Keçid linkləri

Təcili xəbərlər

H.Zərdabi və indiki jurnalistikanın bossları…


Həsən bəy Zərdabi
Həsən bəy Zərdabi
-

Hər dəfə Milli Mətbuat günündə diplomlar, hədiyyələr paylanılarkən adamın ağlına gələn ilk sual bu olur ki, bütün bunlar nədən ötrü edilir? Bəlkə kiməsə bu sual yersiz görünəcək, çünki hamı düşünür ki, hədiyyələr, diplomlar dövlətin və ayrı-ayrı təşkilatların mətbuata verdiyi qiymətin təzahürüdür. Biz də bununla razılaşardıq, əgər bizə hakimiyyətin mətbuata verdiyi başqa «qiymətlər» bəlli olmasaydı…

Əvvəllər ölkə jurnalistikası haqqında daha yüksək fikirdə idik. Düşünürdük ki, bu sahənin adamları ölkədə sahman yaratmaq istiqamətində hamıdan irəlidədir. Amma bu yaxınlarda kənardan jurnalistlərin dördüncü qurultayını seyr etdik və nə qədər yanıldığımıza bir daha əmin olduq: nə tənqidçi jurnalistika ruhu, nə düzgünlük yanğısı, nə də ki, ciddi demokratiya ab-havası bu qurultayda var idi…

Əvəzində az qala durğunluq illərinin hesabat məruzələrini xatırladan çıxışlar, kiməsə yarınmaq cəhdi və bir də müti sükut vardı bu qurultayda. Bu mənzərədən belə nəticə hasil etmək olardı ki, ölkə jurnalistləri heç nə ilə öyünmək iqtidarında deyillər.

HƏTTA GÜCLÜLƏRİ DƏ SUSDURMAQ OLUR…

Hətta ən döyüşkən müstəqil jurnalistlərin əlini və dilini nəsə bağlayır. Son illərin «münasibət jurnalistikası»nın qəhrəmanlarına çevrilənlər belə bu işdə köməksiz görünürlər
Təbii ki, başqa jurnalistika da var. Onlar müxalifətçi mətbuat deyillər, müxalif mətbuatla hakimiyyətyönümlü mətbuat arasında mövcuddurlar. Amma indi yaranmış vəziyyətdə həmin «başqa» jurnalistikanın da suçu az deyil. Bizlərə məlum olmayan hansısa səbəblərdən heç olmasa həmin «başqa» jurnalistika da təşkilatlana, ölkənin rəsmi strukturlarına öz meyarlarını diktə edə, ölkədə jurnalistika təşkilatı adı ilə qələmə verilən gülünc maskarada etiraz edə bilmir.

Hətta ən döyüşkən müstəqil jurnalistlərin əlini və dilini nəsə bağlayır. Son illərin «münasibət jurnalistikası»nın qəhrəmanlarına çevrilənlər belə bu işdə köməksiz görünürlər.

Onlara da ümumi halda dövlət məmurlarının ardınca deyinmək daha asan və problemsiz görünür, nəinki yerli jurnalistika boslarının əməllərini ifşa etmək.

Yerli jurnalistika bosları xaricə səfərlər, pul mükafatları, hətta mənzillər deməkdir. O, mənzillər ki, onların paylanması dövlətin müstəsna hüququ hesab edilir. Yerli jurnalistika bosları isə bu işdə dövlət strukturu ilə jurnalist arasında «körpü» rolunu oynayırlar – susmağın və loyallığın müqabilində dövlətdən jurnalist üçün «hədiyyə» alırlar…

CAMAAT, BU MƏTBUAT Kİ, VAR…

Ona görə də H. Zərdabi dövründən bu vaxta qədər mətbuatın durumunu xarakterizə etmək istəsək, gərək bir filmdə deyildiyi kimi, «Camaat, bu mətbuat ki, var, bu, həm vacib işdir, həm də qəliz!» deyək…

Ona görə vacibdir ki, hökumətimiz başqa hökumətlərə göstərmək, nümayiş etdirmək üçün bu mətbuatı saxlayır, onu tamam yığışdırmır…

Təsəvvür edin, qəzetlərə onların öz qazancını vermirlər, qəzetlər yayım firmasından öz pullarını ala bilmir, amma bunun əvəzində dövlət onlara ildə iki dəfə yardım edir.
Bu, ona görə belə edilir ki, qəzet işçilərində zərrə qədər belə təsəvvür yaranmasın ki, onlar özləri özlərini maliyyələşdirirlər. Əgər qəzetçilər özlərini azacıq da olsa maliyyələşdirsələr «qırmızı xətti» keçərlər.

Sovet dövründə qəzetləri dövlət saxlayırdı. İndi özünüz deyin: sovetlərin dövründəki jurnalistikasının prinsiplərindən yaşarlı prinsiplər varmı?...

Nəhayət, mətbuat məsələsi ona görə qəlizdir ki, hökumət onu daim yumruq altında saxlayır, çünki azacıq boşalsa, hökumətin özü üçün də çox pis ola bilər…

SİSTEMDƏNKƏNAR MƏTBUAT…

Çox maraqlıdır ki, hökumət xarici təşkilatlara «sırımaq» üçün güclü müxalifət partiyaları yarada bilmədiyi kimi güclü mətbuat da yarada bilmədi
Son vaxtlar politoloqlar avtoritar sistemlərdəki ciddi siyasi qüvvələri, mətbuatı xarakterizə etmək üçün bir ifadə işlədir: sistemdənkənar…

Bu aspektdən yanaşanda ölkədə mətbuat faktiki olaraq hökuməti tənqid edən bir-iki müxalif qəzetin hesabına mövcuddur. Çox maraqlıdır ki, hökumət xarici təşkilatlara «sırımaq» üçün güclü müxalifət partiyaları yarada bilmədiyi kimi güclü mətbuat da yarada bilmədi.

Amma o, müxalifət partiyaları kimi müxalif mətbuatdan da istifadə etməkdə çətinlik çəkmir: onların fonunda özünün psevdo-mətbuatını saxlayır. Bunu o, çox asanlıqla həyata keçirir: bir-iki müxalif qəzeti də siyahıya salmaqla özünün onlarla qəzetinə maliyyə ayırır, bir-iki müxalif qəzetin əməkdaşlarını gözə soxmaqla onlarla mənzili öz jurnalistlərinə paylayır.

Ona görə də «H. Zərdabidən bu tərəfə nə dəyişib, nə dəyişməyib?» sualına cavab vermək elə də asan deyil.

Dəyişməyən odur ki, fərdlər var. O fərdlər ki, onlar ölkə jurnalistikasının sönük fonuna bir parıltı, hörmət gətirirlər.

Dəyişməyən odur ki, yaddaşlarda, elə indinin özündə də qəzetlərdən daha çox həmin fərdlər qalırlar. Lap elə H. Zərdabi kimi…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG