Söz Azadlığı (II Yazı)

Söz azadlığı (I yazı)

Demokratik dövlətlər sözə sərhəd qoymağı təhlükəli hesab edirlər. Bu işi ən zəruri hallarda edirlər. Edəndə də çalışırlar ki, məhdudiyyətin çərçivələri kifayət qədər dar olsun ki, o qadağanın çətiri altına hökumət istədiyi anlayışları doldura bilməsin. İstənilən bürokratiya şişməyə meyllidir və öz səlahiyyətlərini artırmaq istiqamətində təfsir etməyə meylli olur. Yəni imkan verilsə, dövlət strukturları istənilən bir qadağanı götürüb absurdluğa qədər şişirdə bilərlər. Zatən avtoritar dövlətlərin qanuni təfsirləri bu dinamika üzrə inkişaf edir. Bəs söz azadlığının sərhədləri demokratik dövlətlərdə necə müəyyənləşir? Yazını bir ölkənin nümunəsi ilə məhdudlaşdırıb ABŞ qanunlarına nəzər salacağıq:

SÖYÜŞ SÖYMƏK OLARMI?


ABŞ-ın qurucu atalarının qəbul etdiyi söz azadlığı prinsipi kimlərinsə söyüş söyməyi üçünmü ortaya qoyulub? Qısaca desək, yox, amma siyasi fikir söyləmək azadlığının qorunmasını istəyiriksə, gərək nəyin söyüş olması çox dəqiq müəyyənləşsin. Əks halda xoşagəlməz siyasi fikirlər təhqir, söyüş adı ilə damğalanıb yasaqlana bilər, yaxud xoşagəlməz siyasi adamların cəzalandırılması üçün onların sözləri söyüş, təhqir kimi yozula bilər. Azərbaycanın özündə Eynulla Fətullayevə qarşı Tatyana Çaladzenin ittihamını xatırlayın. “Çeşmə” satirik qəzetinin jurnalistlərinə qarşı prezidentin şərəf və ləyaqətinin təhqir edilməsi ittihamını yada salın. Bu adamlar söyüş, təhqir səsləndirmək ittihamları ilə cəzalandırılıblar. Cəzalandırılma səbəbləri isə siyasi olub.
1971-ci ildə Vyetnam müharibəsinə etiraz edən bir gənc hərbi çağırış məntəqəsinə sinəsində “Əsgərliyin İçini...” yazılmış mayka ilə daxil olanda bu gənci söyüş ittihamı ilə cəzalandıra bilmədilər


Təbii ki, bütün deyilən sözlər eyni çəkidə müdafiə olunmurlar. ABŞ hüququnda söz azadlığını suya dağılmış yağ örtüyü kimi təsvir edirlər. Ortada bu yağ örtüyü ən qalın olur, kənarlarda ən nazik. Siyasi fikir konstitusiyanın ən çox müdafiə etdiyi kateqoriyadır. İncəsənət, ədəbiyyat növbəti kateqoriyadır, kommersiya məqsədi ilə deyilən sözlər (reklam) bir pillə də aşağıda durur, ən nəhayət, pornoqrafik sözlər, ədəbsiz sözlər, söyüşlər, savaş sözləri ən aşağı pillədə qərar tuturlar.

ABŞ-da ümumi hüquqi yanaşma budur ki, kommersiya sözlərindən aşağıda qərar tutmuş kateqoriyalar söz azadlığı maddəsi ilə qorunmurlar və dövlət istədiyi kimi bu sözlərin deyilməsini qadağan edə bilər. Amma... 1971-ci ildə Vyetnam müharibəsinə etiraz edən bir gənc hərbi çağırış məntəqəsinə sinəsində “Əsgərliyin İçini...” yazılmış mayka ilə daxil olanda bu gənci söyüş ittihamı ilə cəzalandıra bilmədilər (Koen v. Kalifornia). Səbəbi də bu idi: ABŞ Ali Məhkəməsi yuxarıda qeyd etdiyim anlayışları çox dar çərçivədə müəyyənləşdirmişdi. “Ədəbsiz sözlər” anlayışına düşmək üçün gəncin sinəsindəki yazı hansısa bir erotik mesaj verməli idi (erotika ola bilməzdi çünki söyüşün obyekti konkret adam deyildi və o gənc istəsəydi də əsgərlik anlayışı ilə seks yapa bilməzdi). Məhkəmə qeyd edirdi ki, “kiminsə vulqar saydığı söz, başqasının qulağı üçün lirika kimi səslənə bilər”. “Davaya təhrik edən söz”, yaxud “savaş sözü” sayılmaq üçün, yenə də, gərək gəncin maykasındakı yazı konkret bir ünvana yönələydi. Ümumən söyüş söymək kimisə davaya təhrik etmək deyil. Yox əgər kimsə, bütün hallarda söyüşü üstünə götürüb davaya girsəydi, onda da ortada başqa qadağa var. Kiminsə aqressiv reaksiya verəcəyi ehtimalı başqa birisinin fikrinə məhdudiyyət qoymaq üçün əsas yarada bilməz. Konkret “savaş sözlərinə” gəlincə daha iki maraqlı məhdudiyyəti qeyd edək: (1) Gərək savaş sözü deyən adam (“səni öldürəcəyəm” və s.) sözləri ünvanladığı adama əl çatdıra bilmək məsafəsində olsun (əks halda deyilən söz real savaş təhlükəsi yaratmır); (2) Polis işçilərinə qarşı savaş sözləri deməyə görə heç bir hüquqi məsuliyyət yoxdur, çünki polis xüsusi hazırlıq keçib və aqressiv adam real hərəkətə keçəndə onun cavabını vermək imkanındadır.

MƏN SİZİN ƏN PİSİNİZƏM


Azərbaycanda da nə vaxtsa nümayiş etdirilmiş bir film var – Larri Flint. Hastler Jurnalı v. Falvel məhkəməsinə dairdir. “Hastler” jurnalı məşhur siyasi şərhçi və din xadimi haqqında yazırdı ki, o, öz anası ilə yatıb. Jurnal redaktoru bilirdi ki, onun özü və jurnalı barəsində ümumi fikir nədir, onu da bilirdi ki, cəmiyyətdə hörmət olunan adam barəsində yazdığı iftira hiddət doğurandır. Buna görə də Larri Flint – jurnalın redaktoru özünü belə müdafiə etdi: Mən sizin aranızda ən pisi, ən aşağısıyam. Əgər mənim də söz demək hüququm qorunursa, deməli sizin hamınızın söz demək hüququnuz qorunur. Mənim yox, özünüzün söz demək hüququnuzu qoruyun! Məhkəmə razılaşdı, Larri Flinti məsuliyyətdən azad etdi. Açıq söyüşə dair isə iki mühüm sərhəd müəyyənləşdi:
Söz fikir ifadəsindən daha çox hərəkətin bir hissəsi olub camaata aktiv xətər yetirirsə, həmin ideyanın azad şəkildə ifadə olunmasına imkan vermək problemli olur


İctimai şəxslər öz haqlarında deyilən sözlərə görə dözümlü olmalıdırlar. Bir sözlə, adi adamı təhqir etmək daha çətin olmalıdır, nəinki tanınmış ictimai-siyasi xadimi, çünki adi adam özünü ictimai müzakirəyə qoymayıb, amma istənilən tanınmış adam özü belə bir seçim edib ki, camaat qarşısına çıxsın, məşhur olsun və deməli... təhqirlərə tuş gəlmək ehtimalını da göz önünə almalıdır.

Söyüş və təhqirə görə məsuliyyət o vaxt ola bilər ki, ortada pis niyyət – konkret bu halda söyüş söymək niyyəti olsun. Bu isə “Hastler” jurnalı kimi jurnallara imkan verir ki, “zarafat edirdim” deyib öz yaxalarını məsuliyyətdən qurtarsınlar.

Məhkəmənin fikrincə, “Hastler” jurnalında səslənən təhqiramiz fikirlərə dözmək məcburiyyəti azad cəmiyyətdə yaşamaq üçün ödənilən bir bədəldir.

YALAN DANIŞMAQ OLARMI?


Martin Lüter Kinq
Martin Lüter Kinqin öldürülməsindən sonra ABŞ-ın liberal qəzetləri irqçi cənub siyasətçilərinə qarşı bir səlib yürüşü başlamışdılar. Vaxtilə Martin Lüter Kinqi həbsə atan, onu izləyən polis işçiləri, siyasi xadimlər barədə ardı-arası kəsilmədən tənqidi məqalələr çap edilirdi. Elə bu vaxt Alabama ştatının Montqomeri qraflığının polis işçilərinin əlinə bir bəhanə düşür. “New York Times”da çap olunmuş məqalədə qəzet ciddi faktoloji yanlışlıqlara yol vermişdi (məsələn, Martin Lüter Kinqin 7 dəfə həbs edildiyini yazmışdı, halbuki o 4 dəfə həbs edilmişdi). Dərhal “New York Times”məhkəməyə verilir və qəzetdən ağır təzminat istənilir (“New York Times” v. Sullivan). 1964-cü ildə Məhkəmə qəzetə bəraət verərək deyir: “Azad debatda səhv bəyanatların verilməsi qaçılmazdır. Belə bəyanatlar müdafiə olunmalıdır ki, ifadə azadlığının öz mövcudluğunu qoruması üçün zəruri olan nəfəsliyi olsun”. Bir sözlə, qəzetləri hər verdikləri səhv fakta görə dirəyib cərimə etsələr, bütün qəzetlər nə vaxtsa büdrəyəcək və Sullivan kimilərin əlinə girov düşəcək. Bu məhkəmə işi onu müəyyənləşdirdi ki, söz azadlığı həm də səhv fikrin səsləndirilməsini qoruyur. Yeganə sərhəd yenə də pis niyyətlilikdir. Əgər qəzet bilərəkdən, pis niyyətlə səhv faktları işıqlandırırsa, söz azadlığı bu fikirləri qorumur. Ancaq sadəcə səhv etməyə görə cəza kəsib ifadə azadlığını boğmaq olmaz.

ZORAKILIĞA ÇAĞIRIŞ, YAXUD TƏHRİK

ABŞ Ali Məhkəməsinin hakimi Oliver Vendel Holmsun məşhur bir deyimi var: “Söz azadlığının ən həssas qoruması belə içi adamla dolu teatrda “yanğın!” qışqırıb kütlə içində panika yaratmağı müdafiə edə bilməz”. Söz azadlığının klassik sərhədlərindən danışanda bu deyim xatırlanır. Doğrudan da, söz fikir ifadəsindən daha çox hərəkətin bir hissəsi olub camaata aktiv xətər yetirirsə, həmin ideyanın azad şəkildə ifadə olunmasına imkan vermək problemli olur. Bəs sözün yaratdığı təhlükənin reallığı, yaxınlığı necə müəyyənləşdirilir?

HƏRƏKƏTƏ TƏHRİK SƏRHƏDLƏRİ: SÖZ HƏRƏKƏTDİRMİ?

Deyim var ki, pis hadisələr pis qanunları yaradır. Söz azadlığını bitkin formada öz hüquq sistemində əks etdirmiş ABŞ-ın da tarixində belə məqamlar olub. Birinci Dünya Müharibəsi və “Qırmızı Qorxu” adlanan dövrlərdə (1918-1920 və 1947-1957) ABŞ ciddi şəkildə bir təhlükəni hiss etməli oldu: Məlum oldu ki, heç də bütün Amerika vətəndaşları öz ölkələrinə eyni dərəcədə loyal deyillər. I Dünya müharibəsi zamanı ABŞ-da yaşayan alman əsilli əhalinin böyük bir hissəsi ABŞ-ın Almaniyaya qarşı müharibəyə girməsinə qarşı aktiv təbliğat aparmağa başladılar. Rusiyadakı bolşevik inqilabı isə Amerika kommunistlərini aktivləşdirmişdi. Hər iki qrup açıq şəkildə Amerika əsgərlərini ordudan qaçmağa, hərbi zavodlarda işləyən fəhlələri isə silah-sursat istehsalına mane olmağa çağırırdılar. Beləliklə ABŞ-da 1917-ci il Casusluq Haqqında qanun qəbul edilir. Müharibədə olan ölkənin “müharibə hazırlıqlarına müdaxilə” qadağan edilir.

Çağırışların təhrik kimi qiymətləndirilməsi üçün isə belə bir doktrinadan istifadə olunur – Aydın və Mövcud Təhlükə (ingiliscə Clear and Present Danger). Doktrinanın mənası o idi ki, əgər deyilən sözün yaratdığı təhlükə kifayət qədər birbaşadırsa (aydın) və nəzəri deyilsə (indi, bu dəqiqə konkret ziyan vura biləndirsə) həmin sözün deyilməsinə dövlət qadağa qoya bilər. Bir qədər sonra eyni doktrinanın alternativi də üzə çıxdı. Bu, “zorakılığa təhrik” doktrinası idi. Bu doktrina daha dar çərçivəni əhatə edirdi. Məsələn, küçədə konkret zorakılığa hazır kütlə qarşısında çıxış edib “camaat, gəlin hökumət binasına hücum edib onu tutaq” fikrini səsləndirməyi qadağan edirdi bu doktrina, amma ümumən hökumətin yıxılması zərurəti barədə ən kəskin sözlərlə danışmağı qadağan etmirdi. Çünki birinci halda ortada təhrik oluna bilən kütlə var, ikinci halda isə yox. Birinci halda deyilən sözlər benzin kimi kütləni alovlandırıb zorakılıq yarada bilər, ikinci halda isə yox.

1920-ci illərdə kommunist propaqandasının yaratdığı xof söz azadlığı çərçivələrini bir qədər də daraldır. Artıq “qanunun pozulması ideyasını təbliğ etmək tendensiyası olan” sözlərin deyilməyinə məhdudiyyətlər qoyula bilərdi.

NORMALLIĞA QAYIDIŞ

1950-1960-ci illərdə bu məhdudiyyətlər müxtəlif məhkəmə işlərində qeyri-konstitusion elan edildi. İndi mövcud olan qanunlara görə söz azadlığı o vaxt məhdudlaşdırıla bilər ki, deyilən söz dərhal zorakılıq təhlükəsi yaratsın. Bütün başqa hallarda deyilən sözlərə görə hüquqi məsuliyyət yarana bilməz. Məsələyə nöqtə qoyan məhkəmə işi Brandenburq v. Ohayo oldu. İrqçi Ku Kluks Klan üzvləri yığılıb media üçün müxtəlif pozalarda şəkillər çəkdirib bəyanatlar vermişdilər. Ohayo ştatı bu adamları həbs edib onlara həbs cəzası kəsmişdi çünki bu şəxslər “siyasi məqsədlərə nail olmaq üçün cinayət, sabotaj, zorakılıq və terrorizm zərurəti və borcunu təbliğ edirdilər”. Ohayo şatatının kriminal işbirliyi maddəsi ilə məhkum etdiyi Ku Kluks Klan üzvlərini ABŞ Ali Məhkəməsi günahsız elan etdi. Bunu edərkən, Ali Məhkəmə xüsusi olaraq vurğuladı: “Konstitusiya ştatlara icazə vermir ki, zorakılığın, yaxud qanunları pozmağın təbliğini qadağan etsinlər. İstisna o hallardır ki, bu cür təbliğat həmin istiqamətdə hərəkətlərə təhrik edir yaxud da həmin hərəkətlərin edilməsi ilə nəticələnir”. Bir sözlə, deyilən fikir ilə onun təhrik etdiyi hərəkət arasında əlaqə birbaşa olmalıdır. Buna görə də neo-faşistlər belə öz fikirlərini təbliğ edə bilərlər, əgər bu fikirlər konkret bir məkanda konkret zorakı hərəkətə birbaşa təhrik etmirlərsə, onu yaratmırlarsa.

HƏRƏKƏT SÖZDÜRMÜ?

ABŞ-da məşhur məhkəmə işləri seriyası bayraq yandırılması ilə bağlı idi. Vyetnam müharibəsinə etiraz edənlər ABŞ hökumətinin vətənpərvərlik ritorikasına etiraz edib bayraqları yandırırdılar. Ştatlar isə bir-birinin ardınca qanunlar qəbul edib bayraq yandırılmasına görə cinayət məsuliyyəti müəyyən edirdilər. 1969-cu ildə Strit v. Nyu York işində ABŞ Ali Məhkəməsi bəyan etdi ki, bayrağın yandırılması simvolik fikir ifadəsidir və konstitusiyanın söz azadlığı müddəası ilə qorunur. Bu fikrə etiraz edən ştatlar qanunlar qəbul edib bayraq yandırmağı məxsusi olaraq cinayət elan etməyə başladılar. Federal Konqres belə bu işə baş vurdu. Hətta ABŞ konstitusiyasına düzəliş edib bayraq yandırmağı, yaxud təhqir etməyi qadağan etməyə qalxdılar. Amma 1989 və 1990-cı illərdə iki radikal kommunistin bayraq yandırmaları işlərində də (Texas vş Conson və ABŞ v. Ayxman) eyni qərarı verən Ali Məhkəmə öz fikrində qəti idi: Ən xoşagəlməz siyasi fikir belə azad ifadə edilməlidir – çoxlarının sevdiyi ümummilli simvolu təhqir etmək hesabına olsa belə. Konqresdə bu fikirlə razılaşmayanlar o qədərdir ki. ABŞ konstitusiyasını dəyişib bayraq yandırmağı qeyri-konstitusion elan etmək üçün sonuncu cəhd 2006-cı ildə olub. ABŞ konstitusiyasını dəyişmək üçün bircə səs çatmayıb.

1990-ci ildə Amerikaya səs-küy salan bir hadisə oldu. Minnesota Ştatında irqçilər Afrika mənşəli insanların həyətinə girib orada taxta xaç qurub ona od vurmuşdular. Bu Ku Kluks Klan üzvlərinin işarəsi idi. Yanan xaç Afrika mənşəli insanlara birbaşa təhlükə hesab olunurdu. Həbs edilmiş bu adamlara bir çox maddələrlə cəza düşürdü (başqasının ərazisinə icazəsiz daxil olma, vandalizm, xuliqanlıq). Lakin St. Pol şəhər məhkəməsi tutulanları daha bir maddə üzrə cəzalandırmaq istəyirdi – irqçi simvolikanın nümayiş etdirilməsi. Şəhər bələdiyyəsi bu müddəanı məhz ona görə qəbul etmişdi ki, irqçilik xüsusi olaraq cəzalandırılsın. 1992-ci ilə ABŞ Ali Məhkəməsi R.A.V. v. St. Pol şəhəri işində irqçi simvolikanın nümayiş etdirilməsi müddəasını qadağan edən bələdiyyə qərarını qeyri-konstitusion elan etdi. Səbəb yenə eyni idi: Hər hansı bir nöqteyi-nəzər, hətta irqçi nöqteyi-nəzər belə siyasi diskussiyanı təşkil edən mozaikanın tərkib hissəsidir. Onu qadağan etmək cəmiyyətdə söz azadlığına basqı deməkdir.

SÖZDƏN QORXMAMAĞIN MƏNTİQİ

1927-ci ildə Uitni v. Kalifornia işində ABŞ hökumətini devirmək istəyən kommunist fəalları yaydıqları vərəqələrə görə mühakimə olunurdular. Ali Məhkəmə çoxluqla bu radikalların həbsini təsdiqlədi. Hazırkı Amerikanın hakim fikrini isə o vaxt qərarın məntiqinə iradları olan azlıq ifadə edirdi. Ali Məhkəmə Hakimləri Brandays və Holms yazırdılar: “Ciddi xətər qorxusu özü-özlüyündə azad sözün boğulmasına haqq qazandıra bilməz. Adamların cadugərlərdən qorxub qadınları yandırdıqları vaxtlar olub. Sözün funksiyası odur ki, insanları irrasional qorxulardan azad etsin. Azad sözün boğulmasına haqq qazandırmaq üçün gərək deyilən sözlərin nəticəsində ciddi xətərin baş verəcəyini gözləmək üçün məntiqli əsaslar ola. Gərək həmin xətərin baş vermə ehtimalı birbaşa və dərhal ola... Bizim müstəqilliyimizə inqilab yolu ilə nail olanlar qorxaq deyildilər. Onlar siyasi dəyişikliklərdən qorxmurdular. Onlar qayda-qanunu azadlığın hesabına ucaltmırdılar. Xalq hakimiyyəti prosesinin azad və cəsarətli məntiqinin gücünə arxayın olan cəsarətli və özünə inanan adamlar üçün sözün yaratdığı heç bir təhlükə aydın və mövcud ola bilməz. İstisna o hallardır ki, o hallarda gözlənilən xətər o dərəcədə tez baş verə bilər ki, deyilən sözün tam müzakirəsi üçün vaxt qalmaz. Əgər bütün səhvləri və yanlışlıqları müzakirə etmək üçün kifayət qədər vaxt varsa ki, xətər savadlandırma (başa salma/məlumatlandırma) yolu ilə sovuşdurulsun, çıxış yolu daha çox söz danışmaqdır, deyilən sözləri boğmaq yox”.

Söz azadlığı (I yazı)

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.