Keçid linkləri

Təcili xəbərlər

Pul psixolojimiz, nə düzdür, nə əyridir


Niyazi Mehdi
Niyazi Mehdi
PULA NİFRƏT ƏDASINDAN

Bilmirəm neçə aysa bundan qabaq AzadlıqRadiosu məndən pulla bağlı soruşanda, bizim para ilə ilgili psixolojimizin əyər-əskiklərindən danışmışdım. Jurnalist isə dediklərimi yazıya çevirəndə başlığa milli düşüncə alışqanlığımız üçün yaman üzlü, abırsız səslənən cümləmi çıxarmışdı. Sonra internet saytlarında elə belə də getmişdi, «Niyazi Mehdi: Pulla bir çox xoşbəxtlikləri almaq olar!»

Mənim cümləyə verdiyim kontekst isə belə idi: - «Pulla bağlı bizim atalar sözümüz hamısı boş-boş şeylərdir. Bizdə pula yönəlik adekvat psixoloji formalaşmayıb. Pul isə dünyada ən ciddi mexanizmlərdən biridir. Çünki pul ölçüyə gələn, ölçən bir şeydir. Pulla bağlı qəzəbi, nifrəti, «əl çirki» kimi sözləri qırağa qoymaq lazımdır. Pulun nə qədər gözəl cəhətləri varsa, qorxunc cəhətləri də az deyil. İndi həqiqət odur ki, pulla bir çox xoşbəxtlikləri almaq olar. Pulla gözəl qızları da, oğlanları da almaq olar»

Düzdür, bu oğlan məsələsində bir az ağ eləmişdim, gərək dəqiqləşdirəydim ki, söhbət qəşəng olmayan qızların yaraşıqlı ər almasından gedir.

PULU PİSLƏYƏN FƏLSƏFƏLƏRDƏN

Boynuma alım ki, gənc oxucu və dinləyicilərə mənim sözlərim mərifətsiz orijinallıq kimi görünsə də, əslində Marksın 19-cu yüzildə dediyinin təkrarı idi. O, kapitalizmi tənqid etmişdi ki, bu toplumda qızıl, pul hətta qoca kaftarı da cavan edir. Markssayağı Mayakovski də Amerika ilə bağlı mat qaldığını bildirmişdi ki, burada adama baxanda, adamın yerinə onun maaşı, pulu görünür. Adam yoxdur, maaş var.

Pulun «əl çirki» olması ilə bağlı axmaq deyim Sovet Azərbaycanında yaranmışdı
Məncə, pulun «əl çirki» olması ilə bağlı axmaq deyim Sovet Azərbaycanında yaranmışdı, sovet ideologiyasının Burjua dünyasına nifrəti tez-tez pula nifrətlə dəyişik salınırdı və bu kontekstdə də pulun «əl çirki» olması ideyası formalaşmışdı.

YOXSULLUQ FƏLSƏFƏSİ

Bu yerdə kimsə qayıda bilər ki, bəs kasıblığı göylərə qaldıran yoxsulluq fəlsəfəsi?! Pulun «əl çirki» olmasına kontekst deyildi, nə idi?!

Mənim cavabım: yoxsulluq fəlsəfəsi Azərbaycan tarixində səslənsə də, Azərbaycan yaşamında heç vaxt güclü işləməyib, çünki bu fəlsəfə ilə yaşamaq üçün bir çox «texniki» (yoqalardakı kimi) araclar, əxlaqi-dini yüksəkliklərə qalxmaq gərəkirdi. Bizim adamlarınsa, nəinki bizim, elə Qafqazın, Türkiyənin adamlarınınsa buna gücləri çatmazdı. Çünki yemək-içməyi, kefi çox sevirdilər…

Yoxsulluq fəlsəfəsi, dediyim nədənlərə görə, Azərbaycan türklərinə yad olsa da, siyasi tariximizdə bizə köməkdən çox əngəl olub. Məsələn, hansı məntiqləsə bizim mentalitet rüşvətsiz yaşamağı yoxsulluqla eyniləşdirmişdi, elə bu məntiqlə də onu düzlüyə göstərici saymışdı. Buna görə də 20-ci yüzilin axırlarında kostyum geyən, vəzifə maşınında gəzən cəbhəçi funksionerlərə azərbaycanlılar qəzəb və nifrətlə baxırdılar (bizi aldadıb, yuxarı çıxıblar, indi qazanırlar).

Rəşid Şerifin karikaturası - Dünya malı
Bir nəsnəyə mat qalırsan, gündəlik yaşamda azərbaycanlı pullu adamın qarşısında çox çətinliklə özünü mənəvi ucalıqda duyur, ancaq di gəl, hakimiyyətlə bağlı nomenklatur sistemdən çıxmamış adamlara gələndə baş ittiham pullanmaq olmuşdu. Heydən Əliyevin hakimiyyətindən sonra isə camaatımız day var-dövlətə görə vəzifəlilərə hirslənmirlər. «Rüşvətxorlar» sözünü isə elə bil, «xala xətrin qalmasın deyirlər».

HAKİMİYYƏTİ KİMƏ, PULU HANSI HAKİMİYYƏTƏ YARAŞDIRIRLAR

1999-cu ildə Moskvada konfransda demişdim ki, Cəbhə hakimiyyətinin çökməsinin bir nədəni də o idi ki, camaatın gözündə cəbhəçi nazirdə, müdirdə hakimiyyət aurası yox idi (bir az təəccüblüsü o oldu ki, Estoniyada demokratik hərəkat dalğasında nazirəcən yüksəlmiş bir qadın söylədi ki, onlarda da belə olub).

YOXSULLUQ AYIBDIR

O illərdə mən cəbhəçi və müsavatçılar arasında, qarşısında söhbətlərdə, çıxışlarda söyləyəndə ki, yoxsul olmaq ayıbdır, pul qazanmağı öyrənmək gərəkdir, sözlərimin orijinallığını tam duyurdum. Çünki pulla, yoxsulluqla bağlı qarmaqarışıq azərbaycanlı psixolojisi bu sözlərimi orijinallıq kimi qabardırdı. Bu sözlərim «Qalanı atamdan-anamdan da, hətta puldan da çox sevirəm» söyləyən Salvador Dalinin paradoksuna bənzəyirdi.

PUL VƏ XƏSİSLİK

Pulun qorxularından və yaratdığı pisliklərdən yox, yaxşılardan danışığım qalsın sonraya. Hələliksə sonrakı danışığıma belə ayaq verim: Amerikanın atalarından olan Franklinin bir sözü məni sarsıtmışdı. O söyləmişdi: sən 1 dolları boşuna xərcləyəndə 1 dollar xərcləmirsən, o 1 dolların gətirəcəyi 2 dolları, 3 dolları və 3 dolların gətirəcəyi 100 dolları da xərcləyirsən. Beləliklə, Franklin pul psixolojisi üçün gərəkən xəsisliyi də (israfcıl olmamağı da) abıra mindirmişdi.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG