-
«BORU VƏ PORTAĞALLAR ÖLKƏSİ...»
Artıq hamı razılaşır ki, Cənubi Qafqazın iki dövlətində - Gürcüstan və Ermənistanda siyasi həyat daha dinamikdir. Azərbaycan televiziyaları bu iki ölkədəki vəziyyəti problemli durum kimi təqdim etməyə səy göstərsələr də, insanlar belə düşünmür və hər iki ölkədəki prosesləri həm maraq, həm də qibtə hissiylə izləyirlər...
Xüsusən Gürcüstanda baş verən proseslər daha çox maraq doğurur - ən azı ona görə ki, azərbaycanlıların bu ölkəylə sıx təmasları var...
Üstəlik, bu qonşu ölkədəki proseslərin Azərbaycana birbaşa təsiri ola bilər. Azərbaycanın Avropaya çıxış qapısı Gürcüstan sayılır. Rusiyalı analitiklər buranı «boru və naringilər» ölkəsi kimi tanıtsalar da, bu ölkənin Avropaya bağlılığı təkcə coğrafi faktla bitmir - ölkə illərdir ki, həm də sözün əsl mənasında, Avropa olmaq əzmindədir...
RUSİYADAN ÜZ ÇEVİRƏN YEGANƏ QAFQAZ ÖLKƏSİ...
İndi Gürcüstan tək Qafqaz ölkəsidir ki, MDB-yə heç bir bağlılığı yoxdur. Burada Avrasiya İttifaqına qoşulmaq haqqında heç düşünmür və hələ də Avropanın cavabını gözləyirlər...
Amma Avropa da cavab verməyə tələsmir. Bəlkə də belə olmasaydı və Gürcüstanın Avropa istəkləri gerçəkləşsəydi, ölkə siyasətində indi hökm sürən «Gürcü arzusu» siyasi koalisiyası da olmazdı...
«Gürcü arzusu» ölkə siyasətinə qədəm qoyandan bəri dəfələrlə yazmışıq ki, bu bir siyasi blef, siyasi aldatmacadır - nə Abxaziya qayıdacaq, nə Osetiya, nə də Bidzina Ivanishvili-nin qeyd etdiyi kimi, «böyük zavodlar» işə düşəcək. Gürcülər bir neçə il əvvəl yanıldıqlarını, böyük səhvə yol verdiklərini indi anlayırlar...
Amma siyasətə çevrilmiş gürcü arzularının hər iki qolu qəlizdir. Biri – elə adı da «Gürcü arzusu» olanı, Rusiyaya bağlıdırsa, digəri – «Vahid Milli Hərəkat» adlanan qolu Avropaya tuşlanıb. Ən acı reallıq budur ki, «Vahid Milli Hərəkat» Partiyasının və onun lideri Mikheil Saakashvili-nin dedikləri və vəd etdikləri də «Gürcü arzusu» liderlərinin dedikləri kimi çin olmadı. Başqa sözlə, Rusiya ilə bağlı ümidlər doğrulmadığı kimi, Avropaya tuşlanan arzular da boşa çıxdı...
Rusiya ilə bağlı ümidlər doğrulmadığı kimi, Avropaya tuşlanan arzular da boşa çıxdı...
Mikheil Saakashvili-nin dedikləri reallığa çevrilsəydi, bəlkə də «Gürcü arzusu» heç olmayacaqdı. Görünür, elə bunun nəticəsidir ki, «Vahid Milli Hərəkat»ın ən izdihamlı mitinqləri də, ən yaxşı halda, on min adam toplaya bilir...
DÖYÜŞƏ CAVANLAR GEDİR?
Amma hər şeyi pessimist tonda təqdim etməyə də ehtiyac yoxdur. Gürcü siyasətində qibtə ediləsi detallar da tapmaq mümkündür. Ölkə siyasətində bir cavanlaşma tendensiyası da var. Əvvəlki hakimiyyətin vaxtında başlayan bu meyl indi də ara vermir...
Gürcüstan Cənubi Qafqazda yeganə ölkədir ki, 90-cı illərdən bu tərəfə siyasi elitasını bir neçə dəfə dəyişib. Digər iki ölkədə - Ermənistan və özəlliklə Azərbaycanda belə deyil. Azərbaycanın müxalifət spektri hələ də birinci milli-siyasi elitanın bazasına söykənir. İnsanlar durğunluq dövrü deyəndə, əsasən, sovetlərin 70-ci illərini xatırlasalar da, əsl durğunluq 90-cı illərdən sonra başlayıb...
Gürcü siyasətçilərinin uğursuzluğunu anlamaq mümkündür. Ölkə öz iqtisadi resursları ilə bir o qədər də öyünə bilmir. Nə qədər qəribə olsa da, Azərbaycanda da durğunluq iqtisadi resurslardan qaynaqlanır, amma bu dəfə onun kasadlığından deyil, bolluğundan: Ortastatistik azərbaycanlının payına düşən neft qəpik-quruşları onu tənbəlləşdirir...
Gürcüstan və Ukraynada proseslər axıcı getsəydi, digər ölkələr də Qərblə daha sıx kontaktlar aramağa meyllənərdi. Amma indi bu yoxdur, əksinə, uğursuz presedentlər və bir də «Gördünüz də Qərbi?» deyənlər var...
TƏƏSSÜF Kİ, AVROPA DA TƏLƏSMİR...
Adam çox istəyir ki, Gürcüstanda vəziyyət normal məcraya yönəlsin. Ona görə ki, bu gün Ukrayna və Gürcüstan öz ölkəsində demokratiya istəməyənlərin, öz cəmiyyətlərini demokratiyaya hazır bilməyənlərin dilindən düşmür. Ona görə ki, Ukrayna və Gürcüstan demokratiyanın böyük fəsadlar gətirdiyini düşünənlərin, Qərbə həmişə şübhə və ehtiyatla yanaşanların, Rusiyaya önəm vermək və onunla ehtiyatlı davranmaq tərəfdarlarının dilində tutarlı bir arqumentə çevrilib.
Qərb bu «arqument»i onların əlindən ala bilərdi. Amma təəssüf ki, Qərbdə də bunu etməyə tələsmirlər. Onlar da «Qərbə tərəf üz tutsaq, bizim təhlükəsizliyimizi kim təmin edəcək?» - deyə soruşanların əlinə əlavə bəhanə verirlər...
...Belə olmaya da bilərdi. Gürcüstan və Ukraynada proseslər axıcı getsəydi, digər ölkələr də Qərblə daha sıx kontaktlar aramağa meyllənərdi. Amma indi bu yoxdur, əksinə, uğursuz presedentlər və bir də «Gördünüz də Qərbi?» deyənlər var...
HƏR SAMMİTDƏN BİR ÜMİD...
NATO-nun hər bir sammitinə, Avropa Birliyinin hər bir toplantısına ümidlə baxır və gözləyirik ki, bəlkə bu dəfə nəsə alındı, bəlkə bu dəfə Qərb özünün inteqrasiya layihələrinə real məzmun verdi. Amma olmur və bu olmadıqca da arzular da çin olmur...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.