Yaxın və uzaq İran...

İlham Əliyev və Hassan Rohani, Tehran, 9 aprel 2014

-

Sizin brauzer HTML5-i dəstəkləmir

Yaxın və uzaq İran...

XƏZƏR HƏM BİRLƏŞDİRİR, HƏM DƏ AYIRIR...

Həyatda adamlar qohumlarını seçmədiyi kimi elə dövlətlər də qonşularını seçmir. Ona görə də azərbaycanlılar istəsələr də, istəməsələr də İran onların ölkələrinin siyasi həyatında mühüm amil kimi qalacaq, baxmayaraq ki, belə bir perspektivdən xoşlanmayan ölkələrin sayı da az deyil...

Elə bu səbəblərdən də İran prezidentinin Bakıya səfəri elə də maraqsız hadisə deyil. Bəri başdan kimsə deyə bilər ki, siyasətin əsas təmas nöqtələrində onsuz da Azərbaycanla İran arasında ciddi bir şey alınmır.

Bunu tamam inkar etmək niyyətində deyilik, amma bu məsələdə bir qədər fəqrli düşünürük, çünki məhz səfərlər, gediş-gəlişlər belə təmas nöqtələrini yaxınlaşdırır. Ən azı ona görə ki, İranın ən böyük siyasi opponentlərindən biri olan Qərb dövlətlərinin özləri də İranla danışır və müxtəlif mövqeləri yaxınlaşdırmağa cəhd edirlər.

Əgər bilavasitə böyük siyasətə müraciət etsək, Azərbaycanla İran hələ də çox mühüm bir məsələdə-Xəzərin statusu məsələsində mövqelərini tam yaxınlaşdırmağa müvəffəq olmayıblar. Düzdür, sonuncu Həştərxan sammitində deyildi ki, Xəzəryanı dövlətlər nəhayət ki, prinsipial məsələlərdə razılığa gəliblər və çox güman ki, növbəti sammitdə-Qazaxıstanda keçiriləcək Xəzər sammitində dövlətlər tam şəkildə bir mövqedən çıxış edə biləcəklər...

Hələlik isə Xəzərin statusu da, onun təkində yerləşən bəzi neft-qaz yataqları da mübahisəli olaraq qalır...

ERMƏNİSTANI İŞĞALÇI DÖVLƏT KİMİ TANISA DA...

Digər məsələyə, Qarabağ probleminə gəldikdə isə İran bir neçə dəfə Ermənistanı işğalçı dövlət kimi tanıdığını bildirib. Amma bu ona həmin ölkə ilə hərtərəfli siyasi və iqtisadi əlaqələr saxlamağa da mane olmayıb...

Serzh Sarkisian və Hassan Rohani, Tehran, 5 avqust 2013.

Təbii ki, İranın belə ikili, mürəkkəb mövqeyi Bakıda müəyyən narazılıqlara səbəb olub. Amma Bakı hələki belə mövqeyi dəyişməyə də müyəssər olmayıb. Elə bu səbəbdən də ikitərəfli münasibətlər daim mülayim soyuqluqla istilik arasında rəqs edir-rəsmi Bakı bir tərəfdən nümayiş etdirməyə çalışır ki, onun heç bir dövlətlə dərin ixtilafı yoxdur, o biri tərəfdən də bəzən məcbur olub bəzi siyasi reallıqları da etiraf edir.

DOSTUMLA DOST, DÜŞMƏNİMLƏ DÜŞMƏN OL!...

Belə siyasi etiraflardan biri bir-iki il bundan əvvəl olmuşdu. O vaxt Bakı rəsmilərindən biri İranın əsas tələbini cəmiyyətə çatdırmağa cəhd etdi. O dedi ki, İran istəyir ki, onun düşmənləri ilə Azərbaycan da düşmən olsun...

Əslində həmin etiraf İranın Azərbaycana yönəlik siyasətinin məğzinə kifayət qədər aydınlıq gətirmək iqtidarında olan bir detal idi.

Belə ki, İran həmişə Azərbaycanın siyasətini, xüsusən də bu ölkənin xarici siyasətini, diplomatiyasını öz maraqlarına tabe etməyə çalışıb.

Bu ona heç də həmişə müyəssər olamyıb. Amma hər belə cəhddə aralıqda nisbi soyuqluq fazaları müşahidə edilib...

Astara gömrük məntəqəsi

İNSANLAR MÜALİCƏ ÜÇÜN DƏ İRANA GEDİR...

İndi İranla Azərbaycan arasında ticarət dövriyyəsi bir o qədər də böyük deyil, təxminən 500 milyon dollar təşkil edir. Amma bu, bəlkə də əlaqələrin rəsmi tərəfidir.

Məsələn, altı yüzdən çox özəl tibb klinikası olan Azərbaycandan müalicə üçün hər il bir milyona yaxın adam İrana gedir. İranla həmsərhəd bölgələrdə isə bu ölkə ilə ticari-iqtisadi əlaqələr daha sıxdır...

Etiraf etmək lazımdır ki, rəsmi Bakı İranla problemsiz əlaqələrdə həmişə maraqlı olub.

İRANDAKI AZƏRBAYCANLILAR UNUDULUB...

Bunun bir səbəbi o olub ki, indiki hakimiyyət özündən əvvəlkinin səhvlərini təkrar etməməyə çalışıb və buna qismən nail olub. Bu gün Azərbaycanda İran azərbaycanlılarının problemlərinə maraq, az qala, sıfır səviyyəsindədir.

Rəsmi Bakı bunu etməklə İranla bağlı siyasətinə bir səmimilik elementi qatdığını düşünür. Amma burada bir məsələni qeyd etməmək olmur. Bu illər ərzində rəsmi Bakı dünya siyasətində İran azərbaycanlılarının probleminə ciddi maraq da görmədi. Deyirlər ki, təklif tələbdən doğur- hansısa səbəbdən İran azərbaycalılarının problemi ilə bağlı dünya siyasətində ciddi tələb müşahidə olunmadı.

Təbriz

Düşünmürük ki, böyük dövlətlər bu problemi bilmirdilər, İranın milli-etnik spesifikasına və siyasi tarixinə bələd deyildilər. Onlar bunu bilirdilər. Hətta «İranın siyasi barometri Təbrizdir!» kimi məşhur deyim də onlara yaxşı bəlli idi. Amma hansısa səbəblərdənsə İranla münasibətlərin ən gərgin çağında belə qeyd olunan problemə maraq müşahidə edilmədi.

RƏSMİ BAKI ƏN ÇOX ÖZ CƏMİYYƏTİNDƏN EHTİYAT EDİR...

Həm də rəsmi Bakı onsuz da siyasətdə çox ehtiyatlıdı, çünki özünün əsas siyasi opponenti kimi ilk növbədə yerli cəmiyyəti, öz cəmiyyətini görür. Ona görə də yaxın dövlətlərlə, xüsusən də qonşularla münasibətlərə xüsusi həssaslıqla yanaşır...

Bu siyasi hakimiyyət istəmir ki, orta statistik azərbaycanlıda ölkənin İranla və ya Rusiya ilə münasibətlərinin pisləşməsi təsəvvürü yaransın, çünki hakimiyyət bunu öz zəifliyi kimi yozur...

Elə rəsmi İran da ötən illəri boş keçirməyib. Bu illər ərzində Tehranda da rəsmi Bakının prioritet maraqları haqqında müəyyən təsəvvürlər formalaşıb. Orada da, elə Rusiyada olduğu kimi, gözəl dərk edirlər ki, ortalıqdakı kiçik ixtilaflara və narazılıqlara rəğmən məhz indiki hakimiyyət onların maraqlarına daha çox cavab verir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.