►Şirkət mətnlərin paylaşılmasının yeni üsullarını nəzərdən keçirir
"Twitter Inc." şirkətinin həmtəsisçisi Jack Dorsey-nin baş icraçı direktor vəzifəsinə gəlməsindən cəmi bir ay keçmiş şirkətin səhmlərinin qiyməti rekord səviyyəyə enib.
Bloomberg yazır ki, şirkət səhmlərini ilk dəfə 2013-cü ildə ictimai satışa çıxarıb və elə o vaxtdan da istifadəçi artmının və satışların zəifləməsi ilə sərmayəçiləri məyus edib.
Dorsey məhsulları təkmilləşdirmək yolu ilə vəziyyəti düzəltmək istəsə də, atılmış addımlar hələ ki, rəqəmlərə təsir edə bilməyib.
Twitterin səhmləri Nyu York birjasında 1,4 faiz enərək 19.98 dollara satılıb. Bu, şirkətin öz səhmlərini ilk dəfə ictimai satışa çıxardığı 2013-cü ilin noyabrından bəri ən aşağı rəqəmdir.
Dorsey deyib ki, Twitter mətnlərin paylaşılmasının yeni üsullarını nəzərdən keçirir. Bura istifadəçilərə daha uzun tvitlər paylaşmaq imkanın verilməsi də daxildir. O qeyd edib ki, adamlar onsuz da mətnlərin skrinşotlarını göndərməklə daha uzun mesajlar paylaşırlar.
Ancaq o həm də bildirib ki, əksər tvitlərin "qısa, şirin və danışıq şəklində" qalmasını istəyir.
Twitterin keçən ilin dördüncü rübü üçün gəlirlərini fevralın 10-da elan edəcəyi gözlənilir.