Keçid linkləri

Təcili xəbərlər

Kreditor gərdəyində gəlin («Borc və Azadlıq» silsiləsindən 1-ci yazı)


Foto illüstrasiya
Foto illüstrasiya

Borc və Azadlıq

Əkrəm Həsənov
Əkrəm Həsənov

Redaksiyadan:

Diqqətinizə yetirilən bu yazı silsiləsini bəyənə də bilərsiniz, bəyənməyə də. Bəzi düşüncələri aşırı subyektiv də saya bilərsiniz, amma... Amma əmin olun ki, qaldırılan məsələlərin aktual, faydalı və ertələnməz məqamlarını dana bilməyəcəksiniz. Axı bu yazılar silsiləsi bir peşəkarın qələmindən çıxıb.

İndi daha çox vəkil kimi tanınan Əkrəm Həsənov hüquq və iqtisad təhsili alıb. O, Bakı Dövlət Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2008-ci ildə Avropa Şurası Siyasi Biliklər Məktəbindən də məzun olub. 2001-2011-ci illərdə bank sistemində çalışıb. Mərkəzi Bankın ümumi qanunvericilik şöbəsinin rəisi, «Bank of Baku» ASC hüquq departamentinin direktoru və Bank VTB (Azərbaycan) ASC İdarə Heyəti sədrinin müavini olub. 2011-ci ilin sonundan bəri müstəqil hüquqşünas kimi çalışır. Vəkillər Kollegiyasının üzvüdür. Bu ildən etibarən, «Antikollektor» MMC-nin də həmtəsisçi və rəhbəridir. Mülki Məcəlləni açıqlayan iki kitabın, eləcə də «Azərbaycanın bank hüququ» monoqrafiyasının (rusca) və 50-dən çox elmi məqalənin müəllifidir. Evlidir, 4 qızı var. Azərbaycanda hüquqi dövlətin qurulmasını, övladlarımızın bizdən daha rahat yaşamasını və Vətənlərindən qürur duymasını özünün ali məqsədi sayır.

​Bu məqalədə borca görə azadlıqdan məhrumetməyə münasibət timsalında kimliyimiz və gələcəyimiz təhlil olunur. Cəmiyyətimizi düşündürən sual və narahat edən problemlərin çox gözlənilməz və pərtedici kökləri və cavabları var.

Borcunu ödəyə bilməyən insanı azadlıqdan məhrum etmək olarmı? Həqiqətənmi biz iki böyük sivilizasiyaya – İslam dünyası və Avropaya mənsubuq, yoxsa barbarıq? Postneft dövründə nəinki iqtisadi inkişafımızın, ümumiyyətlə, mövcudluğumuzun əsas şərti nədir?

BORCA GÖRƏ AZADLIQDAN MƏHRUMETMƏ PRİZMASINDAN BƏŞƏR TARİXİNƏ BAXIŞ

Müflisləşmiş borcluya (o cümlədən borca zamin durana) sərt münasibət yeni deyil. Bütün xalqlar bu mərhələni nə vaxtsa yaşayıb və ya bizim kimi hələ də yaşayır. Nəinki Qərb, hətta bir sıra müsəlman ölkələri bu mərhələni bir neçə əsr əvvəl keçib. Ümumiyyətlə, bu məsələdə ilk mütərəqqi nümunəni məhz İslam dünyası nümayiş etdirib, Qərb sivilizasiyası isə bundan yalnız 12 əsr sonra bəhrələnib. Məsələnin olduqca böyük maraq kəsb etdiyini nəzərə alaraq, tarixə qısa səyahətə çıxaq.

Tarixi baxımdan müflisləşmiş borcluya münasibətdə iki mərhələni qeyd etmək lazımdır. Birinci mərhələ (şəxsi məsuliyyət mərhələsi) borclunun borca görə həm əmlak, həm də şəxsi məsuliyyət daşıması ilə, ikinci mərhələ (əmlak məsuliyyəti mərhələsi) isə yalnız əmlak məsuliyyəti daşıması ilə səciyyələnir. Öz növbəsində birinci mərhələ, şərti olaraq, 3 dövrdən ibarətdir: 1) borclunun kreditorun köləsinə çevrilməsi (köləlik dövrü); 2) borclunun kreditorun icbari işçisinə çevrilməsi (icbari işçi dövrü); 3) borclunun dövlət tərəfindən azadlıqdan məhrum edilməsi (borc həbsxanaları dövrü). Təbii, bu dövrləri yaşamış hər bir xalqın özünəməxsus xüsusiyyətləri olub. Həmin dövrləri aşağıda xarakterizə edərkən bu xüsusiyyətlərə də toxunacağıq.

KÖLƏLİK DÖVRÜ: MÜFLİS BORCLU ŞƏRƏFSİZ SAYILIB...

Şəxsi məsuliyyət mərhələsinin ilk dövrü bütün xalqlarda çox qəddar olub. Müflisləşmiş borclu kreditorun köləsinə çevrilirdi. Əksər hallarda ailə üzvləri ilə birlikdə. Cəmiyyətin buna münasibəti də çox normal olub. Caninin edamına münasibət kimi. Çünki hesab olunurdu ki, müflis borclu nəinki şərəfsizdir, həmçinin borcuna görə başı ilə cavabdehdir. Qədim Romada hətta belə bir prinsip də vardı: «Qui non habet in aere, luat in cute» («Pulu olmayan dərisiylə cavabdehdir»). Yəni pulun yoxdursa, ən azı, bədənin var, deməli, onunla məsuliyyət daşıyırsan və bədənin artıq kreditorun mülkiyyətidir.

Bəzi xalqlarda bədənin ayrı-ayrı hissələrinin də öz qiyməti vardı (məsələn, qədim norveçlilərdə) və kreditor həmin bədən orqanlarını kəsib götürmək hüququna malik idi (Şekspirin «Venesiya taciri» pyesində bu qaydanın orta əsrlərdə belə mövcud olmasından bəhs edilir). Miladdan öncə V əsrdə Romada qəbul edilmiş «XII Cədvəl Qanunları»nın III cədvəlində buna «partis secanto» (hissələrə bölünmə) deyilirdi və kreditor bir qədər çox və ya bir qədər az da (si plus minuse secuerunt, se fraude esto) kəsə bilərdi. Təbii, əksər hallarda borclunun özü bədən orqanlarından məhrum olmamaq üçün kölə olmağı seçirdi. Qədim dövrlərdə Çində, Şimali Amerikada və digər yerlərdə borcunu ödəyə bilməyənlər amansız işgəncələrə də məruz qalırdılar.

Bəzi Şimali Avropa xalqlarında (island, İsveç, Danimarka və b.) borcunu ödəyə bilməyən qanundankənar elan edilir, yəni mənsub olduğu cəmiyyətdən (icmadan) qovulurdu. Hər kəs onunla istədiyi kimi davrana (döyə, öldürə və s.) bilərdi. Bunun da qorxusundan borclu köləliyə üstünlük verirdi.

QƏDİM MİSİRDƏ BORCLUNUN ATA-ANASININ DƏFNİNƏ İCAZƏ VERİLMƏZDİ...

Rusiyada 1861-ci ildə ləğv edilən təhkimçilik hüququ vaxtilə və əsasən, məhz borc münasibətlərindən qaynaqlanmışdı.

Çexlərdə borclunun satılmasına, adətən, məhkəmə qərarı da tələb olunmurdu.

Qədim Hindistanda da borca görə ailəvi köləlik adi hal sayılırdı.

Qədim İranda borclu bir müddət kreditora işləməli idi. Borc tam ödənilməyincə, o, kreditorun köləsinə çevrilirdi. Zərdüştiliyin müqəddəs kitabı «Avesta»ya görə, borclunun ölmüş qohumları da cəzaya məruz qalırdı.

Yəhudilərin müqəddəs kitabı «Tövrat» da borca görə köləliyi tanıyır. Qədimdə yəhudilər, bəzən, borca görə özlərini və ya ailə üzvlərindən birini satırdılar.

Bəzi xalqlarda (məsələn, almanlar, irlandlar və b.) borclu köləni öldürmək yasaqlanmışdı. Onların digər kölələrdən fərqi yalnız bu idi. Amma ümumən, borca görə köləlik bütün Avropa xalqlarında (almanlarda, fransızlarda və b.) olub.

Qədim Misirdə borca görə köləlik yox idi, ancaq bundan da betəri vardı: borclunun valideynlərinin dəfninə imkan verilmirdi. Rüsvayçılıqla yanaşı, bunun dini əhəmiyyəti də çox böyük idi. Bənzər cəza bütün hind-Avropa xalqlarında da olub. Hətta bəzi xristian ölkələrinin də ilk dövrlərində bu cəzaya rast gəlinir.

KREDİTORUN GƏRDƏYİNDƏKİ GƏLİN

Şəxsi məsuliyyət mərhələsinin 2-ci dövrü ciddi yumşalma ilə xarakterizə olunur. Borclu və onun ailə üzvləri köləyə çevrilmədən kreditora işləmək vəzifəsi daşıyır. Bu vəzifə borcun tam əvəzləşdirilməsinədək davam edir. Qədim Romada buna azad insanın (caput liberum) girovu deyilirdi. Dövrün tarixçiləri Liviy və Dionisinin əsərlərində onların vəziyyəti barədə xeyli məlumat var. Söhbət, əslində, kreditorun evində borclu və ailəsinin həbsindən gedirdi. Qədim romalılar buna özəl həbsxana (carcer privatus) deyirdilər.

Qədim Afinada borc ucbatından köləliyi məşhur islahatçı Solon ləğv etmişdi. Ancaq bütövlükdə Yunanıstanda köləlik dövrü hələ davam edirdi.

Qədim Hindistanda kreditor girovda olan borclunu nəinki işlədə, onu döyə də bilərdi.

Bu və ya digər şəkildə, sözügedən dövrü əksər xalqlar (polyaklar, macarlar, fransızlar və b.) yaşayıblar.

Bəzi xalqlarda bu qayda yaxın zamanlaradək mövcud olub. Məsələn, Şərqi Himalayda yaşayan xalqlarda hələ ötən əsrin 70-ci illərində də borclu ailənin qızı toy gecəsi ərinin deyil, kreditorun gərdəyinə girirdi. Kreditor ondan bezəndən sonra bir-iki il də fahişə kimi istismar edirdi ki, fahişəlikdən qazanılan pul hesabına borcunu geri götürsün. Bundan sonra qadın, nəhayət, ərinin yanına - ailə həyatını yaşamağa gedirdi.

BORC HƏBSXANALARI DÖVRÜ

Şəxsi məsuliyyət mərhələsinin 3-cü dövrü borclular üçün özəl həbsxanaların ictimai (dövlət) həbsxanalarla əvəzlənməsi ilə səciyyələnir. Bunadək kreditor-borclu münasibətləri özəl hüquqla tənzimlənirdisə, bundan sonra dövlət məsələyə müdaxilə etdi və məsələni dövlət (ictimai) hüququ ilə tənzimləməyə başladı. Borclu ailəsi ilə birgə, bir qayda olaraq, borcu tam ödəyənədək kreditorun hesabına dövlət həbsxanasında saxlanılırdı. Yəni dövlət bunu öz hesabına etmirdi (müqayisə üçün bizdə borcluları həbsxanada büdcə, yəni xalq vəsaiti hesabına saxlayırlar!).

Hələ Qədim Afinada belə bir təcrübə vardı: dövlət kreditorun xahişi ilə borcu ödəyə bilməyən borcluya cərimə kəsirdi. Cəriməni ödəyə bilməyən borclu artıq dövlətin borclusu kimi azadlıqdan məhrum edilirdi.

Orta əsrlərdə (təxmini XV əsr) borc həbsxanalarına ilk dəfə İtaliya şəhərlərində rast gəlinir. Sonradan digər Avropa ölkələrində də bu qayda yayılmağa başladı. İngiltərədəki borc həbsxanalarının təsviri ilə Çarlz Dikkensin məşhur «Devid Kopperfild» və «Mərhum Pikvik Klubunun yazıları» əsərlərində tanış olmaq olar. Həmin əsərlərdən də görünür ki, tarixi baxımdan dövlətin borc həbsxanaları irəliyə atılmış addım olsa da, borcluların oradakı vəziyyəti çox acınacaqlı idi. Cəmiyyət, hələlik, humanist idealların təsiri altında deyildi və borcluların həbsini normal və ədalətli sayır, onları oğrulara tay tuturdu. Düzdür, cəmiyyətdə istər sələmçilərə, istərsə cəlladlara da münasibət həmişə mənfi olub.

ÖZÜNƏ RƏVA GÖRMÜRSƏNSƏ...

Ümumiyyətlə, insan özünə rəva görmədiyini başqasına qıymağa meyllidir. Müqəddəs «İncil»də (Matta, 18:23-35) insafsız qul haqqında ibrətamiz məsəl var. Qısa məzmunu belədir ki, bir nəfər hökmdara 10 min talant (çox önəmli miqdarda qızıl pul – red.) borcunu qaytara bilmir. Hökmdar borclunun ailəsi və əmlakıyla birgə satılaraq, borcun ödənilməsini əmr edir. Borclu diz çöküb aman dilərkən, mərhəmətli hökmdar borcu bağışlayır. Azad olan şəxs ona 100 dinar borclu yoldaşının yanına gedir və «Borcunu ödə!» deyə qışqıraraq, onu boğmağa başlayır. Yoldaşı nə qədər and-aman etsə də, fikrindən dönmür və onu zindana saldırır. Əhvalatdan xəbər tutan hökmdar həmin şəxsi çağırıb deyir: «Ey iyrənc qul, o boyda borcu sənə bağışladım, mənə yalvardın, axı. Mən sənə mərhəmət etdiyim kimi, sən də yoldaşına mərhəmət etməli deyildinmi?». Əhvalat belə bitir ki, hökmdar həmin şəxsi borcunu tam ödəyənədək işgəncəçilərin ixtiyarına buraxır...

Ardı var.

XS
SM
MD
LG