MDB-nin qürubu

MDB dövlət başçılarının sammiti - 2011

-
HƏTTA ADRENALİN HƏVƏSKARLARI ÜÇÜN...

Siyasət adamı gündəlik həyatdan bir az uzaqlaşdırır. O şeyləri ki, adi adamlar görür və dəyərləndirir, siyasət adamları onlara biganə və etinasız olur.

Krım ilin bütün fəsillərində gözəldir. Yazı, yayı isə bir başqa aləmdir. Fəqət, indi bu haqda düşünən çox azdır.

Mövzudan bir qədər kənara çıxmaq olsa da, qeyd edək ki, güman ki, bu il əksər turistlər yollarını Krımdan salmamağa çalışacaqlar.

Səbəb də budur ki, Rusiyanın ekspansiv siyasəti sayəsində bu bölgə gərgin bir mərhələyə qədəm qoyub, insanlar isə istirahət üçün bir qayda olaraq sakit və təhlükəsiz yerləri seçirlər. Krım isə indi hətta adrenalin həvəskarları üçün də cəlbedici görünmür.

Bu son günlərdə nələr oldu, hansı qərarlar qəbul oldu, Rusiya hansı «aş qazanını qaynatdı», bunu hamı bilir. Ona görə də təkrara bir lüzum yox. İndi elə məsələlər maraq kəsb edir ki, onlar situasiyanı bir az da anlamağa kömək etmiş olsun.

MƏNİ «DOST»UMDAN QORU...

Nə baş verir? MDB-nin bir üzvü başqa bir üzvünün ərazisinə təcavüz edib. Bunun başqa adı yoxdur. Bu son günlərdə adamın ağlına çox fikirlər gəlir. Bir fikir o birisini əvəz edir. Düşünürsən ki, bəlkə də MDB də bir ideya kimi baş tutardı. Amma Rusiyanın imperialist siyasəti buna imkan vermədi.

Bu neçə ildə təhlilçilər bir neçə dəfə MDB-nin daxili strukturunu cızdılar və belə fikrə gəldilər ki, bu sistemdə iki alt sistem müəyyənləşdirmək olar. Sonradan GUAM yarandı və onda həmin təhlillər özünün təsdiqini tapdı. İndi faktiki olaraq GUAM ölkələrinin MDB-dən qopması prosesi başlayıb.

Üç ölkə Rusiya ilə münasibətlərinin ən gərgin çağını yaşayır. Tək Azərbaycan sükut içində bulunur.

SUSMAQ QIZIL OLSA DA...

Düzdür, diplomatiya sükutu inkar etmir, bəzən hətta onu təqdir edir. Amma elə anlar olur ki, səndən də konkret münasibət bildirmək tələb olunur. Bu, elə ölkələrə də aiddir. Doğrudur, Azərbaycan da Ukraynanın ərazi bütövlüyünü müdafiə etdiyini, hətta oradakı demokratik prosesi dəstəklədiyini bəyan edib.

Amma indi başqa məqamdır. Rusiya siyasəti ikinci dəfədir ki, öz qiyafəsini kənara atır, necə deyərlər, çılpaqlaşır. Birinci dəfə bu, Gürcüstana müdaxilə zamanı olmuşdu. İndi bu hadisə təkrar baş verir.

Belə məqamda Azərbaycan Ukrayna ilə birlikdə MDB-dən çıxdığını bəyan edə bilərmi? Bu addımın lehinə danışanlar da var, onu inkar edənlər də. Daha çox birinci tendensiya maraqlı görünür.

Ona görə ki, «ehtiyatlı addımlar» siyasətinin tərəfdarlarının nə dedikləri hamıya yaxşı məlumdur. Bu xüsusda bütün deyilənləri qruplaşdırsaq bir tezis alınar: Rusiya ilə ehtiyatlı olmaq və onunla oynamamaq lazımdır...

Bir-iki ay bundan əvvəl biz də xüsusda yazmışdıq ki, qışda ayını oyatmazlar. Amma artıq yazdır, «ayı» da özü oyanıb və ayaq üstdədir...

İTİRMƏLİ BİR ŞEY QALIBMI?

Azərbaycan Rusiyaya qarşı getsə nə baş verər? Bu suala cavab verərkən ilk öncə Qarabağı yada salırlar. Amma Qarabağda bundan sonra nə ola bilər ki, o, artıq baş verməyib? Dövlətin bir ərazisində baş verə biləcək ən pis şeylər Qarabağda olub-bu ərazidə bircə nəfər belə olsun azərbaycanlı yoxdur, orada Azərbaycanın heç bir nəzarəti, suverenlik atributu qalmayıb...

Gürcüstan bu vəziyyətə Rusiya-Gürcüstan müharibəsindən sonra gəldi. Di gəl, Azərbaycan isə artıq 20 ildir ki, bu vəziyyətdədir.

Ona görə də MDB-də qalmaq və ya qalmamaq Azərbaycan üçün fərqli situasiyalar deyil. Təbii ki, situasiyanın bir az da durulmasını, aydınlaşmasını gözləmək olar. Olsun. Amma reallıq nə deyir?

Nə Rusiyanın, nə də Ukraynanın güzəşt etmək fikri yoxdur. Ukraynanın baş naziri açıq mətnlə bildirdi ki, onun ölkəsi Rusiyanın filialı olmayacaq. Rusiya da güzəştsiz mövqe tutub, Krımdakı etnik rusları Ukraynaya qarşı qaldırmaqda, öz qoşunlarını bu bölgə ətrafında artırmaqda davam edir.

Ona görə də Rusiya ilə Ukrayna arasında münaqişənin çözülməsindən daha çox, bu iki ölkənin uzun müddətli konfrontasiyaya qədəm qoymasından bəhs etmək daha düzgün olardı. Bu yeni münaqişə də çox çəkəcək.

İndi Ukrayna da etnik münaqişələr yaşayan Azərbaycanın, Gürcüstanın və Moldovanın sırasında özünə yer eləyir. Adı çəkilən üç ölkə bu münaqişəni on illərdir ki, yaşayır. Ukrayna isə bu hala hələ indi gəlir.

Ona görə də onlar arasındakı birliyə yeni məzmun vermək olardı, çünki bu ölkələrin hamısı Rusiyanın təcavüzünə məruz qalıb. Üstəlik, MDB faktiki və hüquqi olaraq çökür. Onun bir adı qalıb. Bu adı yaşatmağa dəyərmi? Xüsusən də nəzərə alanda ki, bu ad getdikcə hamıda daha çox ikrah doğurur.

Bəli, siyasəti mümkün olanın sənəti adlandırırlar. Amma mümkün olanın sərhədi də daim genişlənməlidir, əks təqdirdə dünya və insanlar yaxşılığa doğru dəyişməzdi, dünya da, insanlar da elə bir halda qalardı...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir