İndi belə düşünənə «dəli» kimi baxırlar

Cavad Qaffarın karikaturası.

-

Neyləmək olar? Artıq düşünürsən ki, elə həmişə belə gedəcək, amma... Amma qonşu Gürcüstanda normal seçki olur, axı!..

SÖHBƏT PULDAN DÜŞƏNDƏ...

1990-cı illərdə qatıldığım bir seminar yadıma düşür.

Amerikalı təlimçi seçki texnologiyalarından danışır, bizimkilər də əvvəlcə onu ciddi qəbul etmir və məzəli suallar verərək sanki ələ salırdılar. Amma söhbət qazanılan pullara gəlincə, bizimkilərin hamısı dərin fikrə getdi və amerikalıya münasibət dərhal dəyişdi...

...Lap bu yaxınlarda Rusiya qəzetlərinin birində «Siyasi texnoloq olmaq asandırmı?» başlıqlı yazını görəndə, nədənsə həmin hadisəni xatırladım.

Sosioloji və politoloji təhlillərlə məşğul qurumların maliyyə qaynaqları kəsilib-budansa da, Rusiyada bu işin xeyli elementi qalıb. Bizdə isə bu proses heç başlanmadı...

SEÇKİDƏN DANIŞMAQ ELƏ DƏ ASAN DEYİLDİ...

Bu yerdə yenə 90-cı illər, daha dəqiq söyləsəm, 1994-cü il yadıma düşür. Göz önündə nə vardı - məğlubiyyətə uğramış siyasi təşkilat, dağınıq struktur, dumanlı və elə o qədər də qaranlıq siyasi perspektivlər...

Amma o vaxt siyasi proseslərin bir özəlliyi də vardı - hərbi müxalifətin fəaliyyətinə son verilməlidir. Di gəl, insanlar arasında dinc mübarizə metodlarının perspektivinə inam az idi. Ona görə də onları inandırmağa ehtiyac vardı. Beləcə, o vaxt siyasi mübarizənin əsas vasitəsi - seçki haqqında yazıb-danışmağa başladıq...

Öz silahdaşlarımız da bizi aldatdı. Onlar da demokratik və ədalətli seçkilər uğrunda mübarizə aparmaq əvəzinə, hakimiyyətlə separat danışıqlara getdilər və özlərinə bir-iki mandat qoparıb sakitcə parlament kürsüsündə oturdular...

İlk reaksiyaları unutmamışam: Seçkidən söhbət düşüncə, o vaxtın radikal müxalifətçiləri dərhal qayıdırdılar ki, deməli, siz də bu hakimiyyəti tanıyırsınız?

Həmin sualı birbaşa «hə» deyə cavablamaq o vaxt bəzi təşkilatlarda, az qala, siyasi intihara bərabər idi...

Səni mütləq harasa bağlayacaq və kiminsə «adamı» elan edəcəkdilər. Amma başqa yol da yox idi. Hərbi müxalifətin devirdiyi siyasi qüvvənin durub təzədən başqa bir hərbi müxalifətə dəstək verməsi və yaxud həmin mübarizə üsülunu seçməsi məntiqsizlik olmazdımı?!.

BİZİ ALDATDILAR...

Qərəz, başladıq seçki və seçki texnologiyalarına vurğu etməyə. Tez bir zamanda sonuncu hərbi müxalifət də zərərsizləşdirildi. Artıq seçki texnologiyaları opponentlərinin də seçki ilə razılaşmaqdan savayı başqa çıxış yolu qalmamışdı.

Seçki bir siyasi mübarizə üsulu kimi təsdiq olundu. Ən barışmaz təşkilatlar da öz qısaldılmış adlarında kiçik düzəlişə gedərək, seçkiyə qatılmağa qərar verdilər...

...Amma bizi aldatdılar. Birincisi, bizi - seçki tərəfdarlarını hakimiyyət aldatdı, nə demokratik, nə də ədalətli seçki keçirdi. İkincisi, öz silahdaşlarımız da bizi aldatdı.

Onlar da demokratik və ədalətli seçkilər uğrunda mübarizə aparmaq əvəzinə, hakimiyyətlə separat danışıqlara getdilər və özlərinə bir-iki mandat qoparıb sakitcə parlament kürsüsündə oturdular...

Qərəz, çox çətin zamanlar idi. Bir tərəfdə hakimiyyətdən bir-iki mandat sədəqə almış bəzi liderlər, o biri tərəfdə də dinc siyasi mübarizəni elə əvvəldən düzgün yol saymayanlar dayanmışdı. Sonuncular, sanki qisas alırcasına elə hey «Biz deyirdik axı!» deyə bağırırdılar...

...Bir sözlə, bu proses uğursuz bitdi. Hərbi müxalifətin sıradan çıxması yaxşı hal olsa da, nə seçki tərəfdarları, nə də seçkilərin tam əleyhdarları bir addım da irəliləyə bilmədilər.

Beləcə, «siyasi texnoloq», «siyasi texnologiya», «siyasi imic» və «imicmeyker» kimi anlayışlar bu ölkədə bir ekzotikaya çevrildi - indi bundan danışanı yadplanetli sayar, ona «dəli» ayaması qoşar, bəlkə də ələ salarlar...

Beləcə, «siyasi texnoloq», «siyasi texnologiya», «siyasi imic» və «imicmeyker» kimi anlayışlar bu ölkədə bir ekzotikaya çevrildi - indi bundan danışanı yadplanetli sayar, ona «dəli» ayaması qoşar, bəlkə də ələ salarlar...

ÖZÜMÜZƏ TƏSƏLLİ VERSƏK DƏ...

Neyləmək olar? Artıq düşünürsən ki, elə həmişə belə gedəcək, amma... Amma qonşu Gürcüstanda normal seçki olur, axı!..

O seçkinin tam normallığına zəmanət vermək çətin olsa da, hakimiyyətin, özü də çox iddialı hakimiyyətin seçki yolu ilə dəyişməsi az şey deyir?!.

Bizlərsə yerimizdə sayırıq. Bəzən çatışmazlıqlara göz yummağa və özümüzü inandırmağa çalışırıq.

Deyirik ki, hər şey heç də düşünülən qədər faciəvi deyil. Amma sonradan görürük ki, yox, vəziyyət doğrudan da əziyyətdir və bizlər, ən azı, bu hakimiyyətdən məsafə saxlamaqla düz davranırıq. Axı bu hakimiyyət hamını aldadır...

İNDİ YALNIZ «QARA TEXNOLOGİYALAR»A TƏLƏB VAR...

İndi yalnız hakimiyyətin tərəfində siyasi texnoloq ola bilərsən – yalanların ömrünü uzatmaq üçün.

«Siyasi qarayaxma texnologiyası»ndan yararlanaraq xidmət etdiyin qüvvəni hakimiyyətdə saxlamaq və möhkəmləndirmək üçün...

...Universitetlərin birində qısa müddət sosiologiyadan dərs deyən bir müəllim kimi tələbələrin «Sosioloq kimi biz harada yararlı ola bilərik» sualı ilə dəfələrlə üzləşdim. Hər dəfə də susub qaldım və cavab tapa bilmədim. Hər dəfə də «Alma almaya bənzər» filmindən bir cümlə yadıma düşdü.

Orada təxminən belə deyilirdi: «Bu, elə bir səhralıqdır ki üfüqlərində də keçici qırmızı bayraq görünməz!..».

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.