-
SEVİNDİRİCİ, AMMA DARIXDIRICIDIR...
Hər bir romantik düşüncəli adamın gec-tez gələcəyi bir fikir var - həyat kitablarda yazıldığı kimi olmur...
Amma bununla belə, romantiklər həmişə tapılır. Düzdür, dövrə, mövcud ictimai-siyasi konyunktura görə, onların da sayı artıb-azalır, amma heç vaxt sıfırlanmır...
Bəli, indiki gənclik çox realistdir. Onların həyata açıq gözlə baxması və hələ yeniyetməlik çağından öz gələcəklərini qurmağa çalışması o qədər də pis hal deyil, hətta sevindiricidir. Axı bu yolla gələcəyin gerçək iş adamları, dövlət və siyasət xadimləri yetişir...
Bəli, sevindiricidir, amma... darıxdırıcıdır. Bəlkə də haqlı deyiləm, çünki fikrimcə, realistlər mövcud reallıqlar çərçivəsində uğur qazana və öz həyatlarını qura bilər. Di gəl, məsələ o mövcud reallıqları dəyişməyə gələndə, mütləq və mütləq romantiklərə ehtiyac yaranır...
160 İL ƏVVƏL...
Bu günlərdə, həmişəki kimi, saytlara baxırdım. Birdən gözüm bir tarixə sataşdı - düz 160 il əvvəl, avqustun 20-də rus demokratları Alexander Herzen və Nikolai Ogarev «Qütb ulduzu» jurnalını dərc etməyə başlayıblar...
İlk baxışda qeyri-adi heç nə yoxdur. Hətta kimsə deyə bilər ki, hə, nə olsun?
Amma bir məqama diqqət yetirin. Mühacirət dalğasında bu vaxtadək Azərbaycanı tərk edən çox olub. Amma onlardan kimsə belə bir maraqlı ədəbi və siyasi təşəbbüslə çıxış edibmi (Bu, müəllifin fikridir və bir qədər sonra fikrini dəyişəcəyini görəcəksiniz. Axı elə XXəsr mühacirlərinə göz atsaq, təkcə M.Ə. Rəsulzadənin bir neçə belə təşəbbüsünü görərik – red.).
Yox, heç kimi suçlamıram. Ən azı ona görə ki, Azərbaycandan mühacirət məsələsi həmişə bir az qəliz olub. Hər dəfə siyasi mühit bir az gərginləşəndə ölkəni tərk edənlər tapılıb, amma onların arasında ilk cərgənin adamlarına təsadüf edilməyib və yaxud belələri çox az olub...
Düzdür, əvvəldə yazdım ki, həyat kitablardakı kimi olmur və kitabları yaşamağa çalışmağa dəyməz. Demək, biz də indi reallığa enmək məcburiyyətindəyik. Bircə istisna ilə...
Realistlər mövcud reallıqlar çərçivəsində uğur qazana və öz həyatlarını qura bilər. Di gəl, məsələ o mövcud reallıqları dəyişməyə gələndə, mütləq və mütləq romantiklərə ehtiyac yaranır...
Ötən əsrin 80-ci illəri idi. Tacik dostumla Moskva Universitetinin yaxınlığında gəzişirdik. Oralara o vaxtlar «Lenin dağları» deyirdilər (İndi tarixi ad qaytarılıb və həmin yer, ruscadan çevirəndə «Sərçə dağları» adlanır – red.). Birdən gözümüz bir daş lövhəyə sataşdı. Lövhədə yazılmışdı ki, filan ildə bu yerdə Herzen-lə Ogarev and içiblər...
Təbii ki, biz onların hər ikisini tanıyırdıq və yazdıqlarının da böyük qismini, xüsusən Herzen-i hələ məktəbdə oxumuşduq...
Amma o vaxt hələ heç kim heç nə bilmirdi. Heç kim bilmirdi ki, təzə siyasi küləklər əsəcək, bu küləklər çoxlu «zir-zibili» havaya sovuracaq və çox heykəlləri aşırıb böyrü üstə yıxacaq...
Hətta onu da bilmirdik ki, həmin küləklərin də səngiyən vaxtı gələcək və hamısı olmasa da, çox şey qayıdıb yerini tutacaq...
İndi doğrusu, bilmirəm, həmin lövhə yerində qalıb, yoxsa onu da götürüblər?
Götürüblərsə, buna təəssüflənməyə dəyər. Bilirsiniz niyə? Siyasi konyunktur da dəb kimidir, ötücüdür. Ancaq ictimai-siyasi mühitdə də əbədi dəyərlər var. Məsələn, sosial ədalət və yaxud azadlıq... Məgər onların və eləcə də başqa ülvi məqsədlərin uğrunda vuruşanları unutmaq olar?
BİRİNCİ MÜHACİR DALĞASI...
Bir az əvvəldə indiki mühacirlərdən gileyləndim. Amma dərhal da yadıma elə bizim birinci mühacir dalğamız düşdü. M.Ə.Rəsulzadə qürbətdə neçə ədəbi və siyasi dərgi yaratmışdı?! (Bu yerdə də müəlliflə razılaşmaq çətindir. Panislamizm və pantürkizmdə günahlandırılan önəmli şəxslər 1915-16-cı illərdə Azərbaycandan sürgün edilmişdilər. Hətta Romanovlar sülaləsinin 300-cü ildönümündə -1917-ci ildə, çarın əfv fərmanından sonra da bir çoxları mühacir həyatına üstünlük vermişdi. Rusiyanın Azərbaycanı işğal etdiyi illərdə - XIX əsrin əvvəllərində də mühacir dalğasının miqyası geniş olub – red.).
Ən yaxşısı gileylənməmək və həyata, insanlara nikbin baxmaqdır, çünki millətimiz o qədər istedadlı və bacarıqlıdır ki, hansı tərəfdən baxırsan bax, həmişə işıqlı insanlar tapmaq mümkündür...
M. Məmmədzadənin «Milli Azərbaycan hərəkatı» kitabını oxuyaraq çoxumuz qanadlanmadıqmı? (1938-ci ildə Berlində çap edilib – red.). Ona görə də bir daha fikirləşirsən ki, ən yaxşısı gileylənməmək və həyata, insanlara nikbin baxmaqdır, çünki millətimiz o qədər istedadlı və bacarıqlıdır ki, hansı tərəfdən baxırsan bax, həmişə işıqlı insanlar tapmaq mümkündür...
Bilmirəm, haradan oxumuşam, amma bir fikir yadıma düşür: «Qaranlıqların dalınca gileylənməkdənsə, özün bir şam yandır». Burada yenə bir detalı xatırladım, bu da yaxınların söhbətidir. Bir müxalifətçi tanışıma rast gəlmişdim. Elə salamlaşan kimi, qayıtdı ki, qardaş, məişət problemləri bizi məhv etdi...
Yox, onu qınamıram. Amma daha doğrusu bu olardı ki, «qardaş, hamı qəhrəman ola bilmir, biz də ola bilmədik», - desin. Bununla yüzə-yüz razılaşardım: doğrudan da, qəhrəman ola bilmədik. Amma neyləmək olar? Bu gün əsas işimiz ocağı sönməyə qoymamaqdır...
Elə əvvəldə Herzen-nin, Ogarev-un, daha sonra Rəsulzadənin adını çəkməyim təsadüfi deyil. Əminəm ki, «bu adamlar müsbət impulsu haradan alırdılar» sualı sizləri də düşündürüb.Öz arzularının gerçəkləşdiyini görməyən bu böyük şəxslər niyə ruhdan düşmürdülər? Nə idi o insanlara güc verən, onları hərəkətə gətirən?
Təəssüf ki, mən də bu sualların cavabını bilmirəm. Bilsəydim, çox güman, tam başqa cür yaşayardım...
İndisə ürəyimdən keçən bir fikri demək istəyirəm: «Parla, yol göstər, ey Qütb ulduzu! Sənə tərəf boylanan həmişə tapılacaq!..».
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.