-
AĞ QOÇ, QARA QOÇ
Türkiyədə siyasi nisbəti dəyişəcəyi güman edilən bələdiyyə seçkilərinə sayılı günlər qalıb. Ölkə seçkilərlə yaşayır. Hara baxırsan, siyasi görüş, bir də mitinq ovqatı duyulur. Əgər Azərbaycanda heç olmasa prezident seçkilərinə bu qədər diqqət ayrılsaydı, özümüzü xoşbəxt sayardıq.
«Hər bir xalq yaşadığı siyasi sistemə layiqdir» fikrinə heç vaxt bəraət qazandırmamışıq. Amma onun dəmir məntiqi ilə hesablaşmamaq da olmur. Düzdür, bütün xalqların həyatında qaranlıq günlər, irtica olub. Bunu da inkar etmək niyyətində deyilik. Amma millət, cəmiyyət ağ günə çıxmağa cəhd etməlidir.
Hər bir millətin mifoloji təfəkkürü onun milli pasportudur. Bizim Azərbaycanın çoxlu qəhrəmanlıq və sevgi dastanları olduğu kimi, bir «Ağ atlı oğlan» nağılı da var. İctimai diskurslarda həmin «ağ atlı oğlan» obrazı həmişə peyda olur: insanlar həmişə haradansa bir qəhrəmanın peyda olacağına və onları zillətdən, səfalətdən qurtaracağına ümid edirlər.
Ona görə də adam çaşıb qalır. Görəsən, kiminsə nə vaxtsa zühur edəcəyi haqdakı teoloji təsəvvürlər məhz belə nağıllardan qaynaqlanmayıb ki? İndi dərin teoloji diskussiyalara baş vurmaq fikrində deyilik. Amma onları nələrəsə bir açar kimi qeyd etməmək də mümkün deyil.
Yazının əzəl cümləsini Türkiyədən başladıq. İnsanların bir qədər romantik duyğuları saxlaması çox yaxşı haldır. Azərbaycanda kimdənsə etiraz aksiyasına gəlməməsinin səbəbini soruşanda adətən «Mənim işim-gücüm yoxdurmu?» deyə cavab verirlər.
Buradan belə nəticə çıxarmaq olar ki, Türkiyədə mitinqlərə gələn minlərlə insan sözün əsl mənasında lap işsiz-gücsüzdür. Hələ Ukraynada o cür şaxtada meydanlarda gecələyən insanları demirik!
Bəlkə buna görədir ki, azərbaycanlıları işıqlı günə nağıllarda ya ağ atlı oğlan, ya ağ qoç-qara qoç, ya da ki, simurq quşu çıxarır?
ƏN STATİK SİYASİ ELİTA
Siyasi mübarizənin yüzlərlə metodu var. Zaman-zaman bu metodlar cəmiyyətə təklif olundu. Amma məlum olmadı ki, onlar niyə başqa millətlər üçün yararlı olduğu halda Azərbaycanda öz tətbiqini tapmadı?
Suallar çoxdur. Əvvəllər Azərbaycanın Orta Asiyaya bənzəməsi fikrini də heç bir vəchlə qəbul etmirdik. Amma ən statik siyasi elita bir Orta Asiyadadır, bir də Azərbaycanda - nəinki hakimiyyət, heç müxalifət də dəyişmir.
Amma Türkiyəyə baxın. Ukraynanı yada salın. Gürcüstanı götürün. Siyasi elita nə qədər dinamikdir! Azərbaycandakı yeknəsəqlik isə adamı lap üzür.
Ukraynada «narıncı inqilab»ın üstündən heç on il keçməyib. Amma gəl səhnədə nə qədər yeni siyasətçi var! Onlar nəinki etirazlara başçılıq etmək, hətta ağır dövlət yükünü də öz çiyinlərinə götürmək əzmindədirlər.
Elə Türkiyənin özündə nə qədər dəyişiklik var! İnsanları hətta on il hakimiyyətdə qalanlar bezdirir, onlar yenilik istəyirlər. R.T.Erdoğan-ı «köhnə siyasətçi»lərə aid etmək olmaz. Amma o, da insanları yorub.
Bu da təsadüfi deyil. Hakimiyyətlərin vaxtı uzananda onları ətalət bürüyür, mühafizəkarlaşırlar, dəyişikliklərə qarşı çıxırlar. Baxın, Azərbaycanda hakim partiyanın hakimiyyət «stajı» 21 ildir. Müxalifətinki də bu qədərdir, hətta bir qədər də artıqdır.
Bu insanlar az qala öz kürsülərində qocalıblar. Onlar dəyişiklik istəyərmi? Əsla. Əksinə, bu adamlar (iqtidarlı-müxalifətli) öz statuslarına, öz imtiyazlarına o qədər alışıblar ki, bunların əbədi olmasını arzu edərdilər. Hələ onu demirik ki, ölkədə siyasi tələb səviyyəsinə qaldırılan dəyişiklik ovqatı da yoxdur. Hamı ümid edir ki, dünyada baş verən proseslər hakimiyyətin özünü dəyişməyə vadar edəcək. Amma belə olurmu?
DƏYİŞƏN ÖLKƏ MAKETİ
Politologiya prinsipcə, «yuxarı»dan dəyişiklikləri istisna etmir. Amma hakimiyyətlər buna məcbur edilməyəndə onlar ən yaxşı halda bu dəyişikliyi imitasiya edirlər. Beləcə, dəyişmiş ölkə maketi yaradılır. O daha çox xarici aləmə təqdim edilmək üçün nəzərdə tutulur. Amma ölkənin içində də həmin o maketi cəmiyyətə «sırımaq» istəyirlər.
Cəmiyyət tələbkar olmayanda bununla hesablaşmalı, kifayətlənməli olur. Ona görə ki, başqa çıxış yolu da qalmır.
Ağ atlı oğlan isə nədənsə gəlmir, elə hey yubanır, çünki heç kim özünü onun yerində təsəvvür etmək, özünü onun yerinə qoymaq istəmir...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir