-
DEYƏSƏN, QURTULDUQ...
Nəhayət, bu gün də gəlib yetişdi. Bir az səbirli olaq, darıxmayaq. Əsl təhlillər hələ bundan sonra olacaq. Hələ suallar da bundan sonra meydana çıxacaq. Eynən bir mahnıdakı kimi, soruşacaqlar: «Kimlər gəldi, kimlər keçdi bu ölkədən, bu ölkədən?..».
İndilik, bir az görüb-eşitdiyimizdən danışmaq olar. Bir məqamı deyim ki, ümumi sevinc bir tərəfə, nəhayət, müxalif, müstəqil media və QHT-lərin üzü danlaqdan qurtardı!..
Onlar, əslində, bir şey də etmirdilər, amma kimsə Avropada bir söz deyincə, bizim allı-güllü, dürlü-milli telekanalların təhlilçiləri bütün təqsiri onlarda görürdülər. Niyə? Guya oralardakı bədxahlara məlumatı bu zavallılar göndəriblər. Halbuki yazıqların bundan heç xəbəri də olmurdu, axı nəsə də olmasa, bu ölkədə problem hamıya çatır və o problemlər heç baş açmağa qoyur ki?!.
HEÇ OLMAMAQDANSA...
Bilmirəm, yaşdandır, ya nədən, amma axır vaxtlar xatirələr mənə aman vermir, çəkir özünə...
Azərbaycanın Avropa Şurasına üzv olmağı ərəfəsində də böyük gərginlik yaşanırdı. Şuraya üzv olmaq üçün əsas müxalifət partiyalarının da rəyi lazım idi. Onlar düşünüb-tərəddüd etmədən bu rəyi verdilər.
Düzdür, problemlər olduqca çox və hakimiyyətin götürülən öhdəlikləri yerinə yetirəcəyinə əminlik yox idi...
Şəxsən mənim ağlıma da gəlmirdi ki,problemlər bu qədər uzun çəkəcək və hətta 2015-ci ildə də Azərbaycanın siyasi məhbus, qeyri-demokratik seçki və avtoritar idarəçilik kimi problemləri üz qızardacaq...
Amma səmimi bir etirafım var: şəxsən mənim ağlıma da gəlmirdi ki,problemlər bu qədər uzun çəkəcək və hətta 2015-ci ildə də Azərbaycanın siyasi məhbus, qeyri-demokratik seçki və avtoritar idarəçilik kimi problemləri üz qızardacaq...
...Qərəz, hamı razılıq verdi ki, ölkə Avropa Şurasının üzvü olsun. Düşünürdülər ki, ölkənin Avropa Şurasına üzv olması üzv olmamasından daha yaxşıdır.
İndi bu rakursdan baxanda, Avropa Oyunlarına da münasibət belədir. Üstəlik, idman tədbiri olduğundan qərəz nümayişi kimə xal qazandırar ki?!.
Di gəl, bütün bu aylar ərzində cəmiyyətin müxalif və müstəqil kəsimi monoton ittihamların hədəfinə çevrildi və qınandı ki, bəs siz hakimiyyətin ölkədə yapdığı xariqələri görməzdən gəlirsiniz...
Amma hamı hər şeyi görürdü. Bircə o qalmışdı ki, durub əhaliyə desinlər ki, bir aylığa ölkədən çıxıb gedin, oyunlar bitəndən sonra qayıdarsınız!..
Qərəz, indi ümid var ki, ən azı, iyunun sonlarınacan qulağımız dinc olacaq...
Böyük ehtimalla, müxalifət Avropa Oyunlarına çox qərəzli münasibətinə görə qınanacaq, o biri tərəfdən də hakimiyyətin gördüyü «möhtəşəm işlər»in sırasına Avropa Oyunları da əlavə olunacaq...
HƏLƏ QARŞIDA SEÇKİ VAR...
Amma bəri başdan deyirəm ki, Avropa Oyunları hələ uzun müddət siyasət və ittiham predmeti olacaq. Axı bu il parlament seçkiləri də keçirilməlidir. Böyük ehtimalla, müxalifət Avropa Oyunlarına çox qərəzli münasibətinə görə qınanacaq, o biri tərəfdən də hakimiyyətin gördüyü «möhtəşəm işlər»in sırasına Avropa Oyunları da əlavə olunacaq...
Sevindirici cəhət yalnız odur ki, insanların Avropanı bir az da hiss etmək, duymaq şansları artacaq. Ölkənin ATƏT və Avropa Şurası üzvü olması və Avropa Birliyi tərəfindən Şərqi Avropa ölkəsi elan edilməsi bu hissiyyatı o qədər artırmasa da...
BİR DAHA «İKİLİ STANDARTLAR» BARƏDƏ...
İnsanlara «ikili standart»lardan, sanki dünyada və qitədə heç bir prinsipin olmamasından o qədər dəm vurublar ki, heç nəyə inam qalmayıb...
Amma doğrudanmı ölkədə və qitədə heç bir prinsip, heç bir qayda və meyar yoxdur?
Bu yaxınlarda Rusiya haqqında bir yazı oxudum. Baxıb görürsən ki, deyilənlərin hamısı cəfəngiyatdan başqa bir şey deyil. Dünyanın yazılı və yazılmayan qanunları var və indi Rusiya həmin qanunlara görə ittiham olunur. Söhbət nədən gedir?
«İkili standartlar»dan danışanların özü, xüsusən öz vətəndaşlarına münasibətdə çox vaxt həmin standartlara əməl etmir...
Birincisi, İkinci Dünya müharibəsindən sonra dövlətlərin ərazi zəbt etməsi, öz ərazisini genişləndirməsi qətiyyən təqdir olunmur...
İkincisi, böyük dövlətlərin, xüsusən nüvə silahı olan dövlətlərin yiyələndiyi güc onlara ayrıca məsuliyyət yaradır. Təsadüfi deyil ki, onlara «məsul dövlətlər» də deyirlər...
Qısası, dünyada prinsip də var, meyar da. O başqa məsələ ki heç də hamını həmin prinsipləri daim gözləməyə məcbur etmək olmur. Bu prinsiplər tez-tez pozulur, amma baxın, Rusiyanı çıxmaq şərtilə, İkinci Dünya müharibəsindən bəri başqa böyük dövlətlər, demək olar, ərazi zəbt etməyiblər...
Danılmaz üstünlüyü, hərbi qüdrəti olsa da, başqa böyük dövlətlər, adətən, hərbi basqı və müdaxilədən çəkinməyə çalışır, buna yalnız qaçılmaz hallarda əl atırlar...
Yox, demirəm ki, hamı bu prinsiplərə, hətta beynəlxalq hüquqdan doğan qanunlara «2+2=4» qədər əməl edir. Yox, sapınmalar var. Amma dünya, iddia edildiyi kimi, «geosiyasi cəngəllik» də deyil. Sadəcə, «ikili standartlar»dan danışanların özü, xüsusən öz vətəndaşlarına münasibətdə çox vaxt həmin standartlara əməl etmir...
Əməl etsəydilər, böyük ehtimalla nə siyasi məhbus problemi qalardı, nə saxta seçkilər, nə də pozulmuş haqlar və ya məhdud demokratiya problemləri...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.