60 il öncə «Kişi öldü»...

Məhəmməd Əmin Rəsulzadənin dəfn mərasimi - 1955

-

6 mart Azərbaycan tarixi üçün önəmli gündür.

Bu gün Azərbaycan Cümhuriyyətinin qurucusu, Milli Şura sədri Məhəmməd Əmin Rəsulzadənin dünyadan köçən günüdür.

Uzun sürən mühacirətdən, bitmək bilməyən ayrılıqlardan sonra yorulmaz mücahid 1955-ci il martın 6-da Ankarada gözlərini yumdu...

«M. Ə. RƏSULZADƏ ENSİKLOPEDİYASI»NDAN:

Martın 7-də saat 22-45-də Ankara radiosu M.Ə.Rəsulzadənin ölüm xəbərini bütün dünyaya yaydı.

Martın 8-də Ankaranın Hacı Bayram camisində Əmin bəyin əqidədaşları onun tabutu başında fəxri qaravulda dayandılar.

Ankara şəhər valisi Kamal Aygün də başsağlığı diləklərini çatdırmaq üçün camiyə gəldi.

Saat 12-30-da M. Ə. Rəsulzadənin cənazəsini Əsri məzarlığına apardılar.

Cənazənin önündə Azərbaycan Kültür Dərnəyinin və b. dərnəklərin, İdil-Ural və Krım türklərinin, polyakların nümayəndələri vardı.

M.Ə.Rəsulzadənin cənazəsi Əsri məzarlığında torpağa tapşırıldı.

Matəm mərasimində Əmin bəyin məsləkdaşlarından Əbdülvahab Yurdsevər, Mirzə Bala Məmmədzadə, Həmdullah Sübhi, Cəfər Seyidəhməd Krımər, professor Zəki Vəlidi Toğan, tanınmış dilçi alim Əhməd Cəfəroğlu və b. nitq söylədilər.

ÇIXIŞLARDAN SƏTİRLƏR: «NƏ ŞƏRƏFLİ BİR HƏYAT!»

«Bu gün son yarıməsrlik türk tarixinin ən böyük, ən nurlu simalarından birini torpağa təslim edirik».

«Nə şərəfli bir həyat!».

«Bu gün bütün inamlı türklük bir bütün olaraq ağlamaqda və matəm tutmaqdadır».

«O, tam mənası ilə fəzilət sahibi, kamil bir insan idi!».

«Biz də Rəsulzadənin tarixi qiymətini tanıyanlardanıq!».

«O, inandığı mübarizə uğrunda hər şeyini - ailəsini, rahatlığını, səhhətini, nəhayət, həyatını fəda etmişdi».

«Əgər bu mühit əzizləri (müqəddəsləri – red.) seçən bir mühit olsaydı, mən mərhum Emin bəyin əziz (müqəddəs – red.) olaraq seçilməsinə rəy verərdim».

«BÖYÜK BİR KAYIP: AZƏRBAYCAN MİLLİ LİDERİ RƏSULZADƏ ÖLDÜ!»

Sonrakı günlər İstanbulda və Ankarada matəm yığıncaqları düzənləndi.

Türkiyədə, İranda nəşr olunan bəzi qəzetlər, o zamanlar Almaniyadan-Münhendənyayımlanan AzadlıqRadiosu M.Ə.Rəsulzadənin ölümü ilə bağlı məlumatlar verdi.

Rəsulzadənin yaratdığı Azərbaycan Kültür Dərnəyinə dünyanın müxtəlif səmtlərindən başsağlığı məktubları və teleqramları axışdı.

AZƏRBAYCAN SUSURDU...

Təkcə vətəni Azərbaycanda Əmin bəyin vəfatı eşidilməz oldu.

Zatən onun Ankarada dünyaya göz yumduğunu çox az adam bildi.

«Çox az adam» deyəndə ki - hakimiyyət kreslolarında əyləşənlər və o dövrdə gizlicə xarici radiolara qulaq asanlar...

«KİŞİ ÖLDÜ!..»

Yazıçı Anar 1955-ci ilin martını belə xatırlayır:

«Atam sakitcə anama dedi: Kişi öldü!..».

«FİKRİ İSTİQLAL!»

Əmin bəy cəmi 71 il yaşaya bildi. Zatən mübarizələrlə dolu bir ömür, olsa-olsa, elə bu yaşa çata bilərdi...

Təbii ki, Əmin bəy Azərbaycan istiqlalını bir də dadmaq üçün çox yaşamaq istərdi.

Axı o, istiqlalın nə vaxtsa qayıdacağına adı kimi inanırdı.

Hələ mühacirətin ilk illərində İstanbulda çıxan məşhur «Azərbaycan Cümhuriyyəti» əsərində Əmin bəy yazırdı:

«Azərbaycan türk olduğunu dərk eyləmiş...Fikri İstiqlal!».

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.