Keçid linkləri

Təcili xəbərlər

Onlar sonunculardımı?


Karikatura. Müəllif Gündüz Ağayev.
Karikatura. Müəllif Gündüz Ağayev.

-

BİR FƏRMAN, BİR NEÇƏ YOZUM...

Bahar bayramını çıxsaq, son günlərin bəlkə də ən yadda qalan hadisəsi əfv oldu – 100-dən çox adam azadlığa buraxıldı ki, onların arasında bir neçə siyasi məhbus da vardı.

Reaksiyalar müxtəlif idi. Kimsə fərmandan pərişanlıq duydu, axı əfv heç də siyasi məhbusların hamısına şamil olunmamışdı. Əfv fərmanını hökumətin Qərbə üz tutmasının işarəsi, prezidentin bu ayın sonunda baş tutacaq ABŞ səfərinə hazırlıq kimi yozanlar da tapıldı.

İndi bunların prinsipial əhəmiyyəti yoxdur. Bəlkə də daha önəmlisi odur ki, insanlar azadlığa çıxdılar.

Amma dərhal da sual doğur: bu adamlar sonuncu siyasi məhbuslardılar, yoxsa nə vaxtsa daha bir əfv fərmanını şərh etməli olacağıq? Təəssüf ki, suala təsdiqləyici cavab vermək mümkün deyil. Bunun neçənci əfv fərmanı olduğunu özüm də unutmuşam. Bəlkə 10-cu dəfədir ki, daha bir əfvi şərh edirəm...

BİR YANDAN BOŞALIR, BİR YANDAN DOLUR...

Siyasi məhbuslar məsələsi, hələ Azərbaycan Avropa Şurasına üzv qəbul edilərkən, şərt kimi irəli sürülmüş və rəsmi Bakı bütün siyasi məhbusların əfv ediləcəyinə dair öhdəlik götürmüşdü. O vaxt əfv oldu – bunu danmır və müsbət addım kimi dəyərləndirirəm.

Amma proses bitmədi. Yeni siyasi məhbuslar dalğası yarandı. Hakimiyyət hər dəfə bu insanların siyasi məhbus olduğunu inkar etsə, bu adamları qeyri-siyasi maddələrlə həbsə atsa da, beynəlxalq qurumlar onların məhz siyasi məhbus və ya vicdan məhbusu olduğunu düşünüb. Beləcə, proses bugünədək davam edib. Hakimiyyət öncə inkar etsə də, beynəlxalq institutlar israr etdi və son anda rəsmi Bakı məcbur olub onları azadlığa buraxdı...

Prosesin dayanması üçün nə baş verməlidir? Təbii ki, siyasi islahatlar aparılmalı və ölkə dəyişməlidir. Təəssüf ki, adam bu mövzuda yeni nəsə yazmağa çətinlik çəkir, sanki bütün sözlər deyilib...

İslahatlara gəlincə, rəsmi Bakının söz azadlığına, bütövlükdə siyasi azadlıqlara münasibətinin bir göstəricisi də budur ki, prezident yerli mediaya heç müsahibə verməyib. Jurnalistlər bir yana, siyasi partiya təmsilçiləriylə də bircə dəfə də görüşməyib.

Məsələ bundadır ki, siyasi və ictimai həyatda polifonizm – çoxsəslilik yoxdur, ayrı-ayrı insanlar nəyəsə cəhd edir və buna görə cəzalandırılır. Di gəl, ellikcə etiraz, ellikcə və aramsız mübarizə yoxdur...

O üzdən konkret söz demək çətindir. Adamı ən çox o üzür ki, ciddi siyasi islahatlar haqqında heç düşünən də yoxdur. Ölkə, onun hakimiyyəti özünü başqa ölkələrə nümunə kimi görür, hətta inkişafın «Azərbaycan modeli»ndən danışırlar. Halbuki hər şey olduqca bəsitdir: Bura avtoritar siyasi sistemin hökm sürdüyü kiçik bir neft ölkəsidir...

POLİFONİZM OLMAYANDA...

Bunu deyib, nöqtəni qoymaq olardı. Amma həmişə belə davam edə bilməz, axı. Bunun belə davam etməməsi də vətəndaşlardan, cəmiyyətdən, siyasi partiyalardan birgə və davamlı səylər tələb edir. Onlarsa yoxdur. Düzdür, belə demək də bir qədər ədalətsizlik sayılar və soruşardılar ki, belə səylər yoxdursa, bəs onda siyasi məhbuslar necə yaranır? Tamamilə haqlı və məntiqli irad olardı...

Məsələ bundadır ki, siyasi və ictimai həyatda polifonizm – çoxsəslilik yoxdur, ayrı-ayrı insanlar nəyəsə cəhd edir və buna görə cəzalandırılır. Di gəl, ellikcə etiraz, ellikcə və aramsız mübarizə yoxdur...

Bəli, şərti olaraq, müxalifət partiyaları var. Amma siz onların təmsilçilərindən soruşun ki, siyasi məhbusların azad olunması üçün nə etmisiniz? Əminəm ki, sizi qane edən cavab almayacaqsınız...

O üzdən, bir az əvvəldə «səylər yoxdur» yazdım. Bir daha deyirəm ki, ölkədə siyasi sistemə qarşı etiraz cəhdləri var, amma onlar sistemsiz və pərakəndə xarakter daşıyır. Avtoritar siyasi sistem dissidentlər yaradır, bu insanlar etiraz edir, həbs olunur, həbsdən buraxılır və ya siyasi mübarizədən uzaqlaşır və ya da yollarını xarici ölkələrdən salmağa məcbur qalırlar...

Ən əsası, bilirsiniz, nədir? Nə qədər çalışsalar da, burada Mərkəzi Asiya ölkələrindəki vəziyyəti yarada bilmirlər... Həmişə kütləvi yalana «yox» deyənlər tapılır.

HƏMİŞƏ «YOX» DEYƏNLƏR TAPILIR

Ən əsası, bilirsiniz, nədir? Nə qədər çalışsalar da, burada Mərkəzi Asiya ölkələrindəki vəziyyəti yarada bilmirlər. Düzdür, bir daha deyirəm ki, öyünüləsi məqamlar çox azdır. Amma digər avtoritar ölkələrdəki total mütilik, total itaətkarlıq, total susqunluq yoxdur. Həmişə kütləvi yalana «yox» deyənlər tapılır.

Üstəlik, mübarizə çoxdan ənənəvi siyasi institut çərçivəsindən çıxıb. Maraqlısı budur ki, hakimiyyət bunun fərqində deyil. Tez-tez «ölkə siyasətində ənənəvi müxalifət yoxdur!» – deyirlər, amma bir şeyi görmürlər: Ənənəvi müxalifət çoxdan oyundan çıxıb. İndi etiraz edənlərin və buna görə cəzalandırılanların həmin institutla elə bir bağlantısı yoxdur. Onların arasında tamamilə yeni simalar var...

...Bir müxalifətçi ilə bir neçə il əvvəlin atüstü söhbəti yadıma düşür. O, 80-90-ci illərin müxalifətinin siyasi səhnədən gedəcəyi təqdirdə ölkənin düşəcəyi durumdan rahatsızlığını dilə gətirirdi. Cavabında demişdim ki, narahat olmağa dəyməz, o illərin müxalifəti artıq çoxdan siyasi səhnəni tərk edib...

İndi tamam yeni insanlardır. Düzdür, bu adamlardan bəzisinin o illərin siyasi simaları və ya onların institutları ilə formal bağlılığı var. Amma belə bağlılığı olmayanlar indi daha çoxdur...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG