İki bədbəxt ölkə: Ukrayna və Azərbaycan, hərəsinin də ayrı cür bədbəxtliyi...

Azərbaycan və Ukrayna bayraqları.

-

Sizin brauzer HTML5-i dəstəkləmir

İki bədbəxt ölkə: Ukrayna və Azərbaycan, hərəsinin də ayrı cür bədbəxtliyi...

YADA DÜŞÜR XATİRƏLƏR...

Ukraynada da növbədənkənar parlament seçkisi baş tutdu. İndi bununla, eləcə də seçkinin konkret nəticələrilə bağlı hamı yetərincə məlumatlıdır.

Amma əsas bu, deyil. İndi əsas olan odur ki, Ukraynanın hansı parlamentdən qurtulduğunu (əgər belə dümək mümkündürsə!) təsəvvür edək.

Ukraynanın keçmiş parlamentinə baxanda yada Azərbaycanın birinci Milli Məclisi düşürdü.

Orada təkcə demokratiya əleyhdarlarına təsadüf edilmirdi, deputatların böyük hissəsi əməlli-başlı ölkənin müstəqilliyini də ciddi qəbul etmirdi...

Ona görə də 93-cü ilin iyun-avqust aylarında parlamentdəki çıxışlarda təkcə demokratiya yamanlanmırdı, həm də ölkənin müstəqilliyi hədəf kimi götürülürdü.

Bəziləri hətta düşünürdü ki, artıq revanş dövrü yetişib və AXC-nin cəmiyyətə “sırıdığı” müstəqillikdən tamam imtina ediləcək, sanki müstəqilliyi də Azərbaycana yalnız AXC gətirmişdi...

Onların istədiyi kimi olmadı. Düzdür, sonradan belə adamlardan bəzisi hətta “Şöhrət” və ən başlıcası isə “İstiqlal” ordenləri ilə təltif olundu. Amma, o vaxtkı “çıxışları” heç də hamı unutmayıb...

DOĞRUDANMI DEPUTAT HƏR SÖZÜ DEYƏ BİLƏR?!

Bunları niyə xatırladıq? Ukrayna parlamentində (artıq keçmiş!) elə hadisələr, elə çıxışlar olurdu ki, bunları hətta Azərbaycanın birinci Milli Məclisində belə təsəvvür etmək çətin idi.

Təsəvvür edin, ukraynalı deputat öz ölkəsini öz ərazisində işğalçı siyasət yürütməkdə ittiham edirdi...

Uzaqdan bu, bəlkə də Ukraynadakı qədər təsir bağışlamır. Ona görə ki, Azərbaycanda olan keçmiş müstəqillik və bazar iqtisadiyyatı əleyhdarları artıq başa düşüblər ki, sən demə, müstəqillikdən və bazar iqtisadiyyatından yaxşı bir şey yox imiş!..

Amma Ukraynada belə deyildi. Orada ölkə islahat apara bilmir, öz istiqlaliyyətini mökəmləndirməyə çətinlik çəkirdi. Hamısı da rusofil deputat fraksiyalarının əlindən!...

Ukraynada adi seçicilər, ölkə əhalisi, hətta orada yaşayan azərbaycanlılar belə həmin parlamentin əlindən az qala zəncir gəmirirdi...

Ona görə də “Ukrayna bu parlamentdən xilas oldu”- desək, yanılmarıq. Ən azı indiki məlumatlara görə mandatların çoxunu hakimiyyətdə olan qərbçi-demokratlar qazanıblar.

ULYANOV, VİDALAŞMAQ VAXTI DEYİLMİ?

Düzdür, çətindi. Amma indi demək olar ki, ölkədə dəyişikliklər olacaq. Ən azı ölkədən Vladimir Lenin-in heykəlləri yağışdırılacaq.

Bu, adama Ukraynada təəccüblü gələn əsas detallardan biridir. Bir ölkədə bir adamın nə qədər heykəli olarmış?! Amma təəccüblü də deyil, sovetlər vaxtında ən azı bütün “raykom binaları”nın önündə Lenin-in heykəli olurdu. Təəccüblü olan budur ki, bu heykəllər hələ də yığışdırılmayıb...

Bəlkə də azərbaycanlılara Ukraynanın halına acımaqdansa öz hallarını düşünmək daha çox yaraşır. Amma adam inana da bilmir ki, Azərbaycan da nədəsə kimdənsə irəlidə ola bilər...

Ukraynada seçki oldu. İndi də guya Azərbaycanda da bələdiyyə seçkisi olmalıdır. Kimsə bunun fərqindədirmi?..

Düzdür, ölkə siyasəti müstəqillik əleyhdarlarından, ideyalı kommunistlərdən təmizlənib...

YAĞIŞDAN ÇIXDIQ, YAĞMURA DÜŞDÜK...

Amma yeni bəlalar meydana çıxıb. Bu da bircə günün içində dönüb “demokrat” olan keçmiş kommunistlərdir. Bu adamların üstünlüyü ondadır ki, onların dəhşətli dərəcədə yüksək adaptasiya qabiliyyətləri var... İnsafən, demək lazımdır ki, bu məmurlar demokrat olmadıqları kimi heç vaxt əsl, ürəkdən kommunist də olmayıblar.

Onlar sadəcə, heç vaxt özünü itirməyən, həmişə üzdə olan və həmişə də siyasi piroqun ən ləziz hissəsini özünə tərəf çəkənlərin “partiya”sıdır... Bu “partiya” digər strukturlar kimi nəinki bələdiyyələri də fiksiyaya çevirib, hətta bununla kifayətlənməyərək bələdiyyələrə seçkiləri də saxtalaşdırır...

Bu “partiya”dan qurtulmaq o qədər də asan məsələ deyil. Bəlkə də indiki yaşlı nəsil bunu heç görməyəcək də... Çünki bu hakimiyyət görüntü yaratmaqda çox mahirdir - bəzən siyasi qrimin arxasında necə böyük bir anti-demokratın gizləndiyini hiss etmək hətta ən mahir psixoloqlara da nəsib olmur...

Ukraynadakı seçki ərəfəsində çoxları baş sındırırıdı ki, görən, ölkə bu parlamentdən qurtulacaqmı? Adama bir az da gülməli gəlir, amma nə qədər qəribə olsa da, azərbaycanlı məmurlar üçün belə işlər qətiyyən problem deyil!.. Onlar istənilən rəngdə və istənilən məzmunda parlament “yarada” bilərlər, yetər ki, bunun üçün siyasi sifariş və tələbat olsun!

Hətta sabah möcüzə baş versə, kommunizm yenidən qayıtsa, özləri də dönüb yenidən “kommunist” olarlar...

BÜTÜN BƏDBƏXTLƏR KİMİ...

Amma müstəqillik və bazar iqtisadiyyatı da yaman xoşlarına gəlib. Əslində onlara ləzzət edən bazar iqtisadiyyatı yox, elə ölkədəki bazarın özüdür...

Ona görə də burada Lev Tolstoy-un bir fikrini xatırlamamaq olmur. O yazırdı ki, bütün xoşbəxtlər eyni cür xoşbəxtdi, amma bədbəxtlərin hərəsi bir cür bədbəxtdir. Beləcə, Ukrayna bir cür bədbəxtlik içindədir, Azərbaycan tamam başqa bədbəxtlik içində...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.