Borc və Azadlıq
Redaksiyadan:
Diqqətinizə yetirilən bu yazı silsiləsini bəyənə də bilərsiniz, bəyənməyə də. Bəzi düşüncələri aşırı subyektiv də saya bilərsiniz, amma... Amma əmin olun ki, qaldırılan məsələlərin aktual, faydalı və ertələnməz məqamlarını dana bilməyəcəksiniz. Axı bu yazılar silsiləsi bir peşəkarın qələmindən çıxıb.
İndi daha çox vəkil kimi tanınan Əkrəm Həsənov hüquq və iqtisad təhsili alıb. O, Bakı Dövlət Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2008-ci ildə Avropa Şurası Siyasi Biliklər Məktəbindən də məzun olub. 2001-2011-ci illərdə bank sistemində çalışıb. Mərkəzi Bankın ümumi qanunvericilik şöbəsinin rəisi, «Bank of Baku» ASC hüquq departamentinin direktoru və Bank VTB (Azərbaycan) ASC İdarə Heyəti sədrinin müavini olub. 2011-ci ilin sonundan bəri müstəqil hüquqşünas kimi çalışır. Vəkillər Kollegiyasının üzvüdür. Bu ildən etibarən, «Antikollektor» MMC-nin də həmtəsisçi və rəhbəridir. Mülki Məcəlləni açıqlayan iki kitabın, eləcə də «Azərbaycanın bank hüququ» monoqrafiyasının (rusca) və 50-dən çox elmi məqalənin müəllifidir. Evlidir, 4 qızı var. Azərbaycanda hüquqi dövlətin qurulmasını, övladlarımızın bizdən daha rahat yaşamasını və Vətənlərindən qürur duymasını özünün ali məqsədi sayır.
Kreditor gərdəyində gəlin («Borc və Azadlıq» silsiləsindən 1-ci yazı)
Soyunan borclular... («Borc və Azadlıq» silsiləsindən 2-ci yazı)
Azərbaycanda qanun zəiflər üçündür? («Borc və Azadlıq» silsiləsindən 3-cü yazı)
Mülki Məcəllənin 556.1-ci maddəsində deyilir: «İcra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz». Şəxs hər hansı mülki öhdəliyi icra etmək iqtidarında deyilsə, konkret olaraq pulu olmadığı üçün pul öhdəliyini icra edə bilmirsə, təbii, onun hər hansı təqsirindən söhbət gedə bilməz. Burada nə qəsd var, nə də ehtiyatsızlıq. Əksinə, borclunun mövcud əmlak vəziyyəti onun özü üçün də arzuolunmazdır: kim istəyər ki, kasıb olsun?! Burada necə qəsd ola bilər ki? Heç kəs qazancının sabah necə olacağını bilə bilməz. Buna görə də borclunun əmlakının və gəlirinin olmaması ehtiyatsızlığın da nəticəsi deyil. Əks halda, belə çıxır ki, guya kasıb olmaq qəbahətdir!
Təcrübədə də borclunun təqsirli olaraq borcu ödəməməsi heç vaxt sübuta yetirilmir. Heç buna cəhd də göstərilmir. Sadəcə, iddia edilir ki, guya borclu borcunu ödəməyə cəhd, təşəbbüs göstərmir, hərəkət etmir. Pulu yoxdursa, necə cəhd göstərə bilər, axı? Hansı hərəkəti etməlidir? Necə təşəbbüs göstərməlidir? Oğurluq etməlidir? İşsiz, gəlirsiz qalması ona xoşdur məgər? Bəzən deyirlər ki, borcun hissə-hissə ödənilməsi üçün möhlət istəməlidir. Əslində, möhlət istəmək şəxsin vəzifəsi deyil, hüququdur. Məcbur edilə bilməz. Yaxında gəlirinin olacağını, heç dolanmağa pul tapacağını gözləmirsə, yalandan niyə möhlət istəməlidir? Həm də tutaq ki, möhlət istədi, amma sonra vaxt tamam olanda yenə ödəyə bilmədi? Nə dəyişir ki? Heç nə! Necə ki, ödəniş qabiliyyəti yox idi, yenə də yoxdur!
BORCLUNUN HƏR HANSI GƏLİRİNİN OLMAMASI...
Borclunun hər hansı gəlirinin olmaması gəlir vergisinin ödənilməməsi ilə də sübut olunur. Fiziki şəxsin gəliri varsa, ilk növbədə (borcundan da əvvəl) gəlir vergisini ödəməlidir. Buna görə, işi araşdıran icra məmuru və məhkəmə vergi orqanına sorğu ilə müraciət edə bilər. Vergi ödənilmədiyi təqdirdə, borclunun həbsi o deməkdir ki, guya şəxsin gəliri var, amma vergi orqanı bunu müəyyənləşdirməyib və vergidən yayınma halı var. Belədirsə, bunu, ilk növbədə, vergi orqanı araşdırıb sübut etməlidir. Bütün bunlar təsdiqini tapmırsa, demək, gəlir də yoxdur və borcun ödənilməməsində hər hansı təqsirdən söhbət gedə bilməz.
BORCUN ÖDƏNİLMƏSİ MÜMKÜN DEYİLSƏ...
Məhkəmə aktına əsasən, borcun ödənilməsi mümkün deyilsə, həmin aktın icra edilməməsinə görə həbs borcun ödənilməməsinə görə həbs deməkdir. Qeyd edildiyi kimi, «Avropa İnsan Hüquqları Konvensiyası»nın 4-cü Protokolunun 1-ci maddəsində deyilir: «Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz». Bu maddə insanın azadlıqdan məhrum edilməsi üzrə dövlət hakimiyyəti üçün əlavə məhdudiyyət müəyyənləşdirir. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin «b» yarımbəndinə əsasən, ümumən «məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması» mümkündür. Lakin Konvensiyanın 4 saylı Protokolunun 1-ci maddəsi bu ümumi qayda üzrə istisna müəyyən edir. Burada mühüm olan «yalnız... iqtidarında olmadığına görə» ifadəsidir (Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarındakı borcun ödənilməsinə faktik imkanın olmaması əlaməti ilə üst-üstə düşür). Yəni şəxs sırf borcunu ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz.
«KEÇƏL HƏSƏN, HƏSƏN KEÇƏL» MƏSƏLİ
Tarixboyu borca görə həbs təbii, bir qayda olaraq, məhkəmənin borcun ödənilməsini tələb edən ilkin qərarının icra edilməməsinə görə mövcud olub. Yəni aydın məsələdir ki, əvvəlcə gərək borc öz təsdiqini tapsın ki, onun ödənilməməsinə görə həbs də olsun. Bu üzdən, ara-sıra, Azərbaycanda bəzi hüquqşünasların «bu, borca görə həbs deyil, məhkəmə aktının icra edilməməsinə görə həbsdir» deməsi yanlışdır və «Keçəl Həsən, Həsən keçəl» məsəlidir! Məhkəmə aktı da borcun ödənilməsini tələb edir, axı. Yəni son nəticədə borclu məhz borcu ödəyə bilmədiyi üçün həbs edilmiş olur.
Hər bir halda, vurğuladığım kimi, kiminsə borc üzündən dərhal məsuliyyətə cəlb edilməsi onsuz da mümkünsüzdür. Borcu əvvəlcə gərək məhkəmə təsdiqləsin. Yazımın əvvəlində borc həbsxanalarının tarixinə toxunmuşdum. Təbii ki, həmin həbsxanalara salınmazdan öncə məhkəmə borclunun borcunu təsdiqləyib və ödənilməsini tələb edib. Yalnız bu tələb icra edilməyəndən sonra – məhkəmə qərarının icrasız qaldığına görə, borclu həbs edilib. Başqa sözlə, bizim hakimlər yeni bir şey icad etməyiblər və inkişaf etmiş ölkələrdə XIX əsrin ortalarınadək olan təcrübəni təkrarlayırlar. Halbuki, qeyd etdiyimiz kimi, həm qanunlarımız, həm də Konstitusiya Məhkəməsinin 2 oktyabr 2012-ci il tarixli Qərarı borcu ödəyə bilməyən şəxsin cəzalandırılmasına yol vermir.
NƏ ETMƏLİ?
Göründüyü kimi, bizdə bəşər tarixinə məlum olmayan yeni heç nə yoxdur. Borca görə, daha doğrusu, məhkəmə qərarı ilə borcun ödənilməsi tələbinin icra edilməməsinə görə həbs bütün xalqlarda olub. Müsəlman ümməti bu səhifəni hələ VII əsrdə, Avropa xalqları isə XIX əsrdə vərəqləyib keçib. Biz isə hələ indi vərəqləmək üzrəyik və buna ciddi müqavimət var. Çünki hüquqi şüur baxımından xeyli geridə, barbarlıq dövründə qalmışıq.
Bu məsələdə yalnız bankları, kollektorları, icra məmurlarını və hakimləri təqsirləndirmək düzgün olmazdı. Onlar da xalqımızın içindən çıxıblar. Xalqın hüquqi şüuru necədirsə, hətta ali təhsilli hüquqşünaslarımızın da bir qisminin səviyyəsi elədir.
Məsələn, bizdə biri digərinin borcunu ödəyə bilmədikdə sonuncu nə edir? Birincinin üstünə «qanuni oğru»dan tutmuş tanış polis əməkdaşınadək göndərir, qorxudur, döydürür və s. Yəni, «canın çıxsın, ödə» yanaşması şüurumuzdadır. Bu yanaşma vaxtilə bütün xalqlarda olub: müflis borcluya oğru kimi baxıblar. Amma tədricən yanaşmalar dəyişib. Bunda insanların kütləvi müflisləşməsinin də rolu danılmazdır. Məhz bu səbəb indi Azərbaycan xalqının da şüurunda tədrici dəyişikliklərə yol açır. Kredit təşkilatları və vətəndaşlarımız arasındakı mövcud qarşıdurma borcluya daha humanist yanaşma doğurub.
YA SİVİLİZASİYA, YA DA BARBARLIQ
Təbii ki, bu yanaşmanın hüquqi təsbiti hüquqşünasların, ilk növbədə vəkillərin, ardınca da hakimlərin, icra məmurlarının və başqalarının vəzifəsidir. Onların da məsələyə münasibəti dəyişməlidir. Ya ölkəmizin gerçəkdən İslam və Avropa sivilizasiyalarına mənsub olmasını, ya da mövcud təcrübəni sürdürərək, barbarlığımızın hələ də davam etməsini təsdiqləməlidirlər.
Azərbaycan hələ də SSRİ-nin inzibati amirlik sistemindən yaxa qurtara bilməyib. Bizdə reallıqda özəl (mülki) hüquq yoxdur (Mülki Məcəllə ən iri, amma ən bərbad tərtib edilmiş qanunumuzdur!). Borc – özəl hüququn institutudur. Məsuliyyət də sırf əmlak xarakterli olmalıdır. Bunu anlayıb təsbit etməyincə, geriliyimizi etiraf etmiş oluruq.
Bəli, kölgə iqtisadiyyatı, qeyri-rəsmi gəlirlər ölkəsi olan Azərbaycanda formal cəhətdən şəxsin real gəlirini bilmək mümkünsüzdür. Yəni borclu rəsmi gəliri olmadığından, borcun ödənilməsindən tam qanuni əsasla yayına bilər. Kreditorları narahat edən budur. Lakin əvvəla, vicdansızlara görə vicdanlılar niyə əziyyət çəkməlidir? Digər tərəfdən, bu, artıq dövlətin məsuliyyətinə aid olan məsələdir. Səbəbin özünü (kölgə iqtisadiyyatını) aradan qaldırmaq lazımdır!
Ardı var