Keçid linkləri

Təcili xəbərlər

Siyasətdə uşaq sadəlöhlüyü


Rəşid Şerifin karikaturası
Rəşid Şerifin karikaturası

-

Gözlə

No media source currently available

0:00 0:04:24 0:00
Direct-ə keçid

UŞAQLIQDAN BİR EPİZOD...

Yaxşı yadımdadır ki, uşaqlıqda heç ağlıma da gəlmirdi, heç inana da bilmirdim ki, kimsə mənim atamdan güclü ola bilər. Hətta bu xüsusda bir dəfə qonşu uşağı ilə dalaşmışdım da. O, atasının daha güclü olduğunu deyirdi...

Vaxt keçdi, uşaqlıq da ötdü, anladıq ki, nə biz özümüz, nə də bizim atalarımız heç də dünyanın ən güclü adamları deyil.

Amma o hisslərdən nəsə qaldı, bir az hörmət formasında, bir az da qorxu şəklində... Ona görə də güman edirik ki, bütün insanlarda azacıq, çox azacıq da olsa infantillik (uşaq sadəlöhlüyü) olur...

HƏRƏ ÖZ FANTAZİYASINA MEYDAN VERSƏ...

Amma bu yazıda bir azca başqa, fərqli bir sferada - siyasətdə infantillikdən bəhs etmək istəyirik. Bu günlərin söhbətidir. Şouların birində aparıcı o qədər qızışdı, o qədər öz fantaziyasına meydan verdi ki, “Azərbaycan dünyaya meydan oxuyur!”-dedi.

Ərazisinin 20 faizi işğal olunan bir dövlət haqqında “Dünyaya meydan oxuyan dövlət” demək üçün ya qeyri-adi dərəcədə fanat olmalısan, ya da ki, reallıq hissini tamam itirməlisən...

Əgər əvvəllər də buna bənzər fikirlər və bəyanatlar (özü də təkcə jurnalistlərin dilindən deyil, həm də rəsmi adamlardan...) eşitməsəydik, bəlkə də heç buna əhəmiyyət də verməzdik.

Amma Azərbaycanda bu, adi haldır. Elə bu səbəbdən də bizi çox düşündürür. Ən azı ona görə ki, ərazisinin 20 faizi işğal olunan bir dövlət haqqında “Dünyaya meydan oxuyan dövlət” demək üçün ya qeyri-adi dərəcədə fanat olmalısan, ya da ki, reallıq hissini tamam itirməlisən...

Bunu əvvəllər də qeyd etmişdik. Məsələ yalnız infantilizmdə deyil. Avtoritar siyasi sistemdə gec-tez reallıq hissi itir - təbligat tamam bayağılaşır, tərif yaltaqlığa çevrilir, hər şey şitləşir, bir növ əndazəsini aşır...

Belə bir şəraitdə ölçü hissini gözləmək olmur. Ölçü də itir. Gec-tez belə ölkələrin siyasətçiləri həqiqətən də çox “böyük siyasət və dövlət adamı” olduqlarına inanır, az qalırlar ki, digər insanlardan da bunun təsdiqini tələb etsinlər.

ƏVVƏLLƏR BELƏ DEYİLDİ...

Azərbaycanda sərt avtoritar sistem 93-cü ildən bərqərar olub. Amma nə qədər qəribə olsa da Heydər Əliyev Azərbaycanın dünyada yerini və rolunu daha yaxşı təsəvvür edirdi. Məsələn, o məzmunsuz, bayağı siyasi və hərbi ritorikaya heç vaxt meydan vermirdi. Tez-tez zarafatla deyirdi ki, ABŞ dövlət departamenti ilə zarafat etmək olmaz...

Bu, keçmiş üçün nostalji deyil. Amma etiraf edirik ki, bir az bu da var. Məsələ bundadır ki, ölkə daim, permanent olaraq siyasi azadlıqlar baxımından geriləyir. Ona görə də hər əvvəlki dövr özündən sonrakından daha mütərəqqi və rahat görünür. Hərçənd bu gün baş verənlər də təsadüf deyil, göydən düşməyib. Bugünün təməli həmişə dünən qoyulur.

Amma nə etmək olar? İnsan psixologiyası elədir ki, xırdalıqları unudur, bir az da keçmişi “malalayır”.

Dünyada onlarla adam var ki, onların valyuta ehtiyatları Azərbaycan dövlətinin valyuta ehtiyatlarından çoxdur. Elə şirkətlər, elə trans-milli kompaniyalar var ki, onların illik gəliri Azərbaycanını büdcəsindən qat-qat artıqdır...

Həm də bu günün siyasi dərdləri o qədər böyükdür ki, onun köklərini hətta infantillikdə, siyasi sistemin özəlliklərində axtarmağa məcburuq.

Bu gün nə baş verir? Deyirsən ki, ABŞ prezidenti Azərbaycanda insan haqlarının vəziyyətini tənqid etdi. Qayıdırlar ki, biz müstəqil dövlətik, heç kim bizim daxili işəlimizə qarışa bilməz...

Elə burada demək istəyirsən ki, suveren dövlət olduğunuz niyə elə insan haqlarından, demokratiyadan və mətbuatın vəziyyətindən söhbət düşəndə yadınıza düşür? Başqa vaxt, digər bir situasiyada, tutaq ki, dövlətin ərazi bütövlüyünü təmin etmək məsələsində nə səbəbə suveren dövlət olduğunuz yadınıza düşmür?..

KİM DAHA VARLIDIR?

Azərbaycan kiçik dövlətdir. Təbii ki, bu dövlət müəyyən resurslara malikdir. Bu resurslar da müəyyən maliyyə ehtiyatları yaradır.

Amma bundan çox da “uzağa gedən” nəticələr çıxarmaq lazım deyil. Ən azı ona görə ki, dünyada onlarla adam var ki, onların valyuta ehtiyatları Azərbaycan dövlətinin valyuta ehtiyatlarından çoxdur. Elə şirkətlər, elə trans-milli kompaniyalar var ki, onların illik gəliri Azərbaycanını büdcəsindən qat-qat artıqdır...

Bütün parametrlərə görə (ərazini və əhalini çıxsaq...) Rusiya orta Rusiya ölkələrindən geridədir. Amma Rusiya özünü yenə də fövqəldövlət hesab edir. Niyə? Ona görə ki, bu ölkənin çoxlu sayda nüvə başlıqları və raketləri, kosmik texnologiyası var. Ona görə də Rusiyanı və onun cəmiyyətini haradasa başa düşmək mümkündür. Bəs, Azərbaycanın nəyi var?..

Azərbaycan Qafqazın böyük dövlətidir. Amma parametrlərə görə o, digər ölkələrdən bir o qədər də fərqli deyil. Bir də ki, dünyaya meydan oxumaq, heç kimlə hesablaşmamaq Azərbaycanın nəyinə lazımdır?

Dünyada çox sorğular keçirilir. Bəzən dövlətlərin simpatiya reytinqləri də öyrənilir. Daha yaxşı olmazdımı ki, Azərbaycan haqqında mədəni bir dövlət, azərbaycanlılar haqqında isə əsl centlmentlər kimi düşünsünlər?...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG