CNN Rusiyada lisenziya alırsa...

Arxiv fotosu

-

ÜMİD OLMASA DA, TƏSKİNLİK OLSUN...

Təskinlik də elə ümid kimidir. O da yaşamağa kömək edir. Xüsusən bir ölkədə baş verənlərin başqa ölkədə də olduğunu biləndə, azacıq da olsa, sakitləşir və düşünürsən ki, sən və sənin ölkən heç də əlahiddə deyil, bənzər problemlərlə başqaları da qarşılaşırlar...

Bir çox neqativ tendensiyaların Azərbaycana Rusiyadan başlanğıc götürməsinə sanki alışmışıq. Oradakı mövcud siyasi sistemi bir az da sərtləşdirməyi hədəfləyən «siyasi texnoloq reseptləri»​ çox keçmir Azərbaycanda da işarır...

Amma bu günlərdə eşitdik ki, ünlü CNN telekanalı Rusiyada lisenziya almağa müvəffəq olub. Doğrusu, bu xəbər bizi bir az çaşdırdı, axı xarici kanallara və beynəlxalq təşkilatların maliyyələşdirdiyi yerli QHT-lərə təpkilər, artıq qeyd etdiyimiz kimi, ilk olaraq Rusiyada başlamışdı...

Amma indi məlum olur ki, qonşu ölkənin hökuməti, hələ ki, ölkəni tam qapatmaqdan uzaqdır. Belə vəziyyət Rusiya siyasi texnologiyalarını «kopiyalamağa»​ alışımış Azərbaycanda niyə diqqətə alınmayıb, bax bu, bizə bir qədər qaranlı qalıb...

SİYASİ SİSTEMİN MƏNTİQİ...

Əslində sərt avtoritar və bir az da kriminal mahiyyətli siyasi sistemlərdə nə baş verirsə, həmin siyasi sistemin məntiqinə uyğun baş verir. Bu məntiqi isə bəlkə də hər şeydən çox məşhur bir lətifə özündə əks etdirir:

Meşədə heyvanlar görür ki, dovşan təlaşlı-təlaşlı harasa qaçır. Soruşurlar, a dovşan, nə olub belə, hara qaçırsan? Dovşan deyir ki, bəs meşəyə «komissiya»​ gəlib, kimin dörd qulağı var, tutub kəsirlər! Heyvanlar qayıdır ki, a dovşan, sən nədən qorxursan, sənin ki, iki qulağın var... Cavabında dovşan nə desə yaxşıdır? - deyir ki, əvvəlcə qulağı kəsir, sonra sayırlar...

İndi bir çox siyasi sistemlərin məntiqi buna bənzəyir - əvvəl adamı həbs edir, daha sonra ona «iş tikirlər​»​. Bəzən bu «iştikmə​»​ prosesi aylarla çəkir və bu müddətdə prosesin ilkin gedişi barədə, olur ki, daban-dabana zidd informasiyalar da səsləndirilir... O üzdən adam uzun müddət məlumatsız qalır. Bilmirsən nə baş verir. Bilmirsən ölkə və onun siyasəti hansı səmti tutub...

Məsəl var, deyirlər ki, qaradan tünd rəng olmaz... Prinsipcə, avtoritar sistemin çərçivələri bəllidir: xırda iqtisadi azadlıqlar və total nəzarətdə olan siyasi həyat. Bu baxımdan bəlkə də hər şey siyasət üzərində total nəzarətə doğru gedir. Bunun limiti, son həddi isə bilinmir. Hər dəfə total nəzarətə doğru bir addım da atılanda, hamımız heyrət içində qayıdırıq ki, yəni bu da mümkündür? Amma mümkündür, xüsusən hakimiyyətin nəzarət şəbəkəsi özünün genişlənmə prosesində hər hansı daxili və xarici maneəyə rast gəlmirsə...

GÜCLÜ CƏMİYYƏT OLMADIĞINDAN...

Azərbaycanın və onun kimi ölkələrin problemi nədədir? Problem ondadır ki, ölkədə güclü cəmiyyət yoxdur. Azərbaycan cəmiyyəti güclü ola bilmədi. Burada güclü cəmiyyət əvəzinə güclü lider və güclü hakimiyyət «seçildi»​...
O üzdən təəccüblənməyə dəyməz. Məsəl var ki, bütün hakimiyyətlər korlanmağa meyllidir. Nəzarətsiz hakimiyyətsə korlanmağa məhkumdur.
İndi hamı özündən və başqalarından soruşur ki, görəsən, hökumət filan işi niyə belə etdi? Amma heç kim özündən bunu soruşnur ki, hökumətin filan işi filan cür etməməsi üçün mən nə etdim? Heç kim heç nə etmək istəmir. Hamı düşünür ki, hakimiyyət nə etmək lazım olduğunu bilir. Onda təəccüblənmək də lazım deyil - hakimiyyət məhz özünün bildiyini və istədiyini edir...

Azərbaycan bir tərəfə, deyəndə ki Rusiyada da güclü cəmiyyət yoxdur, dərhal qayıdırlar: yəni o boyda Rusiyada güclü cəmiyyət yoxdur? Məsələ də ondadır ki, yoxdur. Olsaydı, müxlaifət Boris Nemtsov-un qətlini ölkədəki siyasi atmosferə etiraz tufanına çevirə bilərdi... Amma bacarmadılar. Ya da etmək istəmədilər.

Azərbaycan bir tərəfə, deyəndə ki Rusiyada da güclü cəmiyyət yoxdur, dərhal qayıdırlar: yəni o boyda Rusiyada güclü cəmiyyət yoxdur? Məsələ də ondadır ki, yoxdur. Olsaydı, müxlaifət Boris Nemtsov-un qətlini ölkədəki siyasi atmosferə etiraz tufanına çevirə bilərdi... Amma bacarmadılar. Ya da etmək istəmədilər.

Bir-iki il əvvəl Rusiya siyasətində yeni bir fiqur göründü - Aleksey Navalnıy. Bu adam hələ də üzücü məhkəmə proseslərindən canını qurtara bilmir...
Sonra da deyirlər ki, nə Rusiyada, nə də coğrafi və siyasi məzmun baxımından ona yaxın olan ölkələrdə hakimiyyətin siyasi opponentləri təqib olunur. Amma bu, tamam yanlış düşüncədir – belə hakimiyyətlər ən kiçik opponentlik cəhdlərini də cavabsız qoymazlar...

...Arabir geriyə və bir az da irəli baxmaq lazımdır. Geriyə baxsaq, ilk növbədə, itirilmiş şansları görərik, irəliyə baxsaq – siyasi dalanı!.. Ayrıca bunu da gözardı etməyək ki, bəzən gələcəyin suallarının cavabı keçmişdə olur. Və bu cavabları tapmağın bir resepti var: keçmişdən kül yox, od götürmək gərək...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.