-
YAPIŞQAN SUAL
Avropanın ilk idman oyunları necə başlamışdısa, elə o cür də bitdi - başlanğıcda da, sonda da böyük təntənə oldu. Hər iki halda əzəmətli və möhtəşəm musiqili şounun şahidi olduq...
Özümü elə böyük idman heyranı saymasam da, etiraf edim ki, oyunlar maraqlı idi. Şəxsən mən bu bir neçə gündə, sözün əsl mənasında, ruhi sakitlik tapdım. Amma sonacan belə getməyəcəyini hiss edirdim, çünki bir sual sanki yaxamdan asılı qalmışdı:
«Görəsən, oyunlar həqiqətən bitir, yoxsa «əsl oyunlar» indən belə başlanacaq?».
Hansısa daxili hiss mənə pıçıldayırdı ki, gördüklərim «əsl oyunlar»la müqayisədə heç nədir. Daha çox «siyasi oyunlar» adıyla tanıdığımız «oyunlar» hələ bundan sonra başlanacaqdı...
Bəlkə də mənim pessimizmimi bölüşməyəcəksiniz, amma çoxunuz razılaşarsınız ki, hələ bir xeyli axıradək çözülməmiş «cinayətlər» və baş tutmamış əzəmətli «məhkəmələr» var...
Onlar hökumətdən ötrü Avropa Oyunlarından heç də az önəm daşımır, axı söhbət siyasi hakimiyyətlə bağlı məsələlərdən gedir. Hakimiyyətsə bu ölkədə ən çox önəm verilən məsələdir...
Hətta idman oyunlarından əvvəl işarə edilirdi ki, onlar bitəndən sonra bir çox mühüm hüquqi proseslərə aydınlıq gətiriləcək və təqsirkarları cəzalandırmaq üçün böyük məhkəmələr qurulacaq...
Bu ölkədə seçkilərin necə bitməsi hamıya yaxşı bəlli olsa da, onların əvvəli doğrudan əsl seçkiyə bənzəyir - debatlar olur, namizədlər irəli sürülür, adam hətta bir çaşıb qalır ki, bəlkə bu dəfə əsl seçki baş tutacaq?!.
Düşünürəm ki, elə idman oyunlarının özü də o möhtəşəm qapanış mərasimiylə bitmədi – ölkənin parlaq qələbəsi, ən azı, ilin sonunadək hakimiyyətəyaxın medianın əsas mövzusu olacaq. Məsələnin idman və əyləncə tərəfi bitsə də, siyasi bölümü hələ qabaqdadır...
BEŞİNCİ SEÇKİ ƏVVƏLKİLƏRDƏN FƏRQLƏNƏCƏK?
Hə, gərək, əvvəldən deyəydim ki, bu il həm də parlament seçkiləri olacaq. Bu ölkədə seçkilərin necə bitməsi hamıya yaxşı bəlli olsa da, onların əvvəli doğrudan əsl seçkiyə bənzəyir - debatlar olur, namizədlər irəli sürülür, adam hətta bir çaşıb qalır ki, bəlkə bu dəfə əsl seçki baş tutacaq?!.
Amma gör neçənci çaşqınlıqdır. Artıq 5-ci parlament seçkisi olacaq. Bəzək və dekorlar yerində olsa da, böyük ehtimalla, bu seçki əvvəlkilərdən elə də fərqlənməyəcək...
Nə isə, tələsməyək. Bəzən yalanın profilaktik özəlliyi də var və həyatın bütün ağırlıqlarını daşımaq üçün bir qədər özünü aldatmağı da bacarmalısan...
Hakimiyyətin, nəhayət, ədalətli və demokratik seçkilərə qərar verməsi üçün, görəsən, ölkə müxalifəti nə qədər zəifləməlidir?
HƏTTA MÜXALİFƏT OLMASA DA...
Amma mütləq bölüşmək istədiyim bir detal da var. Düşünürəm ki, hakimiyyətin, nəhayət, ədalətli və demokratik seçkilərə qərar verməsi üçün, görəsən, ölkə müxalifəti nə qədər zəifləməlidir?
Baxın, demək olar, müxalifət yoxdur. Onun varlığını jurnalistlər də duymurlar. Bunu saytlardan birinin rəhbəri də mənə xatırlatmışdı: «Əvvəllər sayta müxalifətlə bağlı da xəbərlər qoyurdum ki, oxunaqlı olsun. Amma sonradan gördüm ki, bu xəbərləri oxuyan yoxdur...».
Bunu niyə deyirəm? Əslində, hakimiyyətin özünə inanması üçün də əsaslar az deyil: ölkə, əla olmasa da, babat bir həyat yaşayır. Hakim partiya bir an da dayanmır və daim nəsə edir. Efir də tam bu partiyanın əlindədir, istədiyi təbliğatı apara bilir... Onda bəs hakimiyyət nədən çəkinir və nədən ehtiyatlanır? Və nədən, heç olmasa, bircə dəfə bütün qaydalara uyğun seçki keçirmir?
ADAM ÖZÜ SEÇİLƏNDƏ...
Götürək elə son Avropa Oyunlarını. Yetərincə iş görülmüşdü və bunu etiraf etmək lazımdır. İdman qələbələri də öz yerində...
Hakimiyyət müxalifət partiyalarının bu qədər zəifləyəcəyini proqnozlaşdıra bilsəydi, bəlkə elə əvvəldən proporsional sistemi seçərdi.
Eləsə, nədən aktivində bu qədər iş olan hakimiyyət əsl seçki keçirməyə ehtiyatlanır? Düzü, bu sualın cavabını tapmaq üçün çox düşünmüşəm. Məsələ bundadır ki, indi ölkədə proporsional seçki sistemi deyil, majoritar sistem hökm sürür. Hakimiyyət müxalifət partiyalarının bu qədər zəifləyəcəyini proqnozlaşdıra bilsəydi, bəlkə elə əvvəldən proporsional sistemi seçərdi. İndi, qeyd etdiyim kimi, ölkə majoritar sistemlə işləmək məcburiyyətindədir. Bu sistem müstəqil namizədlərə yol açır. Düşünürəm ki, hakimiyyəti çəkindirən də elə budur və hakimiyyətdəkilər yalnız müxalif düşüncəli insanlardan ehtiyat etmir, həm də müstəqil insanlardan qorxurlar...
Hər şeyi anlamaqdan ötrü Azərbaycan parlamentinin bircə iclasını seyr etmək yetər. Məsələ bundadır ki, hakimiyyətin öz deputatları, hakimiyyətə yaxın partiyaların təmsilçiləri də parlamentdə ehtiyatla, qorxa-qorxa danışırlar...
Bütün problem də bundadır: Müxalif fikirli bir yana, heç müstəqil adam olmaq da bu ölkədə işəyaramır. Axı adam özü seçilərsə, dili uzanar və heç kimin qarşısında özünü borclu saymaz...
O üzdən bu dəfə də «oyun»suz keçinmək mümkün olmayacaq və böyük ehtimalla, «əsl oyunlar” payızda başlanacaq...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.