Keçid linkləri

Təcili xəbərlər

Təkamülün 16 Əsas Qanunu


1) Bir canlının fenotipi (fiziki olaraq müşahidə edilə bilən əlamətləri), genotipindən (orqanizmdəki bütün genlərin məcmusu) fərqlidir. Fərdlər arasındakı fenotipik fərqliliklərin bir qismi genetik fərqliliklərdən, digər qismi isə ekoloji təsirlərdən irəli gəlir.

2) Bir fərdin fenotipinə təsir edən ekoloji amillər, onun övladlarına keçəcək genlərə təsir edə bilməz. Başqa sözlə, sonradan qazanılan əlamətlər gələcək nəsillərə ötürülmür. Bu səbəbdən Lamarkçı təkamül düşüncəsi doğru deyil.

3) İrsi variasiyalar gen adı verilən hissəciklərdən qaynaqlanır. Genlər, bir fərddən digərinə köçürülsə belə öz varlıqlarını qoruyur və digər genlərlə qarışmır. Başqa sözlə, Qarışma Hipotezi səhv, Hissəcikli İrsiyyət Nəzəriyyəsi keçərlidir. Bu vəziyyət, həm aşkar şəkildə fərqləndirilə bilən xüsusiyyətlər üçün (qəhvəyi və ya sarı saç kimi), həm də daim dəyişən xüsusiyyətlər üçün (boy uzunluğu, piqment paylanması kimi) etibarlıdır. Genetik müxtəliflik (variasiya) ümumiyyətlə bir çox genin bir xüsusiyyətə az miqdarda təsir etməsi nəticəsində meydana gəlir və dəyişir. Buna çoxgenli irsiyyət deyilir.

4) Genlər mutasiyaya uğrayaraq dəyişə bilirlər. Bu mutasiya nisbəti ümumiyyətlə olduqca aşağıdır. Ancaq meydana gəldikləri zaman, genlərin allel deyilən alternativ formalarını yaradırlar. Bu cür mutasiyaların fenotipik təsiri, ayırd edilə bilməz səviyyədən möhtəşəm dərəcədə aşkar səviyyəyə qədər dəyişkənlik göstərə bilir. Bu variasiyaların təsiri, fərqli gen bölgələrindəki (lokus) genlərin rekombinasiya nəticəsində bir-birinə qarışması ilə arta bilər.

5) Təkamül - populyasiyalar səviyyəsində olan dəyişmədir. Ən fundamental səviyyədə, bir populyasiya içərisində müəyyən bir genotipə sahib fərdlərin bu populyasiya içərisində olma sıxlığının (tezliyinin) dəyişməsini əhatə edir. Populyasiya içərisindəki bir genotip, bir başqasını, nəsillər ərzində, mərhələli olaraq işğal edib yox edə bilir. Bu cür yerdəyişmə mütləq şəkildə bütün populyasiya daxilində olmaq məcburiyyətində deyil, bəzi lokal bölgə və populyasiyalarda da meydana gələ bilər.

6) Mutasiyaların meydana gəlmə tezliyi, onların bir populyasiya içərisində kafi miqdarda dəyişmə yarada bilməsi üçün çox aşağıdır. Bunun yerinə populyasiya daxili genotip dəyişmələri iki əsas mexanizm nəticəsində meydana gəlir: gen nisbətlərindəki təsadüfi dəyişmələr (genetik sürüklənmə) və həyatda qalma ilə çoxalma müvəffəqiyyətinə bağlı olan, təsadüfi olmayan dəyişmələr (təbii və cinsi seçmə). Təbii seçmə və genetik sürüklənmə bir populyasiyaya eyni anda, fərqli şiddətlərdə təsir edə bilər.

7) Təbii seçmənin cüzi varlığı belə, müəyyən müddət ərzində böyük dəyişikliklər yarada bilər. Təbii seçmə, növlər arasındakı həm kiçik, həm də böyük dəyişmələrin əsas səbəbidir. Bundan başqa, yeni xüsusiyyətlərin ən bəsit səviyyədə ortaya çıxmasını və yayılmasını təmin edən mexanizmdir. Bu xüsusiyyətlərin adaptasiyalarının nə şəkildə olacağı da, təbii seçmə tərəfindən təyin olunur.

8) Təbii seçmə bir populyasiyanı tam fərqli formaya sala bilər. Bu, müəyyən allellərin tezliyinin artması və ya azalması nəticəsində baş verir. Rekombinasiya (məsələn: krossinqover) isə bu genlərin təsir şiddətləri və sahələrini dəyişdirir; bir xüsusiyyətə təsir edən genlər tam fərqli kombinasiyalarda ortaya çıxır və beləliklə yeni fenotiplər meydana çıxır.

9) Mutasiyalar təbiətdəki populyasiyalarda zaman ərzində yığılır. Beləliklə, bu populyasiyalarda genetik variasiyalar meydana gəlir. Bu variasiyalar, xüsusilə ətraf mühit də sürətlə dəyişirsə, müdhiş bir sürətlə təkamülləşə bilirlər.

10) Fərqli coğrafi bölgələrdə olan növlərin populyasiyalarının xarakterləri genetik məzmunda bir-birindən fərqlidir. Bu fərqliliklər ümumiyyətlə ekoloji adaptasiya səbəbi ilə meydana gəlir və dolayısı ilə, təbii seçmənin bir məhsuludur.

11) Fərqli növlər və eyni növün fərqli populyasiyaları arasındakı fərqliliklər ümumiyyətlə birdən artıq və çox sayda gendə meydana gələn dəyişmələrin bir nəticəsidir. Bunların hər birindəki dəyişmələr kiçik fenotipik dəyişmələr yaradırlar; lakin ümumi təsirləri böyük olur. Belə bir prosesin var olduğu həqiqəti, növlər arası fərqliləşmənin kiçik addımların yığılması ilə meydana gəldiyi fərziyyəsini dəstəkləməkdədir.

12) Növlər yalnız fenotipik fərqliliklərə əsasən təyin oluna bilməz. Hətta, bir-birindən fərqli olan və bir-biri cütləşə bilən orqanizmlərin özlərinə xas gen hovuzları vardır. Bu hovuzlar, növlərin öz aralarında aktiv və ya potensial olaraq paylaşa bildikləri və digər populyasiyalarla paylaşa bilmədikləri gen populyasiyaları olaraq təyin oluna bilər.

13) Növləşmə, bir ortaq əcdaddan iki və ya daha çox sayda növün təkamülləşməsi hadisəsidir. Növləşmə ümumiyyətlə coğrafi olaraq bir-birindən ayrılmış populyasiyaların arasındakı izolyasiyadan qaynaqlanır.

14) Yaşayan orqanizmlər arasında, fərqli taksonlara, fəsilələrə, cins qruplarına yerləşdirilmiş cinslər arasında incə keçidlər görünür. Bu həqiqət, daha üst səviyyədəki taksonomik qrupların, daha alt səviyyədəkilərdə meydana gələn uzun müddətli və kiçik dəyişmələrin yığılması nəticəsində meydana gəldiyini göstərməkdədir. Yəni bir növdə yığılmağa başlayan fərqliliklər, nəhayət kifayət qədər müddət keçdikdən sonra daha böyük fərqlilikləri doğurur. Bu səbəbdən bir növün fərqliləşməsi, yalnız bir mutasiya hadisəsi ilə meydana gəlməz.

15) Bütün canlılar, "Təkamül Ağacı" və ya "Həyat Ağacı" olaraq bilinən filogenez ağacının budaqlarıdır.Bunların hamısının ağac üzərində müəyyən nöqtələrdə ortaq əcdadları vardır. Əgər kifayət qədər geriyə getmiş olsaq, var olmuş, var olan və var olacaq bütün canlıların bir ortaq əcdaddan təkamülləşdiyini görərik.

16) Fosil qeydlərində bir çox boşluq var. Bu, fosilləşmə prosesinin əskiklikləri və çətinlikləri ilə izah edilir. Ancaq mövcud fosillər, əcdad növlərdən nəvə növlərə keçidə dair fraqmentləri aşkar şəkildə ortaya qoymaqdadır. Bu fosillər, nəhəng təkamül dəyişmələrinin, kiçik dəyişmələrin yığılması nəticəsində meydana gəldiyi həqiqətini dəstəkləməkdədir. Bu səbəbdən daha alt qruplardakı (növ kimi) fərqliliklərin uzun müddətli yığılmalarının daha böyük qruplardakı (fəsilə kimi) fərqlilikləri doğuracağı fikri etibarlı və doğrudur. Başqa sözlə, kafi müddət ərzində mikrotəkamül, makrotəkamülü asanlıqla doğura bilər.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG