Çap üsulunun meydana gəlməsi və sürətlə populyarlıq qazanmasından dərhal sonra çap vasitələrinə nəzarət məsələsi gündəmə gəlir
Sırf hüquqi formasında söz azadlığı anqlo-sakson hüququnun ortaya çıxardığı doktrinadır. XVII əsrdən başlayaraq İngiltərədə inkişaf etməyə başlayan prinsip yüz il sonra Fransız inqilabı zamanı fransızların da qanunvericiliyində öz əksini tapmışdı, amma həmin azadlığı mənasız şüara çevirən bir əlavə ilə birlikdə. İnsan və Vətəndaşların Hüquqları Deklarasiyası adlanan sənəddə bu iki cümlə yer almışdı: «İdeya və rəylərin azad ifadə olunması insanın ən qiymətli hüquqlarından biridir. Müvafiq olaraq, hər bir vətəndaş azad şəkildə danışa, yaza və çap edə bilər. Lakin vətəndaşlar qanunların müəyyən edəcəyi sui-istifadə hallarına görə məsuliyyət daşıyacaqlar».Sitatı ona görə gətirdim ki, sonrakı təhlillərin niyə görə Böyük Britaniya və Amerika hüququna əsaslanacağını bəri başdan izah edim. Fransız inqilabçılarından fərqli olaraq, ingilislər azad sözü qadağan edəndə, açıq qadağan edirdilər, azadlığı da verəndə eləcə.
QADAĞANIN TARİXİ
Çap üsulunun meydana gəlməsi və sürətlə populyarlıq qazanmasından dərhal sonra çap vasitələrinə nəzarət məsələsi gündəmə gəlir. Qadağanı (söhbət XVII əsrin əvvəllərindən gedir) lisenziyalaşdırmaq yolu ilə həyata keçirməyə başladılar. Lisenziyanın da mahiyyəti bu idi: Hər bir çap evi olan şəxs çap etdirmək istədiyi yazıları kral sarayının müvafiq məmuruna təqdim etməli idi. Senzor kimi tanınan bu adam müəyyənləşdirirdi ki, filan fikri cəmiyyətə təqdim etmək olar, yoxsa «məsləhət deyil». Bu fikrə qarşı ilk açıq etiraz 1664-cü ildə səsləndi. Etirazçı mütəfəkkir Con Milton idi. Miltona görə, hansısa bir məmura imkan vermək olmazdı ki, öz əhvalına və şıltaqlığına uyğun qaydada müəyyən etsin ki, hansı fikir düzdür onu çap etmək olar, hansı fikir səhvdir onu çap etmək olmaz. Sonradan onun bu fikri ingilis cəmiyyətində çoxluğu ələ alır və lisenziya söhbəti yığışdırılır. Əvəzində isə yeni bir cinayət növü müəyyənləşdirilir – «seditious libel» (üsyankar iddia/iftira).
«SEDITIOUS LIBEL»
Yeni qaydalara görə, Britaniyada istənilən adam nəyi istəsə çap etdirə bilərdi. İstənilən material çap edilənə qədər basqıya, qadağaya məruz qala bilməzdi.
Con Milton
Amma çap olunandan sonra... «qanuni üzrlü səbəb, yaxud bəraəti olmadan ictimai statuslu şəxsləri günahlandırmaq məqsədi ilə ifadə olunan fikirlərə» görə cinayət məsuliyyəti var idi. Özü də adi adamlara qarşı iftiraya görə məsuliyyətdən fərqli olaraq, dövlət adamları barəsində deyilən fikirlərin həqiqət olduğunu sübut etmək həqiqəti deyən adamı məsuliyyətdən azad etmirdi. Məsələn, iddia edən tərəf sübut belə etsə ki, filan məmur rüşvət alır, həmin fikri səsləndirəndən sonra həqiqət carçısına cəza vermək mümkün idi. Bir sözlə, qanun deyirdi ki, danışırsan danış, amma dövlət məmurları da çox qəzəblənsələr, səni tutdurmaq səlahiyyətinə malikdirlər. Amma bu da uzun sürə bilmədi. Britaniyanın özündə qanunları bu qaydada icra etmək mümkün olurdu, amma daha liberal mühitli koloniyalarda (Amerika, Kanada, Avstraliya) bu qanunu açıq şəkildə rədd etməyə başladılar. Belə ki, 1735-ci ildə Britaniyanın Nyu-Yorka təyin etdiyi qubernator «üsyankar iddia» ittihamı ilə Con Piter Zenger adlı şəxsi məhkəməyə çəkdi və...uduzdu. Piter Zenger Nyu-Yorkun qubernatorunu öz həftəlik qəzetində tənqid etmişdi və onun vəkili hakimə demişdi ki, müttəhim öz iddialarının doğruluğunu sübut edə bilər. Hakim ingilis qanunlarına uyğun olaraq vəkilin müraciətini rədd edib bildirmişdi ki, qubernator haqqında deyilən fikirlərin doğruluğu-yalanlığı müzakirə mövzusu deyil. Lakin münsiflər hakimin təlimatlarına məhəl qoymayıb Piter Zengerə bəraət vermişdilər.AMERİKA İNQİLABI
Amerika Birləşmiş Ştatları müstəqilliyini elan edib konstitusiyasını yazandan cəmi bir neçə il sonra – 1791-ci ildə «Bill of Rights» (Hüquqlar Haqqında Sənəd) adı altında ABŞ konstitusiyasına ilk on əlavəni qəbul edir. Konstitusiyaya Birinci Əlavə dinin dövlətdən ayrılığı və söz azadlığı barədə idi: «Konqres dinin qurulmasına (müəyyənləşdirilməsinə) hörmət edən, yaxud dini ibadət sərbəstliyini yasaqlamağa dair heç bir qanun verməyəcək. Həmçinin, Konqres söz və mətbuat azadlığını, xalqın dinc toplaşmaq, şikayətlərinin yerinə yetirilməsi üçün hökumətə müraciət etmək hüququnu məh¬dudlaşdıran heç bir qanun verməyəcək». Göründüyü kimi, söz azadlığı tarixdə ilk dəfə ən qəti formada, qeyd-şərtsiz müdafiə olunurdu.
QƏTİYYƏTLİLİYİN SƏBƏBLƏRİ
Con Stüart Mill
Con Miltondan iki əsr sonra başqa bir ingilis mütəfəkkiri Con Stüart Mill yazırdı ki, söz azadlığına qoyulan məhdudiyyət həqiqətin özünə qoyulan məhdudiyyətdir. 1859-cu ildə «Azadlıq haqqında» əsərində Con Stüart Mill bu fikri belə ifadə edirdi: «Bir fikri boğuruqsa, əmin olmaq mümkün deyil ki, boğulan fikir həqiqətin özü yox, məhz səhv olan bir fikirdir. Boğulan fikrin səhv olduğunu əminliklə bildirməyimiz o demək olardı ki, biz özümüzü səhvdən uzaq, kamil bir varlıq hesab edirik. İkincisi, fikirlər əksərən tam şəkildə səhv və ya doğru olmurlar. Həqiqət və yalanın qarışıq balansından ibarət fikirlər bir-biri ilə açıq şəkildə toqquşarkən fikirlər yalan və yanlışlıqlardan təmizlənir və həqiqət üzə çıxır. İstənilən fikrin boğulması isə bu dinamikanı pozur. Üçüncüsü, hətta boğulan fikir tam səhv fikir və hakim fikir tam həqiqət olsa belə, cəmiyyətin həqiqətin qədrini bilməsi üçün onun yalan fikirlərin hücumuna tab gətirməsi lazımdır. Əks halda, həqiqətin cəmiyyətdə qədir-qiyməti olmaz, mənası dərk edilməz, ən nəhayət, həqiqətin özü arada itib batar».Zaman keçdikcə, tarix söz azadlığını dörd əsas baxış bucağından müdafiə edib:
1. Həqiqət. «Açıq müzakirədə həqiqət üzə çıxır» fikri yuxarıda açıqlandı. Amerikada həmin fikir bir qədər də sadələşdirilib. İstənilən fikir «açıq ideyalar bazarına» çıxarılmalıdır ki, bazar özü hansı fikrin nə dərəcədə qiymətli olduğunu üzə çıxarsın.
2. Demokratiya. Əsas ideya odur ki, hakimiyyəti xalq seçirsə və xalq bu seçimdə azaddırsa (əks halda seçkinin mənası yoxdur), gərək söz azadlığı da ciddi şəkildə qorunsun. İnsanlar fikirlərini azad ifadə edə bilmədikləri cəmiyyətdə öz seçimlərini necə azad həyata keçirə bilərlər?
3. Avtonomluq. İnsanlar fikirlərini tam azad ifadə edə bilməlidirlər ki, öz potensiallarını tam şəkildə ortaya çıxara bilsinlər. Sənət azadlığı ideyası buradan qaynaqlanır. Şairə «ayıbdır elə yazma», rəssama «düz-əməlli şəkil çək» deyilməyən cəmiyyətlərdə insanlar daha avtonom olur və özlərini daha çox realizə edib ümumi inkişafa daha çox töhfə verirlər. «Azadlığın gəlişi ilə Qərb dünyasının sıçrayışlı inkişafı bir dövrə təsadüf etdi» iddiası da bu kateqoriyadan olan arqumentdir.
4. Neqativ nəzəriyyələr. Qısaca desək, bu tip arqumentlərin kökü odur ki, heç bir hökumət, yaxud başqa bir ictimai qurum özü-özünə tam nəzarət edə bilməz. Gərək nəzarət kənardan gəlsin. Nəzarət tənqiddən doğur, tənqidi isə tənqid ediləndən asılı hala gətirmək olmaz, yoxsa nəzarət sistemi çökər, həmin qurum isə çürüyüb məhv olar.
Söz azadlığı bu gün dünyanın bütün demokratik dövlətlərində təməl azadlıqlardan biri hesab edilir. Bu azadlığın çərçivələri haracandır? Bu da artıq növbəti məqalənin mövzusudur.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.