göründükləri kimi olmağa və olduqları kimi görünməyə çalışırdılar...

Amma adi insanlar bu vaxtadək tam başqa şeylər görmüşdülər. Onlar görmüşdülər ki, insan bir şey fikirləşər, amma başqa şey deyər, evdə bir cür olar, işdə tam başqa cür... Bir cür düşünər, başqa şey deyər və tam başqa cür davranar...

O üzdən demokratik düşərgə adamlarının fikir və müsahibələri çox vaxt gülüş doğurardı. Onlarsa hətta bunun da fərqinə varmazdılar...

Bu, onların ən kobud səhvi idi. Sən özünə hörmət etməyə bilərsən, amma tutduğun posta – vəzifəyə sayqı göstərməyə borclusan... İlk demokratlar dalğası bunu nəzərə almırdı.

HEÇ OLMASA, TUTDUĞUN POSTA HÖRMƏT ET...

Həm də ona görə bir il hakimiyyətdə qaldılar ki, başqa cür qalmaq istəmirdilər. Hakimiyyətdə qalmağın bütün vasitələrini keçərli saymırdılar. Onlar prinsiplərin hər şeydən önəmli olduğuna inanırdılar. Kimə bir söz deyərdinsə, dərhal qayıdardı ki, belədirsə, mən bu gündən istefa verirəm...

Bu, onların ən kobud səhvi idi. Sən özünə hörmət etməyə bilərsən, amma tutduğun posta – vəzifəyə sayqı göstərməyə borclusan... İlk demokratlar dalğası bunu nəzərə almırdı. O səbəbdən cəmi bircə ildə vəzifə də, post da, dövlət və hakimiyyət institut və dəyərləri də hələ yaranmamışdan devalvasiyaya uğradı...

ÖNCƏ ÖYRƏN, SONRA DƏYİŞ...

Bunları niyə yazıram? Əslində, bu sualı lap əvvəldə verməliydim. O gün Ukraynanın baş naziri çıxış edib deyirdi ki, bizim insanlar hərbi biliklərə can atmalıdır. Amma bunu oxuyanda dərhal ağlıma gəldi ki, deyəsən, ukraynalı demokratlar da insanları tanımır və həyatı yetərincə anlamırlar.

İkinci «rəngli inqilab» dönəmini yaşasalar da, ölkə üçün ciddi bir iş görə bilmədikləri də, bəlkə, o üzdəndir...

Amma neyləmək olar? Kimə nə lazımdırsa, onu söyləyir. Mən də düşündüm ki, siyasətə gələn gənclərə «öncə insanları və həyatı öyrənin» sözlərini deməliyəm... Görün insanlar nə düşünür? Görün həyat sizlərdən hansı keyfiyyətlər istəyir?..

Siz insanları da, real tələbləri də qəbul etməyə və dəyişməyə çalışa bilərsiniz. Və hətta bunu etməlisiniz də... Ancaq daha öncə onları - həyatı və insanları bilib-tanımalısınız...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.