Keçid linkləri

Təcili xəbərlər

Rəsmi Bakının Amerikanı sevib-sevməməkliyi...


İlham Əliyev Çikaqoda, NATO sammitində - 2012
İlham Əliyev Çikaqoda, NATO sammitində - 2012

240 İL ƏVVƏL, İYULDA...

Düz 240 il əvvəl iyulun 4-də nisbətən yaxın tarixin ən möhtəşəm olaylarından biri baş verdi – ABŞ-ın İstiqlaliyyət Bəyannaməsi qəbul edildi. Amma bu hadisənin dünya üçün mənası hələ çox sonra aydınlaşacaqdı.

Hətta avropalılar belə bunun ilk siyasi müjdə və bəlkə də nəticələrini bir xeyli - on illər sonra fransız diplomatı və sosioloqu A.De Tocqueville (A.de Tokvill) sayəsində anlayacaqdılar...

O vaxt hələ heç kim bilmirdi ki, 20-ci əsr Amerika əsri olacaq və məhz bu yüzildə bu ölkənin dünya siyasətinə ilk inamlı addımları atılacaqdı...

İndi bunlar adicə bir şey kimi görünür, hətta dünya deyəndə, ilk ağla gələn ABŞ olur. Amma uzun müddət bu ölkə yalnız qızılaxtaranların və bir də özünü Köhnə Dünyadan kənarda sınamaq istəyənlərin diyarı kimi tanınırdı...

Bəşəriyyət yüz illər boyunca ideal cəmiyyət və ideal quruluş haqda uydurduqlarını bu ölkədə gerçəkləşdirməyə çalışacaqdı. Proses ziddiyyətli və çətin olsa da, sonda elə dövlət yaranacaqdı ki, hətta ən radikal opponentlər də onu fövqəldövlət və ən azad ölkə adlandırmaq məcburiyyətində qalacaqdılar!..

Ötən ay diqqətimi bir detal çəkdi - Sankt-Peterburqda iqtisadi forumda çıxış edən Rusiya prezidenti V.Putin dedi ki, biz də ABŞ-ın fövqəldövlət olduğunu etiraf edirik... Məncə, uzun müddət ABŞ-a çatmağı və onu ötməyi, az qala, özünün milli hədəfi sayan bir ölkə başçısının bu etirafı çox şey deyir...

DEMOKRATİYA NƏ VERƏ BİLƏR?

Amma gəncliyi ABŞ-ın ən birinci opponenti olan SSRİ-nin çökdüyü dövrlərə təsadüf edən insan kimi, mənim gözümdə ABŞ tam fərqli mahiyyət kəsb edib. Düzdür, arabir özümə sual verirəm ki, görəsən, ABŞ deyəndə yenə də mənim ürəyim riqqətə gəlirmi? Etiraf edirəm ki, daha əvvəlki emosiya və pafos yoxdur. Bəlkə də həm özüm bir az qocalmışam, həm də ABŞ haqqındakı ilkin təsəvvürlərim artıq, necə deyərlər, özlərinin «ahıl yaşı»na çatıblar...

Di gəl, bəlli qibtə və pərəstiş hələ də qalır. Üstəlik, məsələ ondadır ki, ölkəmizin demokratiya yolunda addımları tam yarımçıq qaldı. İndi də - lap 25-30 il əvvəl olduğu kimi, bir xeyli insan elə hey «Demokratiya bizə nə verəcək?»- deyə soruşur...

Mən həmişə belə suallara «Demokratiyanın nə verə biləcəyini anlamaq istəyirsinizsə, ABŞ-a baxın!» cavabını vermişəm. Bu gün də, hətta bəlli təzadlara baxmayaraq, yenə də bu fikrimdə qalıram...

Bəli, 3-cü ölkə ideoloqlarının dediyinə görə, ABŞ ona görə inkişaf edir ki, dünyanın qaymaqları, ən istedadlı insanları oraya can atır...

Qismən doğrudur, amma bunun cavabında həmişə bir sualı verirəm: «Düşünün, görün, dünyanın qaymaqları dediyiniz insanlar niyə məhz, ilk növbədə, bu ölkəyə can atırlar?». Özüm də cavab verirəm: «Bəlkə ona görə ki, bu ölkədə təşəbbüs və təşəbbüskarlıq ən çox qiymətləndirilən keyfiyyətdir?».

Bəli, sosioloqlar ayrı-ayrı insanların, sosial-siyasi institutların reytinqini öyrəndikləri kimi, ölkə və dövlətlərin də reytinqini bilməyə çalışırlar. Adətən, belə sorğularda respondentlər bu və ya digər ölkələrə özlərinin rəğbət (simpatiya) və ya nifrətlərini (antipatiyalarını) izhar edirlər...

Demirəm ki, bu sorğularda ABŞ tam mələk kimi görünür. Buna 3-cü və ya «opponent» ölkə ideoloqlarının insanlara illərlə aşıladıqları stereotiplər, dünya siyasətindəki bəzi nüanslar, eləcə də həyat və düşüncə tərzimane olur.

Amma bir məsələ tamamilə şəksizdir – hətta ABŞ-ı sevmədiklərini deyən insanların bir qismi məmnuniyyətlə bu ölkədə yaşamaq və bəlkə də doğulmaq istərdi...

SƏBƏB DOĞRUDANMI QARABAĞDIR?

Etiraf etmək bir az ağır olsa da, ABŞ-a ziddiyyətli, hətta bir az neqativ münasibəti ilə seçilən ölkələrdən biri də mənim ölkəmdir. Bunun səbəbləri haqqında çox düşünmüşəm.

Fikirləşmişəm ki, bu neqativ çalar bəlkə elə doğrudan da ABŞ-ın Qarabağ problemində tutduğu mövqedən və yaxud Azərbaycanda deyildiyi kimi, «bir milyon qaçqın və ya məcburi köçkünün taleyinə amerikalıların biganəliyi»ndən qaynaqlanır? Amma heç vaxt inanmamışam və indi də inanmıram ki, bu, həqiqətən də belə olsun. ABŞ-ın Qarabağ problemində suçu heç bir vaxt Rusiyanınkını aşa bilməz. Amma rəsmi Bakı ilə Moskva arasında o qədər sıx münasibətlər var ki, necə deyərlər, aralarından su da sızmır! Ermənistana bir köynək yaxın və Qarabağ probleminə o mövqedən yanaşsa da, rəsmi Tehrana da Bakının çox gözəl münasibəti var. Qondarma «soyqırımı» haqqında qanun çıxaran ilk ölkələrdən biri olsa da, Fransaya münasibətdə də elə bir problem hiss olunmur...

Di gəl, ABŞ-a münasibət belə deyil.Burası da var ki, dil gec-tez dönüb doğrunu dilə gətirir. Bir dəfə dövlət rəsmilərindən biri «ABŞ-ı niyə tənqid edirsiniz, amma Rusiyanı, İranı və ya Fransanı etmirsiniz» sualını çox qısa cavablamışdı: «Ona görə ki, onlar bizi tənqid edirlər!..».

Yəqin, bundan daha qısa və daha dəqiq demək olmazdı! Bəli, rəsmi Bakı ABŞ-ı ona görə sevmir ki, Rusiyadan, İrandan və hətta Fransadan fərqli olaraq, bu ölkə Azərbaycanda insan haqları və demokratiyanın vəziyyətinə toxunur, pozuntulara görə Azərbaycan hökumətini tənqid də edir...

Amma ən ağrılısı budur ki, bu, taktik və ötəri məsələ deyil. Düşünürəm ki, rəsmi Vaşinqton Azərbaycandakı vəziyyətlə bağlı bir müddət sussa da, bu, heç də rəsmi Bakının ona sevgisini artırmayacaq. Heç yadımdan çıxmaz, bir dəfə dövlət rəsmilərindən biri açıqca yazmışdı ki, biz gəncləri təhsil üçün ABŞ-a göndərməməliyik, onlar oradan «tam başqa adam» olaraq qayıdırlar!..

Nə deməkdir «tam başqa adam»? Düşünürəm ki, izafi şərhə ehtiyac yoxdur. Sadəcə, onu deyim ki, rəsmi Bakını qorxudan odur ki, ABŞ-da tələbələrə azadlıq ruhu və müstəqillik aşılanır...

Qərəz, Azərbaycanda ABŞ-a neqativ münasibətin kökündə, əslində, çox sadə səbəblər dayanır.

Bu ölkədə rəsmilər ABŞ-ı daha çox ona görə sevmirlər ki, Birləşmiş Ştatlar bunların əməl və planlarına biganə və etinasız qala bilmir, yeri gələndə tənqid edir, irad bildirir, insanların azadlıq uğrundakı dinc və demokratik mübarizəsinə dəstək verir. Bunlarsa bunu qətiyyən sevmir və qeyzlənirlər, çünki heç bir vəchlə azad və demokratik seçkilər keçirmək istəmir, bir partiyanın şəriksiz hakimiyyətini, bir az da «təkmilləşdirərək», əslində, monarxiya və qeyri-məhdud hakimiyyət qurmağa çalışırlar... Səbəblər bunlardır. Qalan hər şey, o cümlədənQarabağla bağlı iddia olunan «təəssübkeşlik» və «inciklik» də bəhanədir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG