Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan sonda kimi seçəcək? Türkiyəni, yoxsa...


R.T.Erdoğan/V.Putin
R.T.Erdoğan/V.Putin

-

İLK BAXIŞDA HƏR ŞEY SADƏ GÖRÜNÜR...

Türkiyənin prezidenti R.T.Erdoğan-ın dünən üçün Azərbaycana nəzərdə tutulan səfəri bir müddətdir ki, hamının diqqətindədir. Bir daha hansısa texniki problem və ya başqa bir ciddi səbəb ortaya çıxmasaydı, səfər bu gün baş tutacaqdı. Amma belə məlumatlar yayıldı ki, prezident Ankarada baş vermiş partlayışa görə səfərini təxirə salıb. Düzdür, bu ertələməni rəsmi Bakının son vaxtlardakı bəzi tələsik açıqlamaları ilə bağlayanlar da var...

Hər halda ümid kəsilməyib ki, Erdoğan səfərini yaxın müddətlərdə reallaşdıra biləcək, çünki iki dövlət arasında çözüləsi problem və danışılası məqamlar çoxdur.

İlk baxışda qeyri-adi, fövqəladə məsələ yoxdur – Erdoğan Azərbaycana Yüksək Strateji Tərəfdaşlıq qurumunun işinə qatılmağa gələcəkdi.

Amma bu, ilk baxışda belədir. Xeyli vaxtdır Türkiyə ilə Rusiya arasında, sözün əsl mənasında, əsəb savaşı yaşanır.

Azərbaycanda bunu hamı, xüsusən hakimiyyət təmsilçiləri ayrıca diqqətlə izləyir. Niyə? Axı Azərbaycan hər iki dövlətlə isti münasibətlərini qorumağa cəhd edir - Türkiyə qardaş ölkə və hərbi müttəfiqdirsə, Rusiya da strateji tərəfdaş və qonşu ölkədir. Özü də böyük və çevrəsinə ciddi təsiri olan ölkədir.

Təbii ki, Rusiya ilə bağlı deyilənlər mübahisəli görünə bilər, amma rəsmi Bakı belə düşünür və bizim də bu yanaşmanı olduğu kimi təqdim etməkdən savayı yolumuz yoxdur. Üstəlik, unutmaq lazım deyil ki, Rusiyada milyonlarca azərbaycanlı məskunlaşıb və Azərbaycanla münasibətlərin korlanması dərhal özünü onların vəziyyətində hiss etdirə bilər. Bu isə elə bir gerçəkdir ki, hansı siyasi mənsubiyyəti olsa da, hamı onunla hesablaşır...

AZ QALA HƏR ŞEY YOLUNA QOYULMUŞDU...

Sovet dövrünün qısa dönəmini nəzərə almasaq, Rusiya ilə Türkiyənin münasibətləri heç vaxt hamar olmayıb. Bəlkə də təəccüblü görünəcək, amma V.Putin Türkiyəyə səfər edən ilk Rusiya başçısı olub. Hətta yadıma gəlir ki, bir dəfə mətbuat konfransında ondan R.T.Erdoğan haqqında soruşulanda qayıtdı ki, Erdoğan əsl kişi siyasətçidir... Bu, o vaxtlar idi ki, hələ «təyyarə məsələsi» olmamışdı və Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayacağını deyirdi...

Amma indi bunlar vaxt baxımından yaxın keçmiş olmaqla yanaşı, real siyasət baxımından çevrilmiş səhifədir.

Münasibətlər o qədər gərgin həddə çatıb ki, Rusiya telekanallarına heç baxmaq olmur, adamın lap başı gicəllənir.

Telekanallarda təkcə siyasətçilərin sərt bəyanatları səslənmir, hətta keçmiş monastır rahiblərinin «öncəgörmələr»i təqdim edilir: guya bu rahiblər hələ bir neçə yüz il əvvəl deyiblərmiş ki, daha bir dünya müharibəsini Türkiyə başladacaq, amma uduzacaq və «Konstantinopol» pravoslav xristianlara qaytarılacaq!..

Təsəvvür edin, dünya nə Bizans imperiyasını xatırlayır, nə də İstanbulun keçmiş adını problem sayır - axı bunlar uzaq, çox uzaq tarixdir. Amma Rusiyada hələ də bəziləri Konstantinopolu qaytarmaq haqqında düşünür...

Suriyanın Tartus şəhərində Rusiyaya dəstək aksiyası
Suriyanın Tartus şəhərində Rusiyaya dəstək aksiyası

HAKİMİYYƏTDƏ HƏRBÇİLƏR OLANDA...

Düzdür, hər şey məşhur «təyyarə məsələsi»ndən başladı... Hakimiyyətdə də hərbi qurumların nümayəndəsi olduğundan, bir anda savaş təhlükəsi qapını kəsdi. Düzdür, Putin peşəkar hərbçi deyil, təhlükəsizlik xidmətinin əməkdaşı olub, ancaq böyük mənada nə fərqi var? İkisi də bir bezin qırağı deyilmi?!.

Tutalım, lap Türkiyə haqlı deyil... Ukrayna da haqlı deyil? Gürcüstan da haqlı deyil?

Suriya Türkiyənin, hətta Səudiyyə Ərəbistanının da qonşusudur. Amma Rusiyanın qonşusu deyil, onunla heç bir sərhədi yoxdur. Rusiya orada nə edir?

Ən böyük ziddiyyət mənbəyi həm də Bashar al-Assad-a münasibətlərdir. Rusiya israr edir ki, onun taleyini suriyalılar həll etməlidir, hətta bunu əsaslandırmaq üçün suriyalıların ona «dəstəyindən» danışır. Amma hansı dəstəkdən söhbət gedə bilər?

Suriyalıların 11 milyonu qaçqındır, 300-400 min suriyalının bu illərdir sürən yurddaş savaşında öldürüldüyü faktdır. Bu adam öz vətəndaşlarının üzərinə tank, təyyarə göndərir...

SİYASƏT NƏCİB QIZLAR KLUBU OLMASA DA...

İnanın, heç kimi ideallaşdırmaq fikrim yoxdur. Bir nəfər yaxşı söz demişdi: «siyasət nəcib qızlar klubu deyil...». Suriyada hər bir dövlətin öz marağı var. Bunu inkar etmirik, amma maraq da məntiqli olmalıdır...

Demirəm ki, Qərbin bütün məsələlərə yanaşması idealdır. Yox, belə deyil, ən azı, göz önündə İraq və Əfqanıstan təcrübəsi var. Düşünmürəm ki, Qərb bu ölkələrdəki durum və reallıqlara ideal məsuliyyətlə yanaşıb - vuruşdu, döyüşdü, kimisə «aşırdı», eləcə də qoyub getdi... Nəticədə bu ölkələrdəki sərt avtoritar rejimlərin yerində böyük boşluq yarandı və həmin boşluq çox tez bir zamanda ən müxtəlif siyasi ünsürlərlə dolub-daşdı...

Amma cəmiyyətlərdən, onların mənəvi gücündən də çox şey asılıdır. 1946-cı ildə Yaponiya da işğal olunmuşdu. Kobud desək, onlara bir konstitusiya yazıb verdilər və dedilər ki, bununla yaşamalısınız. Yaşadılar da! Gözəl ölkə, gözəl iqtisadiyyat qurdular...

İraqda niyə belə olmadı? Əfqanıstan nədən belə olmadı? Liviya niyə bu cür olmadı? Bilmirəm...

İ.Əliyev/R.T.Erdoğan
İ.Əliyev/R.T.Erdoğan

TÜRKİYƏ BARIŞMAQ, ANLAŞMAQ İSTƏYİR, Dİ GƏL...

Qərbi bir tərəfə qoyaq... Açığı, Türkiyə Rusiya ilə kontakt axtarır. Hətta bundan ötrü ayrı-ayrı siyasətçilərin vasitəçiliyindən yararlanmağa cəhd göstərir. Hələ münasibətlərdəki qəzəbin pik həddinə çatdığı ilk günlərdə Türkiyə N.Nazarbayev-in vasitəçiliyindən yararlanmağa çalışdı. Amma V.Putin o vaxt Qazaxıstandakı toplantıya gəlmədi...

İstisna deyil ki, Türkiyə Rusiya ilə barışığın açarlarını Azərbaycanda da axtarır. Hətta bəzi təhlilçilər bunu son vaxtlardakı dialoqların əsas predmeti sayır. Amma rəsmi Bakı çox ehtiyatlı siyasət yürüdür və fikrimcə, həm Türkiyə, həm də Rusiya ilə yaxşı münasibətlərini axıradək qorumağa cəhd edir. Xırda yayınmalar ola bilər, amma rəsmi Bakının standart diplomatik ritorika çərçivəsindən çıxmayacağına inanıram...

Düzdür, onun üçün Bashar al-Assad-ın özü də, elə onun «dərdi-səri» də daha anlaşıqlıdır – demokratiyalardan fərqli olaraq avtoritar siyasi sistemlər daha asan anlaşa bilirlər...

DEYƏSƏN, RUSİYANI BÖYÜK ŞİMALİ KOREYAYA ÇEVİRMƏK İSTƏYİRLƏR

Bəs bütün bu proseslərin sonu nə olacaq? Güman etmirəm ki, müharibə olacaq. Amma bu günlərdə Rusiyanın baş naziri D.Medvedev ölkəsinin sanksiyalardan qorxmadığını dediyi yerdə dərhal da qayıtdı ki, əvvəllər tək Avropa ilə ticarətdən Rusiya ildə 400 - 450 milyard dollar qazanırdı. İndi həmin rəqəm iki dəfə azalıb!..

Məntiq varmı? Bircə ildə bu boyda itki varsa, kim deyə bilər ki, 2-3 ildən sonra Rusiya iqtisadiyyatı tam çökməyəcək?

Rusiya siyasətçiləri nə düşünürlər? Deyəsən, Rusiyanı böyük Şimali Koreyaya çevirmək istəyirlər.

Bacararlarmı? Bacararlar. Putin-in reytinqi hələ rekord vurur. Amma sonu nə olacaq? Suriya Ukraynanı unutdura biləcəkmi? Krım və şərqi Ukrayna dünyanın yadından çıxacaqmı? Və ən əsası, Rusiya vətəndaşları daha bir 70 il «Dözərik! Hər şeyə dözərik!» deyəcəklərmi?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube kanalında izləyin

XS
SM
MD
LG