Azərbaycan mentalitetində idealizm varmı?

-

İdealizmin açımı

Bu sözün təxmini açımını – materiyaya qarşı duran ruh (qut) kimi bütün savadlı və düşüncəli azərilər bilir. Ancaq daha sadəsini əski yunanlar və onlardan istifadə edən A.F.Losev verib: odunu doğramaq olar, «odun» anlayışını isə yox. Nədən? Buna Nəsimi cavab verib, - öz «Mən»ini laməkan adlandırmaqla. Ruhun «laməkanlığı» odur ki, qut məkan biçimində, yəni enində, uzununda, hündürlüyündə deyil. Ona görə də gerçək odunda uzunluq olduğu üçün kəsimlərə bölünür, «odun» anlayışınınsa ensiz və uzunsuzluğu belə doğranmağa imkan vermir. Hərçənd insan bilincinin (şüurunun) eni-uzunluğu olmasa da o özündə eni, uzunu görükdürə bilir.

Bu, «idealizm»in fəlsəfi açımıdır. Ancaq düşüncə tarixində o söz bir az başqa cür də işlənib. Məsələn, dünya çapında min dəfə qadınlar kişilərə deyiblər ki, «sən necə adamsan, bir qırnıq da idealizmin yoxdur!?» (yəni hər nəsnəni maddi maraqlarınla ölçürsən və ya idealların sənə təsiri yoxdur). Biz Platonik sevgidən danışanda özümüz də bilmədən sevgi idealizmindən danışırıq. Əxlaqla tam hesablaşan adamları «idealist» adlandırırıq. Bax, bu mənada soru çıxır: azəri mentalitetində idealizm varmı?

Azəri mentalitetinin materializmi

Azəri mentalitetinin materializmini göstərmək daha asandır. Sovet marksizmi «Marksın» nüfuzundan bizi bezdirən çağlarda Batı fəlsəfəsində Erix Fromm, Markuze, Derrida kimi intellektualların sayəsində bu ad fəlsəfi aura qazanmışdı. Bax, bu aurada qavranılmasını istədiyim Marks söyləmişdi ki, ruh materiyanın qarğışına tutulub.

Yəni qutu biz materiyanın verdiyi biçimlərdə göz qabağına gətirəndə yaxşı başa düşürük. Bunu azəri mentalitetində onda görürük ki, bir çox mənəvi-ruhsal faktları məkan biçimlərində yaxşı qavraya bilir. Məkan, maddə biçimində qavramaq, düşünməksə plastiklikdir. Onun üçün də demək olar ki, azəri mentaliteti yaman plastikdir (Vinkelman, Heqel bunu yunan mentaliteti ilə bağlı söyləmişdilər).

Plastikliyin dilində kulturoloji və politoloji yozum

Bir neçə anladıcı örnək: uşağın, dilin-danışığın yaxış və mənəvi olan cazibəsini «şirin uşaq», «şirin dil» deyimlərindən görəndə yaxşı anlayırıq. Ona görə də başqa dadlarda açıla biləcək gözəlliyi, çəkimliyi pis qanırıq. Azərilər şorabanın, motal pendirinin sayəsində yeməkdə anti-şirin dadların ləzzətini biliblər, ancaq di gəl ki, millətdə böyük çoxluq yalnız şirin şeirləri və musiqini əsl sayır.
Biz hakimiyyəti acının, turşun əlamətlərində effektli sayırıq. Ona görə də azəri məmurunun və yetgilisinin üzündən zəhrimar yağır...

Şeir və musiqi məsələsində biz 10-15 ildir ki, şoraba və motal cürbəcürlüyünə keçmişik. Uzun əsrlər boyu isə müğənni səsi şirinlik göstəricisinə cavab verəndə «testdən» keçirdi. Ona görə də bizdə mütrüblərin səsi də Hind qadın müğənnilərinin səsi kimi şirin olmalı idi. Bu yanaşmanı yaxşı ki, rəhmətlik Hacıbaba dəyərdən saldı. İndi səslərdə də duz-istiot çalarları qəbul olunmağa başlayıb.

Biz hakimiyyəti acının, turşun əlamətlərində effektli sayırıq. Əvəzində başqa primitivliyə yol verərək, şirin hakimiyyətin mümkün olmaması düşüncəsindəyik. Ona görə də azəri məmurunun və yetgilisinin üzündən zəhrimar yağır. Bircə Avropadan gəlmiş qonaqların yanında «sivil» (oxu: uyqar) görünmək üçün hakimiyyətin acı və acıq yağan üzünə bir az şirinlik gəlir.

Özümüz olanda isə yenə bütün iclasların əsas leytmotivi acıqla hədələmək olur: intizam qalmayıb, pis işləyirsiniz, ixtisara hazırlaşın və s. Düzdür, iclaslarda yaltaqlanmanın şirini ümumi acıya qatılaraq nəsə turşməzə dad yaradır). Bu acı-şirinlər maddiliklə bağlı olduqları üçün də mentalitetə plastik biçimlər verilər.

Azəri söyüşləri plastik fakt kimi

Bizlər nifrət kimi mənəvi aqressivliyimizi söyüşlərdə bədənin ayıb yerləri ilə virtuoz manipulyasiya aparmaq sayəsində güclü bildiririk. Bu məsələdə fantaziyamız yaman güclüdür. Uşaqlığımdan bir söyüş yadımda qalıb: bir oğlan başqasına demişdi ki, elə vuraram filan yerinlə tum çırtlayarsan.

Azərbaycanlı nifrətinin bu plastikliyinə görədir ki, bütün Qafqazda bizim söyüşlər, Rusiyada isə tatar söyüşləri beynəlmilələdir. Hamı bizim dilimizlə söyür. Dərddən nalə çəkmək məsələsində isə təkcə Şiə mentaliteti plastik deyil. Oxşar plastiklik ermənilərdə də var.

Mentalitetdə idealizmə doğru addımlar

Rus yazarı Veliçko azəriləri çox qanuncul (qanundan qorxan, qanunu sayan) adlandırırdı. İndi biz elə deyilik. Tez-tez deyirlər ki, Azərbaycanda da hüquqi nihilizm var. Ancaq baxaq, görək bu hüquqi nihilizm mentalitetimizin dərinliyindən gəlir, yoxsa həyat bizi belə edib?

Millətdə qanunculluğu Mentalitet idealizmi ilə bağlamaq olar. Qanun, axı, yolunu kəsən daş-divar deyil, yazılmış və ya yadda saxlanılmış ideyadır. Adamlar var ki, bu ideyaları saymırlar. O zaman ideyanın yanına balta, qandal qoyurlar ki, ideyanı saysınlar. İncə təbiətli və ya uyqar adamlar var ki, qanunu, qaydanı pozanda məzəmmətli baxış bəs edir.

Adamlar da var ki, döyülüb-təhqir edilməlidir ki, pozmağa qorxsun. Ona görə də uyqar ölkələrdə ala-bazək lent çəkməklə bildirilir ki, bura girmək olmaz. Uyqarlıqdan uzaq uluslarda isə «olmaz»ı güclü etmək üçün lentin yerinə 3 metr hündürlüyü, yarım metr qalınlığı olan divar çəkirlər. Çağdaş Azərbaycanda hər ikisi olduğu üçün mədəniliklə kobudluğun qarışığı var. 10-15 il qabaq belə «divarlar» hər yerdə idi, indi qırmızı lentlər də orda-burda gözə dəyir. Bu anlamda bizdə nəsə inkişaf var.
Bizlər nifrət kimi mənəvi aqressivliyimizi söyüşlərdə bədənin ayıb yerləri ilə virtuoz manipulyasiya aparmaq sayəsində güclü bildiririk...

Mən eksperiment aparanda bizim mentalitetdəki idealizmi başqa durumlardan da çıxardım. Məsələn, götürək belə bir situasiyanı: adam təzəcə qohum olduğu qudasının ad günündə 3 il işlənmiş «Mersedesi»ni hədiyyə etsə, nəsə yaxşı görünməyəcək. O həmin «Mersedes»dən min dəfə ucuz, ancaq təzə köynək-qalstuk bağışlasaydı, situasiyada bu utanış olmazdı.

Səbəb nədir? Səbəb odur ki, «hədiyyə» anlayışında, ideyasında «bağışlanan işlənməmiş dəyərli nəsə» mənası var, 5 illik «Mersedes» bu göstəricilərə cavab vermədiyi üçün onu hədiyyə kimi vermək pis çıxır. Bizdə məsələyə belə yanaşılması göstərir ki, hələ mentalitetimizdə idealizm qalıb, yəni hesab edirik ki, hədiyyə nə qədər baha olsa da hədiyyə ideyasına cavab verməlidir, yoxsa ayıbdır.

Başqa örnək. Toya pul salanda 5 dənə 20 manatlıq da konvertə qoyub salmaq olar. Ancaq axşam vaxtı dükanları dolaşıb iki əllilik və ya bir yüzlük axtarırıq ki, konvertə onları salaq. Deməli, neçə onillərdir toya salınan pul ideyasında miqdar əlamətinin yanına bütövlük (şax yüzlük?!) də yazılıb və biz bu ideyanı pozmaq istəmirik.

Bəs nədən toy konvertinə 5 onluq, ya iyirmilik salmalı olanda keçirdiyimiz utanış əzabını rüşvəti «hörmət» ideyası altında verəndə, saxta seçilməyi «seçki» ideyası altında söyləyəndə əzab çəkmirik?! Nədən boş şeylərdə idealizmə sadiq oluruq, ölkənin taleyi üçün önəmli məsələlərdə isə belə materialist oluruq? – ciddi mənəvi problemimiz, bax, budur!