-
Körpə ana bətnində olanda 9 ay Ananın ürək döyüntülərini dinləyərək böyüyür...
O yaşamı, həyatı döyüntüsüz təsəvvür etmir.
DÖYÜNTÜ KƏSİLDİ!
Zaman gəlir ki, körpə əsl həyata qədəm qoymalı olur.
Heyhat! Döyüntü həmin dəqiqədən kəsilir...
Körpə yeni həyata çırpıntısız qədəm qoyur.
Səsli-küylü, qarmaqarışıq yad bir aləmə daxil olur.
KÖRPƏ O ÜZDƏN DÜNYAYA GƏLİNCƏ AĞLAYIR
Balaca məxluq bu itki ilə razılaşmır.
O ağlayır, sızlayır, «yox» deyir.
Amma heç kəs onun bu hərəkətinin əsl səbəbini bilmir.
Onun qarnını ovurlar, boğazını yağlayırlar, dilini təmizləyirlər.
Heç nə kömək etmir...
ANA QUCAĞI - ÜRƏYƏ ƏN YAXIN MƏSAFƏ
Körpə ancaq Ana qucağında, Ana südündə sakitlik tapır, çünki... ürəyə daha yaxın olur.
Ana ürəyinin çırpıntısını dinləyərək yuxuya dalır, keçmişləri - 9 aylıq dönəmi xatırlayır...
Çünki bu mühit ona doğmadır, bu çırpıntı ona qanıyla birgə hopub.
Yaşadığı yeni həyatda isə ürək döyüntüsündən başqa hər şey var...
ANA-BALA SEVGİSİ - SEVGİLƏRİN ƏN ÜMDƏSİ
Odur ki, balanızı Ana sevgisindən məhrum etməyin.
Siz də Ananızın ürək döyüntüsünü zaman-zaman dinləməyi unutmayın, onu yadırğamayın, onu yadırğatmayın.
Ən ağır dəqiqəniz, ən xoşbəxt anınız belə döyüntüsüz ötüşməsin.
Bu döyüntünün ömrü sizin ömrünüzdən qısa olsa da, onu yaddaşınızda yaşadın.
O çırpıntıların səsini başqa balalara ötürün.
Zatən həyatın mənası- dadı bu döyüntülərin - çırpıntıların ötürülməsindədir.
Yolunuz açıq olsun!
8 mart 2016.