Keçid linkləri

Təcili xəbərlər

İlham Əliyev avropalılara necə acıdı?


İlham Əliyev
İlham Əliyev
-

İcazəsiz aksiyalar üçün cərimələr qaldırıldıqdan sonra ictimaiyyət və siyasət fəalları noyabrın 17-də ilk aksiyanı keçirməyə təşəbbüs etdilər.

Amma polis aksiya iştirakçılarını dağıtmağa, aksiyanın qarşısını almağa müvəffəq oldu. Aksiya iştirakçılarından hətta ciddi xəsarət alanlar da olmuşdu.

Maraqlıdır ki, bundan bir gün əvvəl, noyabrın 16-da Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümünə həsr olunmuş toplantı keçirilmişdi. Tədbirdə çıxış edən prezident İlham Əliyev Avropadakı proseslərə də toxunmağı yaddan çıxarmamışdı. O demişdi: «Biz görürük ki, inkişaf etmiş ölkələrin bəzisi hansı vəziyyətdədir. O ölkələrdə gedən prosesləri, kütləvi iğtişaşları hər gün televiziya vasitəsilə izləyirik. On minlərlə nümayişçi küçələrə çıxır. On minlərlə insan öz etirazını bildirir. Düzdür, onlar çox böyük kobudluq və qəddarlıqla döyülür və əzilir. Bunu da biz televiziya ilə görürük. Əlbəttə ki, buna dözmək olmaz. Biz inkişaf etmiş ölkələri çağırırıq ki, onlar bu məsələdə daha təmkinli olsunlar. İnsanlara bu qədər əzab, işgəncə vermək olmaz. İnsanlar küçələrə öz etirazını bildirmək üçün çıxırlar. Amma bunun qarşısında onları dəyənəklə vurmaq, qazla zəhərləmək, necə deyərlər, əzmək yolverilməzdir. Bu, demokratik normalara zidd olan hərəkətlərdir…». Kim bu sətirləri oxusaydı dərhal suallarla qarşılaşardı. Əcəba, bu hansı ölkənin prezidentinin çıxışıdır? Bəs Bakıda etiraz edən insanları niyə döyür, hətta qolunu sındırırlar? Bəlkə o insanlar küçələrə etirazlarını bildirmək üçün yox, başqa bir şey üçün çıxırlar?... İ. Əliyev hətta Avropa ölkələrindəki iqtisadi böhranın səbəbləri ilə bağlı «fikirlər» söyləməyi də unutmamışdı. Amma o, deyəsən, bir məsələni unutmuşdu: həmin böhranlı ölkələrdə elə şirkətlər var ki, onların illik büdcəsi Azərbaycanın dövlət büdcəsindən bir neçə dəfə böyükdür. Burada mənim yadıma onun Cənubi Koreyaya səfəri zamanı deyilən bir fikir düşdü. O vaxt koreyalılar demişdi ki, Azərbaycan prezidenti bizi 20 milyardla təəccübləndirməyə cəhd etdi… Bu, Cənubi Koreyada deyilmişdi. İndi təsəvvür edin, onun çıxışını eşitsəydilər Avropa ölkələrində nə düşünərdilər! Qədim yunanlar deyirdi ki, Allahlar insanları cəzalandırmaq istəyəndə onların mühakimə yürütmək qabiliyyətini əlindən alır. Düzgün mühakimə və fikir yürümək hər şeydə ölçünü gözləmək deməkdir. Əgər bu minvalla bir gün bu ölkə – Azərbaycan Avropa ölkələrində insan haqlarının vəziyyəti ilə bağlı illik hesabatlar hazırlamaq fikrinə düşsə, buna təəccüb etməyin.

RUSİYA DA YADDAN ÇIXMADI…

«Digər dairələr vardır ki, sadəcə olaraq, kimsə özünü dünya xəritəsində ləyaqətli aparmağa öyrəşməyibdir. Öyrəşiblər ki, müstəmləkə olsun, metropoliya olsun və bu təfəkkürlə yaşayırlar…». İ. Əliyev Rusiyanın adını çəkməsə də bu sətirlərin həmin ölkənin ünvanına deyilməsini zənn etmək o qədər də çətin deyil. Rusiyada bir qrup milyardçı insanın təşəbbüsü Azərbaycan rəsmilərini yaman narahat edib. Təşəbbüs özünün inkişafını hələ tapmasa da müxtəlif çıxışlar, müsahibələr olur və bu çıxışlarda Azərbaycan reallıqları çox kəskin tənqid edilir. Əvvəlcə bu, etiraf edilməsə də, Prezident Administrasiyasının şöbə müdiri Ə. Həsənovun Moskvaya həm də bu səbəbdən səfər etməsi sonradan məlum oldu. Rusiya ilə münasibətlər də heç də yaxşı səviyyədə deyil. Təbii ki, burada Rusiyanın spesifik siyasəti də az rol oynamır. Amma böyük bir diasporun bir qədər müstəqilliyə can atmaq istəməsini, H. Əliyev Fondunun Rusiya filialının bir əlavəsi qismində qalmağı arzulamamasını təkcə Rusiyanın təsiri ilə yozmaq çətindir. Bu gün bütün ölkələrdə diasporlar Bakıdakı siyasi sistemin alətinə çevrilib. Onların işi dünyanın bu və başqa bir şəhərində H. Əliyevin xatirəsini əbədiləşdirməkdir. Əgər bu işlər onların öz adına yazılsaydı dərd yarıydı, amma bunların hamısı H. Əliyev Fondunun adına yazılır. Adi bir həqiqət başa düşülmür ki, diasporların işi təkcə Azərbaycan hakimiyyətinə lobbiçilik etmək deyil, onların yaşadıqları ölkədə öz problemləri də var və nəhayət bu diasporlar mövcud olduqları ölkənin siyasi və ictimai həyatında daha fəal olmaq, yerli cəmiyyətlərə inteqrasiya olunmaq istəyirlər.

SİYASİ İZOLYASİYANIN BİR ADDIMLIĞINDA

Dünyada bir neçə ölkə var ki, onları siyasi ritorikaya görə müəyyən etmək elə də çətin deyildir. Bu ölkələr daim nəinki Qərbi – Avropanı və ABŞ-ı tənqid edir, az qala bütün dünyaya meydan oxuyurlar, özlərinin emosional siyasi mülahizələri ilə seçilirlər. Azərbaycan da tədricən belə ölkəyə çevrilir. Səbəb də budur ki, ölkə heç bir cinahda özünə yer tutmaq istəmir. Keçmiş sovet prizmasından baxanda reallıq elədir ki, ya Belarus olmalısan və bu halda, heç olmasa, Rusiyanın «xeyir – duası» başının üstündən əskik olmayacaq. Ya da tutaq ki, Estoniya yolunu seçməlisən. Bəli, Belarus olmaq istəməmək təqdirəlayiqdir. Amma nədən Estoniya olmaq istəmirlər? Səbəb sadədir. Bəziləri müstəqilliyi dövlət və millət üçün deyil, sadəcə, özləri üçün arzulayırlar…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG