Keçid linkləri

Təcili xəbərlər

«Suveren demokratiya»dan «suveren qloballaşma»ya...


Vladimir Putin
Vladimir Putin

-

RUSİYA BAZARINI İTİRMƏK SƏRF ETMİR...

Hətta idman yarışlarında da həmişə özünəməxsus davranışıyla seçilən Rusiya və rusiyalılar beyinləri məşğul etməkdə və diqqət hədəfində qalmaqdadırlar. Bu günlərdə Avstriya xarici işlər naziri Rusiyaya sanksiyaların götürülməsini nəzərdə tutan təkliflər paketini Avropa Birliyinə təqdim edib.

Təbii ki, bu, hələ özündə hansısa bir ciddi və real addımı ehtiva etmir, çünki əksəriyyət sanksiyaların götürülməsini Minsk razılaşmalarının gerçəkləşməsiylə şərtləndirir.

Amma sanksiyaların götürülməsini istəyənlər də az deyil. Bunun da səbəbi var və istəyənlərin heç biri təmənnasını gizlətmir. Hər şey olduqca bəsitdir: Avropa ölkələri Rusiyanın timsalında böyük bir bazarı itiriblər.

Təəssüf ki, sanksiyalar heç vaxt birtərəfli təsirə malik olmur, elə qarşı tərəfi də böyük itkilərə uğradır...

ELƏ BİL HEÇ NƏ BAŞ VERMƏYİB...

Amma bütün bu prosesdə çox maraqlı bir detal var. Rusiya prezidenti V.Putin-inelə bir narahatlıq duymaması təəccüb doğurur. Özünü elə aparır ki, sanki heç nə baş verməyib və Rusiya tükənməz resurslara malikdir. Bu yaxınlarda Rusiya mənbələri bu məsələ ilə bağlı bir olayı geniş şərh etdilər. 11 il Rusiyanın maliyyə naziri vəzifəsində çalışan və hakim partiyanın sayılan üzvlərindən olan A.Kudrin V.Putin-lə görüşmüş və ona demişdi ki, Rusiya bir ölkə olaraq texnoloji və iqtisadi baxımdan çox gerilədiyindən, bəzi geosiyasi reallıqları nəzərə almaq və ölkənin dünyanın texnoloji və iqtisadi cəhətdən daha çox inkişaf etmiş sektoruna sürətli inteqrasiyası haqda düşünmək lazımdır...

Amma V.Putin-in cavabı nə olmuşdu? Demişdi ki, ölkənin suverenliyi ilə alver etmək niyyətində deyil!..

Əlbəttə, demək olmaz ki, V.Putin qloballaşmanı tam nəzərə almır və onunla hesablaşmır. Müəyyən qədər hesablaşır, amma bunu da özünəməxsus şəkildə edir. Rusiya prezidentinin strateqləri «suveren demokratiya» deyimindən sonra daha bir işlək ifadəyə imza atıblar – «suveren qloballaşma»ya... Mənası da budur ki, Rusiya qloballaşma prosesinə də öz «düzəlişlərini» əsirgəməyəcək. Təbii ki, dünyada heç nəyi apriori kimi qəbul etmək olmur. Amma hər şeydə bir «milli velosiped» düzəltməyə çalışmaq son nəticədə ona gətirib çıxarır ki, ölkə böyük bir akvariuma çevrilir – insanlar və eləcə də iqtisadiyyat rəqabət qabiliyyətini tam itirir...

İndi Rusiyada belə bir proses gedir. Ölkə iqtisadiyyatının rəqabət qabiliyyətindən danışmaq tam yersizdir. Ən maraqlısı isə odur ki, hətta formal məntiq baxımından, hər hansı ölkənin suverenliyi onun iqtisadiyyatı güclü olanda tam təmin edilir. Rusiyanınbu meyara cavab verdiyini, məncə, heç kim deməz və ya fikrində israr etməz...

Leonid Brezhnev | Vladimir Putin
Leonid Brezhnev | Vladimir Putin

BƏS SONRA?

Əvvəlki soyuq savaşdan fərqli olaraq, bu dəfə Rusiyaya tətbiq edilən sanksiyalar elə də imperativ sistem xarakteri daşımır. Yetər ki ölkə özünün Ukraynadakı siyasətindən əl çəksin və Minsk Razılaşmasının tələblərini yerinə yetirsin.

Bəzən bu barədə xeyli düşünür və özümü xəyalən Rusiya vətəndaşlarının yerinə qoyaraq, qeyri-ixtiyari soruşuram: «Krım ilhaq olundu! Bəs sonra?». Məncə, bu sualı nə vaxtsa Rusiya vətəndaşları və hətta krımlılar soruşacaq. Çox güman ki, bu, Putinsonrası dönəmin sualı olacaq.

Çox sayda düşüncə adamı indi tam ciddi şəkildə Putinsonrası dönəmdən yazır. Onların fikrincə, Rusiya daha bir «yenidənqurma» dövrünü yaşamağa məhkumdur, çünki indiki bəzi simptomlar ovaxtkı vəziyyətlə tam eynidir. O vaxt da neftin qiyməti düşmüş və ölkə iqtisadi böhrana yuvarlanmışdı. O vaxt da ölkə özünü, az qala, bütün dünyaya qarşı qoymuşdu. Bəli, o vaxt Əfqanıstan vardı, indi isə Krım və Şərqi Ukrayna var...

Üstəlik, ölkədə Putin-dən savayı xarizmatik lider yoxdur ki, Putinsonrası dönəmin siyasi fəsadlarını neytrallaşdıra bilsin. Bu da təbiidir. Xarizmatik liderlərdən sonra ölkədə həmişə bir boşluq yaranır, çünki bir şəxsin xarizma məsələsi heç də asan başa gəlmir. Bundan ötrü neçə-neçə başqa lideri neytrallaşdırmağa və cəmiyyəti «budamağa» ehtiyac yaranır. Bu hal, əslində, Rusiyaya tanış gəlməlidir, - J.Stalin-dən sonra siyasətdə dəhşətli boşluq yaranmamışdımı? Axı o, parlaq şəxsiyyətlərin hamısını öldürmüş və özünü idola çevirmişdi. Sonrakı dövrlərdə SSRİ yenidən xarizmatik lider modelinə üz tutdu. Məsələn, L.Brezhnev-in kultunu yaratmağa çalışdılar. Amma şəxsiyyətə pərəstiş də asan məsələ deyil, çünki bir məşhur rus yazarı demiş, pərəstişlə yanaşı şəxsiyyət də olmalıdır. L.Brezhnev-in kultu daha çox siyasikarikaturaya və hətta gülməcəyə bənzəmişdi...

İndi də neçə-neçə institut və imicmeyker V.Putin-nin xarizması üzərində işləyir. Elə onun özü də bu prosesə yardımçıdır. Siyasətdə «boy sırası» çox dəqiq müəyyənləşdirilib – Putin-nin yanında yalnız Medvedev boyda olmaq mümkündür. Bundan artığına iddia etmək tam mənasızdır, hətta siyasi baxımdan təhlükəlidir, çünki «qayçı» dərhal işə düşə bilər...

Qərəz, arabir də olsa, Avropa ölkələrinin könlündən Rusiya üzərindən sanksiyaları götürmək keçir. Amma Rusiya və rusiyalılar hələ ki, bunun fərqində deyillər. Axı öz Putin-ləriylə «xoşbəxt»dirlər...

Amma bu «xoşbəxtlik» nə qədər çəkəcək? Bilmirəm... Bildiyim odur ki, hər halda, əbədi olmayacaq...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG