Brüsseldən müjdələr olacaqmı?

İlham Əliyev

-
Bu gün İ.Əliyevin Brüsseldə olacağı və NATO-nun mənzil-qərargahında keçiriləcək toplantıda çıxış edəcəyi gözlənir. Prinsipcə, Şimal Alyansından siyasi məsafə saxlayan liderlərin NATO-nun mənzil-qərargahında görünməsi qeyri-adi yenilik deyil, onlar bunu həvəslə edirlər.

Bunun səbəbi bəlkə də odur ki, hətta belə siyasi liderlər də NATO-nun dünyada əsas güc faktoru olması ilə hesablaşırlar. Amma yenə də İ.Əliyevin Brüsselə səfəri maraq doğurmaya bilməz.

Hərçənd, rəsmi açıqlamalarda deyilir ki, bu, iki ildən bir keçirilən ənənəvi bir toplantıdır və Azərbaycanla NATO-nun əlaqələrilə bağlıdır.

Elə digər yanaşmalarda da bu səfərə xüsusi bir önəm verilmir. Məsələ bundadır ki, Gürcüstanın uğursuz cəhdindən sonra NATO ilə bəzi əski sovet ölkələri arasındakı münasibətlərin aktuallığı bir az azalıb.

İ.ƏLİYEVİN NATO İLƏ ƏMƏKDAŞLIQ STRATEGİYASI...

İ.Əliyevə gəldikdə isə, o, NATO-ya tərəf elə bir ciddi addım da atmayıb. Əliyev bu Alyansa daha çox Avropa siyasi arxitekturasının bir komponenti kimi baxır. Hətta bir neçə il bundan əvvəl NATO rəhbərliyi gileylənmişdi ki, biz Azərbaycan prezidentindən blokla bağlı konkret bir təklif eşitmədik...

İ.Əliyevin siyasi strategiyası məlumdur. O, Avropa strukturları ilə əməkdaşlığı daha çox enerji məsələlərinin üzərində cəmləşdirir.

NATO-nun yeni təhlükəsizlik doktrinası ilə tanış deyilik. Amma Alyans rəhbərlərinin çıxışlarından belə qənaət əldə etmək olar ki, onlar da enerji mənbələrinə çıxışı və nəzarəti özlərinin əsas missiyası hesab edirlər. İ.Əliyev də onlara bu çıxışı təqdim edir.

Ötən ilin sonunda «Şahdəniz» layihəsinin ikinci fazası ilə bağlı saziş imzalandı. Artıq 2019-cu ildə Azərbaycan qazının Avropaya çıxarılması planlaşdırılır.

İNDİ VASSALLIQ OLURMU?

Burada bir məsələni qeyd etməmək olmur. Bəzən Azərbaycanla Rusiyanın münasibətlərini az qala vassallıq kimi yozurlar.

Xəzərdə neft platforması

Amma bu, belə deyil. İ.Əliyev Rusiyaya qarşı gedir, amma öz maqarlarına toxunana qədər.

Rusiya da Azərbaycanın enerji planlarına kifayət qədər dözümlə yanaşır. Ona nə lazımdır?

NATO Qafqazlara gəlməsin, bir də Mərkəzi Asiyanın qaz ehtiyatları onun nəzarətindən çıxmasın. Azərbaycan da bunlara əməl etməyə çalışır. Elə bu səbəbdən İ.Əliyevin Brüssülə səfərləri Moskvada narahatlıqla qarşılanmır.

İ.ƏLİYEVİN ETİRAF ETMƏDİYİ MƏSƏLƏLƏR

Bəs İ.Əliyev hansı məsələlərdə səmimi deyil? O və komandası Avropaya çox intensiv inteqrasiya halında ölkənin təhlükəsizlik çətirindən məhrum olcağını iddia edirlər.

Amma bu yaxınlarda ABŞ-ın dövlət katibi Azərbaycana enerji səylərinin müqabilində hərtərəfli dəstək vəd etmişdi.

Deməli, məsələ heç də bunda deyil. Problem daha şox Azərbaycandakı hakimiyyətin təbiəti, onun maraqları ilə bağlıdır. Bəli, burada problemlər var, özü də kifayət qədər.

Onları sadalamağa ehtiyac da yoxdur. Ona görə ki, güman edilən siyasi islahatlar bir növ dillər əzbəri olub.

MİNİMUM ÜÇ ÖLKƏ...

Maraqlıdır ki, Gürcüstanda da sakitlikdir. Amma yeni siyasi administrasiyanın dövründə, M.Saakashvili-nin vaxtında olduğu qədər olmasa da, hər halda Avropa ilə inteqrasiya məsələlərinə diqqət ayrılacaq.

Gürcüstanı bilmirik, Moldova artıq ötən ilin sonunda Avropa Birliyilə imzalanmış sazişləri ratifikasiya etdi. Ruslar hətta «Əlvida, Moldova» deməyə da macal tapmadılar.

İlham Əliyev və Vladimir Putin


Bunları niyə görə qeyd edirik? Azərbaycanın hərdənbir Rusiyaya tərəf boylanmasının elə bir əsası ciddi yoxdur. Bu gün Rusiyanın Azərbaycana bir təzyiq imkanı var. Bu da əməkçi miqrantlardır.

Amma onlar təkcə Azərbaycandan deyillər. Bəzi ölkələr hətta buna da əhəmiyyət vermədən Rusiyadan uzaqlaşmaq yolunu tutublar- Moldova da belə edir, Gürcüstan da. Ukrayna da böyük ehtimalla belə etməli olacaq.

Bir növ regionda siyasi reallıqlar dəyişir və NATO da Vilnüs sammitindən sonra yaranmış reallıqları nəzərə almalıdır, çünki NATO-nun genişlənməsi və daha bir neçə ölkənin onun sıralarına daxil olması üçün yeni imkanlar yaranıb.

Güman edirik ki, NATO-dan işarə gəlsə, Moldova və Gürcüstan düşünmədən onu seçəcəklər. Bayaq dediyimiz kimi, Ukrayna da belə etməli olacaq. Amma NATO bunları nəzərə alacaqmı?

Hər halda, indiki toplantıda olmasa da, başqa bir toplantıda bunun işarələrini biz də hiss edəcəyik.

İndi bir məsəsləni bir daha demək mümkündür ki, NATO-nun qismən genişlənməsi üçün potensial imkan var. Hər şey daha şox Alyansın özündən asılıdır. AB ilə Assosiasiya Sazişində olduğu kimi Avropa israr etsə, minimum üç ölkənin bloka qoşulması tamam reallığa çevrilə bilər.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.