Zərdabinin sümüklərini Bakı tramvayında daşıdı...

Həsən bəy Zərdabi

-

ZƏRDABİ BİZƏ BUNLARI VERDİ:

Zərdabi ilk teatrı yaratdı.

İlk qəzeti çıxardı.

İlk xeyriyyə cəmiyyəti qurdu.

Milləti ayıltmağa çalışdı: «Biz öz xahişimizilə bir-birimizə qul olmuşuq: Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustaya və qeyri qul deyil? Və buna səbəb bizim ata, baba adətləridir. Nə qədər böylə olsa, biz tərəqqi etməyəcəyik və edə bilmərik». Onun sözləridir.

Yeni ailənin təməlini qoydu. İlk dəfə Avropa təhsilli xanımla ailə qurdu və onu da xalqın maariflənməsinə cəlb etdi

Bakıda ilk qızlar gimnaziyasının açılmasına nail oldu.

Bakı Dumasının üzvü kimi şəhər həyatında bir çox ilklərə imza atdı.

İlk milli operanın yaranmasının ilhamvericisi oldu. Üzeyir bəydən elə bir teatr çıxarmasını istədi ki, orada iştiraklçılar oxusun.

Zərdabi ölümüylə də bir ilkə imza atdı. Şəhər ayağa qalxdı. Bakıda görünməmiş bir dəfn mərasimi gerçəkləşdi. Bu olay fotonun yaddaşına da çökdü.

BİZİM ZƏRDABİYƏ VERDİKLƏRİMİZ:

Ta fəaliyyətə başladığı zamandan ona xor baxmağa başladıq.

İçərişəhərdə təhsilli, üzüaçıq xanımıyla gəzərkən onu daşladıq.

İlk xeyriyyə cəmiyyətlərini qurmaq istərkən, ona qapını göstərdik.

Həsən bəy Zərdabinin dəfn mərasimi - 1907

Açdığı qəzeti, heç iki il keçməmiş, bağlatdıq.

Özünü sürgünə yolladıq. Həyatı illərlə həm milləti buxovlayan nadanlıqla, həm də Zərdab ağcaqanadları ilə mübarizədə keçdi. 16 il həyat yoldaşı və övladlarıyla Zərdabda polis nəzarətində yaşadı.

Duma fəaliyyətində amansız, prinsipial mövqeyinə görə onu «Sünni Həsən» adlandırdıq.

Hərdən lağa qoyduq, hərdən gülüb-keçdik.

Bizlərə əmanət ediyi 4 övladının başına min oyun açdıq.

Böyük qızı Pəri Sultan xanım Əlimərdan bəy Topçubaşı ilə ailə həyatı qurduğundan, Paris Sülh Konfransına qatılan əriylə Parisə getmişdi. O gedən oldu - Pəri xanım bir daha Bakıya dönə bilmədi, vətən həsrətilə Parisdə dünyadan köçdü.

Qızlar üçün ilk müsəlman məktəbinin direktoru Hənifə Məlikova

Bakıda anası ilə qalan böyük oğlu Midhət 30-cu illər repressiyalarının qurbanı oldu.

Cümhuriyyətin 100 tələbəsindən biri olan Səffət də bolşevik işğalından sonra bir daha Bakıya gələ bilmədi, İstanbulda yaşadı və dünyasını vətəndən uzaqlarda dəyişdi.

Təkcə Qərib Soltan xanım Bakıda qaldı, müəllimlik etdi və sonda ağlını itirdi...

Zərdabini 1907-ci ildə çox böyük hörmətlə Bibiheybət məscidi ərazisində dəfn etdilər. Ancaq bolşevik dövründə «yol çəkilir» bəhanəsiylə məzarları köçürmək əmri verildi və zavallı Qərib Sultan xanım atasının sümüklərini Bakı tramvayına (!) qoyub anasının şəhər qəbiristanlığındakı məzarının ayaq ucunda dəfn etdi.

Qərib Soltan

1957-ci ildə- ilıqlaşma dövründə Zərdabi yada düşdü və uzun axtarışlardan sonra onun qalıqlarının harda olduğu bilindi. Ağlını itirmiş Qərib Soltan xanım hamını evdən qovur və atasının harada dəfn olunduğunu heç kəsə demək istəmirdi...

Sonda sirr açıldı və Zərdabini Hənifə xanımın ayaq ucundan götürüb Fəxri Xiyabanda dəfn etdilər.

Amma bir şeyi unutdular. Bütün həyatı boyu ona dayaq olmuş və onun xalqına xidmət etmiş Hənifə xanmı tək buraxdılar.

Halbuki Fəxri Xiyabanda yatmaq Hənifə xanımın da haqqıydı.

Vətən üçün, onun balalaları üçün bu xanım da böyük işlər görmüşdü. Evdə məktəb açmışdı. Vətən övladlarına pulsuz dərs demişdi, ilk qadın xeyriyyə cəmiyyətini, ilk qız məktəbini yaradanlardan olmuşdu. Bakı qız məktəbinə uzun illər rəhbərlik etmişdi.

1925-ci ildə «Əkinçi»nin 50 illik yubileyində bu xanım ərinə son borcunu da yerinə yetirdi, onun bioqrafiyasını yazdı.

Və 1929-cuildə Bakıda - dünyadan köçərkən, Hənifə xanımın yanında nə əri, nə oğu Səffət, nə də qızı Pəri xanım vardı.

Təkcə Midhətə və Qərib Sultana baxa-baxa, dünyayla vidalaşmışdı Hənifə xanım....

SON SUAL: BİZİ BAĞIŞLAMAQ OLARMI?

Və ən önəmlisi, məhz Zərdabinin əsasını qoyduğu mətbuatı layiqincə yaşada bildikmi?

Yalandan, yarınmadan uzaq tuta bildikmi?

İndi siz deyin: Zərdabi bizlərə nə etdi, biz ona nələr etdik?

Və son sual: Bizi bağışlamaq olarmı?!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.