Keçid linkləri

Təcili xəbərlər

Kiyevdə taksi xidməti Bakıdan 2 dəfə ucuzdur


Ukrayna, Maydan
Ukrayna, Maydan

-
AzadlıqRadiosunun əməkdaşı Kiyevin məşhur “Maydan”ından yazır...

Yeddi yaşlı oğlumu çağırdım ki, gəl sənə Google-da gedəcəyim şəhərin şəkillərini göstərim. Axtarış şəbəkəsinə “Kiyev” yazıb şəkillər bölümünü tıqlayanda bir göz qırpımında ekran Maydan şəkilləri ilə doldu: fotolardan üzüqanlı, maskalı, tutuşan-vuruşan adamlar, yaralılar, polislər boylanır, sanki alov, tüstü qalxırdı. Oğlum baxdı, baxdı və birdən dedi:

“Ana, sən ora getmə!”.

....Təyyarə sağ-salamat uçuş zolağına enərkən, sərnişinlər əlçalması artıq ənənəyə çevrilib. Amma budəfəki sevincin kökləri bəlkə də Malaziya təyyarəsinin taleyinə gedib çıxır.

Uzü şəhərə yolda bizi payız qarşlayır: Yolboyu uzanan meşə minbir rəngə çalır. Sanki yazın bir rəng varmış, payızın minbir rəngi...

Avropa paytaxtı olmağa çalışan Kiyevin məşhur Maydanında insan qaynaşır. Avtomobil yolu bağlıdır. Ətrafda qan coşduran, ruh yüksəldən mahnılar eşidilir.

Maydanın mərkəzində yaşlı, ya uşaq demədən hamı bir- birini saman topasına tutur
Maydanın mərkəzində yaşlı, ya uşaq demədən hamı bir- birini saman topasına tutur

Maydanın mərkəzində yollara saman töküblər, yaşlı, ya uşaq demədən hamı bir-birinə qarışıb, bir-birini saman topasına tutur. Bir tərəfdə qədim slavyan geyimli kişilər, qadınlar, cavanlar, qocalar çalıb-oxuyur, oynayırlar. Elə buradaca Ukrayna mədəniyyət tarixinin dərinliklərindən soraq verən geyimlər, taxta, həsir və dəmir məmulatlar satılır.

Hə, burada Putinin şəkli olan tualet kağızını 20 qrivnaya – təxminən 1 manata almaq olar. Bundan ucuzu da var, amma şəkil rəngli deyil.

Görən bayram sanar... Amma öyrənincə bildik ki, inqilabdan-inqilaba siyasi mərkəzə çevrilsə də, Maydan hər həftəsonu bayram ovqatı yaşayır. Hər dəfə fərqli əyləncələrlə...

“Ukraynaya eşq olsun!”

İzdiham arasında polisə rast gəlmirik. Bakıda addımbaşı polis gördüyümüzdən, bu, bizə təəccüblü görünür.

Bir kənarda dayanan avtomobildə cəbhəyə pul yığılır. Adamlar həvəslə yanaşıb şəffaf daxılı doldurur, daxılı örtən Ukrayna bayrağına imza atırlar.

Ukraynada parlament seçkiləri olacağını seçki çadırlarından, reklam lövhələrindən görmək olar
Ukraynada parlament seçkiləri olacağını seçki çadırlarından, reklam lövhələrindən görmək olar

Maydanda sarı geyimli 30-40 gənc şam yandırır. Onlar tələbə-könüllülərdir. Donetsk və Luqanskda həlak olanların xatirəsinə yandırdıqları şamları buraya qoyulan qurğunun üstünə düzəcəklər. Gözləyirik. Bir az keçmiş bu qurğunun üstündə alovlanmış şamlar “Ukraynaya eşq olsun!” sözlərini “yazır”...

Oktyabrın 26-da Ukraynada parlament seçkiləri olacağını adda-budda qurulan seçki çadırlarından, reklam lövhələrindən görmək olar.

“Drip-drop”u dinləmək xoş idi...

Hava qaralır, “preslənmiş” samanlar oturacağı əvəzləyir: Musiqi trio və ya kvartetləri canlı konsert verir. Tamaşaçıları heç də az deyil...

50-60 metr o yandasa çalıb-oxuyan iki gənc oğlan diqqət çəkir. Deyəsən, ukraynalılar çalıb-oxumağı çox sevirlər. Yoxsa az vaxtda bir belə musiqi qrupuyla rastlaşardıqmı?!.

Şəhər küçələrində hərbi-vətənpərvər ruhlu, dükan və kafelərdə lirik mahnılar eşitmək mümkündür. Oturduğumuz kafedə “Eurovision” təmsilçisi Səfurə Əlizadənin “Drip-drop”unu dinləmək, əlbəttə, xoş idi...

Şəhərin mərkəzindəki kafelərin birində axşam yeməyi yeyirik: borş, Kiyev kotleti, portağal şirəsi, salat, iki dilim çörək. Sizcə, buna nə qədər ödəyirik? Bizim pulla müftədir, qəpik-quruşu saymasaq, cəmi 3 manat.

Bir manata benzin

Ukraynada orta əməkhaqqı 400-500 ABŞ dollarıdir. Benzin bizim pulla bir manata satılır. Amma taksi ilə Bakıda 13-15 manata gedilən məsafəyə bizdən 150 qrivin, yəni 8 manat istəyirlər. İctimai nəqliyyatda bir gediş 27 qəpikdir (3.50 qrivin).

Çoxlu fotolar çəkirik. Heç kimin icazə almağa ehtiyac yoxdur. Küçə rəssamına rəsm çəkdirən bir ukraynalı xanım da smartfonun obyektinə düşür. Sonradan mağazada rastlaşanda xanım xahiş edir ki, fotosunu ona da göstərim. Deyəsən, fotoqraflığımı bəyənir, məmnuniyyətlə təşəkkür edir.

Bakıya qayıdanda çəkdiyim şəkilləri oğluma göstərəcəyəm. İnanıram ki, bu şəkilləri görəndə bu dəfə belə deyəcək: “Ana, məni də ora apar”...

XS
SM
MD
LG