-
Günlər yalnız bizim üçün adiləşib. Həftənin bütün günlərini iş və bir də istirahət günlərinə bölürük. Beynəlxalq təcrübədə isə elə gün yoxdur ki, o, nə iləsə əlamətdar olmasın. Bir çox hallarda bu, təkcə simvolik məzmun da kəsb etmir, insanların uzun bir mübarizə tarixini əks etdirir.
Bu yaxınlarda daha maraqlı bir gün də qeyd olundu. Söhbət Gənclər günündən gedir. Bu, elə bir mövzudur ki, hamı-hakimiyyət də, müxalifət də onu öz təbliğatının əsas predmetinə çevirməyə, hamısı gənclərə daha yaxşı perspektiv vəd edən tərəf rolunda görünməyə cəhd edir. Ona görə də mövzu bizə də olduqca maraqlı göründü.
YAŞLILARIN ƏN SEVİMLİ MÖVZUSU
Ona görə yox ki, əlimizə özümüzdən cavanların ardınca deyinmək üçün yaxşıca fürsət düşdü. Bəli, o düzdür ki, yaşlı insanların ən sevimli mövzusu cavanlardan gileylənmək olur, amma bu sətirlərin müəllifi hələ o yaşdan bir qədər uzaqdır.
Həm də biz cavanlardan deyil, daha çox onların yaşamalı olduğu bu ölkədən gileyliyik. Bəs bu ölkəni onlar üçün kim qoyub gedir? Təbii ki, biz. Ona görə də əvvəlcə gərək bir yaxşı-yaxşı özümüzü qınayaq, sonra da keçək cavanlara.
Amma cavanlar üçün görə biləcəyimiz ən böyük iş onları bizim etdiklərimizdən çəkindirməkdir.
LİDERLƏRƏ PƏRƏSTİŞ ETMƏK LAZIMDIRMI?
Doğrusu, əvvəllər siyasi partiyalara cavanların gəlişi biz çox sevindirirdi. Amma sonradan gördük ki, onlar özləri ilə demək olar ki, çox az siyasi yenilik gətirirlər. Əksinə, bəzi hərəkətləri ilə, kiməsə kortəbii pərəstişləri ilə partiyadaxili avtoritarizmi daha da artırırlar, baxıb görürsən ki, gənclərdə «zombiləşmə» meyli çox güclüdür.
Təbii ki, bu, bütün partiyalara aid deyil, amma ölkədə ilk siyasi onluğa iddia edən partiyaların əksəriyyətində bu tendensiyanın izlərini görmək olar.
Bizim anlamımızda gənclik həmişə üsyan, qiyam demək olub.
Yaşı keçmiş, həyatda özünü təsdiq etmək üçün artıq heç bir şansı qalmamış yaşlı insanın kiməsə yaltaqlanmağını bəlkə də başa düşmək olar. Amma bütün perspektivi hələ irəlidə olan gənc insanın bu yolu tutması anlaşılmazdır. Düzdür, gənclərdə bir mənəvi təmizlik, saflıq olur, onlar yaşlı adamlardan fərqli olaraq daha emosional münasibət təzahür etdirirlər.
Bir çox hallarda cavanların siyasi liderlərə pərəstişinin arxasında hansısa təmənna dayanmır, bu, daha çox onların mənəvi saflığından, bir az da təcrübəsiz olmasından irəli gəlir. Amma insanın hissi ilə əqli arasında bir mütənasiblik olmalıdır.
SİYASƏTLƏ MƏŞĞUL OLMAQ ÜÇÜN MANDATI KİM VERİR?
Bu yaxınların söhbətidir. Bir müxalifətçi ilə söhbət edirdik. O, ölkədə artıq tanınan gənc intellektuallardan birini nəzərdə tutaraq dedi ki, bu adamı başa düşə bilmirəm, siyasətlə məşğul olmaq istəyirsə, gəlsin bizim partiyaya, filankəs bəyin lap müavini olsun. Mən o vaxt həmin adama dedim ki, niyə o, mütləq hansısa bəyin müavini olmalıdır, bəlkə o, özünün siyasi yolunu arayır?
Söhbətimiz burada da bitdi. Amma o vaxtdan bu məsələ üstündə düşünürük. Bəziləri özlərini elə aparır ki, sanki siyasətlə məşğul olmaq üçün mandatı yalnız onlar verirlər. Amma belə olmalıdırmı? Bəlkə gedib kiminsə yanında «zombilik» etməkdənsə, bir QHT yaratmaq, ictimai fəaliyyətlə məşğul olmaq daha düzgün yoldur?
BAŞQASININ «SİYASİ DÜKAN»INDA...
İndi təxminən 21 illik yola baxırıq. Bu müddətdə nə qədər daha faydalı iş görmək olardı? Amma onlar görülmədi. Ən əsası isə növbəti 21 ili haradansa götürmək, borc almaq imkanı artıq yoxdur, ona görə ki, bu həyat da hamıya cəmi bircə dəfə verilir.
Yazının əvvəlində yazdıq ki, gənclik üçün edə biləcəyimiz, görə biləcəyimiz ən böyük iş onları vaxtilə bizim etdiklərimizdən çəkindirməkdir.
«Şəxsiyyətə pərəstiş»dən həmişə uzaq olmağa çalışmışıq. Amma səhvimiz də az olmayıb.
İndi, üstündən on illər keçəndən sonra nəyi özümüzün ən böyük səhvimiz hesab edərdik?
Səhvimiz o olub ki, illərlə başqasının siyasi partiyasında, ya da hirslənəndə onların özlərinin dediyi kimi, «siyasi toçkası»nda, «siyasi dükan»ında sahman yaratmağa çalışmışıq. Halbuki əvvəldən qəbul etməli idik ki, bu, başqasının «siyasi dükan»ıdır, onun ağası başqasıdır, onun «gəliri» də başqasınındır.
Bunu çox gec başa düşdük. Başqasının «siyasi dükan»ında sahman yaratmağa çalışmaqda bizim heç bir eqoist, məkrli planımız yox idi. Amma hətta buna da baxmadılar...
Elə ona görə də siyasətdə də gərək öz yerini, izini tapasan. Başqasının «siyasi dükanı»nda etdiklərinin xeyri həmin başqasının adına yazılacaq, ziyanı isə səndən görüləcək.
Bəlkə də bu sətirlər kiməsə qəribə görünəcək. Amma həqiqət uğrunda vuruşmağa gedənlər bəzi həqiqətləri bilsələr daha yaxşı olar. Ona görə ki, enerji də, gənclik də adama bir dəfə verilir.
Siyasətlə məşğul olmaq qərarına gəlmiş gəncdə azacıq eqo da olmalıdır. Siyasət adamları V.Hüqonun təmənnasız qəhrəmanları kimi adamları elə də sevmirlər, əksinə, onların hisslərini axıra qədər istismar edirlər və bir gün də qapıları göstərirlər.
Elə bu səbəbdən də özün haqqında qərarı çalışıb yalnız özün verməlisən. Ən azı ona görə ki, insan hər şeyi itirsə də, gərək birini itirməsin-özünə sahiblik hissini. Bu, həm də məsuliyyət məsələsidir. İnsan gərək əvvəlcə öz taleyi üçün məsuliyyət daşımağı bacarsın. Uğura aparan yol da buradan başlayır...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir