“...Lakin biz, biz bir lampalıq neft, bir doyumluq quru çörək üçün birinə yanaşdıqda bütün bayquşlar səs-səsə verib dörd bir yandan: "fahişə,fahişə",-deyə ulaşırlar,halbuki sən mənim gözümün qabağında bir qadının belindən qucmuşdun, mən də əlimdə su, qarşında durub titrəyirdim, sən göz belə qırpmırdın.”
“Sevil”, Cəfər Cabbarlı
This is a man's world / But it would be nothing / Nothing without a woman or a girl.
Bu bir kişi dünyasıdır/ Ama ondan heç nə olmaz / Bir qadın ya da qız olmadan heç nə.
“This is a man`s world”, James Brown
Bir naşirlə iş görüşməsindən sonra maşını ilə məni qaldığım yerə aparır. Deyir “ Əsasən qadın işçi seçirəm, bilirsən niyə? ” Dedim “ Vizuallıq, “prezentabl” olurlar”. Qarşı çıxdı: “Yox, daha az maaşa razı olurlar. Bir də ki, verdiyim çərçivədən çıxmırlar, özlərindən hoqqa çıxartmırlar oğlanlar kimi”. Bir nida qırıntısıyla kifayətlənib maşının sağ kənar pəncərəsindən çölə baxıram.
KEÇİLƏN DƏRSİN TƏKRARI
Mən müəllim olsam və keçən dərsdə nə keçmişdim deyə soruşsam, siz də “flanuer sözünün mənası avara səyyah, ya da Benjaminin öz sözü ilə “asfalt yolda araşdırma aparmaq məqsədilə bitki yığmağa gedən” biridir” - deyə cavablandırsanız, beş verərdim. Bəli, flanuer şəhərin ictimai məkanlarında sərbəst gəzmə azadlığına sahibdir, amma heç vaxt müdaxilə etmir, nəzarət edən və üz vurmayan bir baxışla müşahidə aparır.
Çoxu evdar qadındır, müəyyən olunmuş iş rejimi yoxdur, kişini səhər yola salandan sonra təzədən uzanıb mürgüləmək imkanı var, televiziyadan xəbərdardır, əksərən canı istədiyi yeməyi bişirir. Amma və lakin avaralığı sadəcə məişət şəraitindədir...
Fəqət, flanuer ancaq kişi olaraq nəzərimizdə canlanır, deyil mi? Əslində isə, xüsusən də Azərbaycan mühitinə baxsaq, görərik ki, ən avara olan elə qadınlardır. Çoxu evdar qadındır, müəyyən olunmuş iş rejimi yoxdur, kişini səhər yola salandan sonra təzədən uzanıb mürgüləmək imkanı var, televiziyadan xəbərdardır, əksərən canı istədiyi yeməyi bişirir. Amma və lakin avaralığı sadəcə məişət şəraitindədir. İstədiyi vaxt çölə çıxıb gəzə bilməz, avara səyyahlıq edə bilməz, asfalt yolda araşdırma aparmaq məqsədilə bitki yığmağa gedə bilməz.
Zeki Demirkubuz`un “Üçüncü Sayfa” filminin qadın qəhrəmanı Məryəm bir səhnədə “ürəyim sıxıldı, gedib bir az havamı dəyişəcəm” deyir, yaylığını düzəldərək. Kino içində izləyib keçdiyimiz səhnənin önəmini anlamaq üçün, eyni cümləni bir azərbaycanlı qadının evdə ərinə deməyini düşünək. Düşünək, düşünək, düşünək. ...Belədi ki, sənin anan, bacın eynisini desə, xoşun gələr?!
İMTAHANDA DÜŞMƏYƏCƏK AMMA YADINIZDA QALSIN
Fikrimcə, Azərbaycan 19-cu əsr Fransasıdır, ona görə də, analogiyanı oradan qurmağa çalışacağam. Burjuaziyada suveren ideoloji fiqur kişidir, bu da onun demokratiya və ümumbəşəriliyini üzə çıxarır. Ucalan azadlıq, bərabərlik və kişi qardaşlığı hayqırışı azad və özünə güvənən kişi fərdlərdən təşkil olunmuş bir cəmiyyət xəyal edir. Əslində isə bir sinif olaraq burjuaziyanın həyatı, həm soysal-iqtisadi həm də gender münasibətləri nəzdində bərabərsizlik üzərində qurulub.
Bunlardan biri xəyali təbii nizama baş vurmaqdır; bu əsasda qadınlar, uşaqlar, işçilər və xidmətçilər (fərqli irqlər də daxildir) ağdərili kişilərdən təbiətləri etibarilə fərqlidir anlayışıdır. Digər düstur isə qadın və kişi dünyalarının teologiyaya söykənən bölünməsidir.
Burjuaziyanın ideloji formaları bu təzadı çeşidli taktikalarla aşmağa çalışır. Bunlardan biri xəyali təbii nizama baş vurmaqdır; bu əsasda qadınlar, uşaqlar, işçilər və xidmətçilər (fərqli irqlər də daxildir) ağdərili kişilərdən təbiətləri etibarilə fərqlidir anlayışıdır. Digər düstur isə qadın və kişi dünyalarının teologiyaya söykənən bölünməsidir. Və elə bu bölünmə ilə də ictimai məkan get-gedə artaraq kişilərə aid olmağa başlayıb. Özəl, məhrəm sahələr qadınların, uşaqların və xidmətçilərin dünyası olaraq qəbul edilir, kişi isə iki bölgəyə də istədiyi kimi girib çıxır, cəmiyyətin onun üçün ölçüb biçdiyi rolları oynayır. Səyyah, avara, işçi, ər, ata və s. Beləcə, bir-birindən ayrılan qadın və kişi dünyalarının ictimai-özəl fərqliliyi ilə örtüşdürülməsi də onları həm aristokrasiya, həm də proletariatdan qoparan əlahiddə bir sinif yaradır, cinsiyyətli sosial kimliklərin inşaatına kömək edir. Təbaşiriniz var? Lövhəni silin biriniz!
Əlbəttə ki, burjua qadınları ictimai həyata qatılmaq üçün (gəzintiyə, al-verə, dost-tanış ziyarətinə, ya da sadəcə özlərini göstərmək üçün), işçi sinfi də işə getmək üçün çölə çıxırdılar. Ancaq bu hal onların qadın olaraq təsvirində problem yaradırdı. Çünki bir qadının, qadınlığıyla sımsıx birləşdirilən ləyaqətini qoruya bilməsi üçün özünü cəmiyyət içində nümayiş etdirməmək gərəkdiyi iddia edilirdi. İctimai sahələr erkəklərin krallığı idi, dişilərin bu dünyaya addım atması təhlükəli riskləri öhdəsinə götürmək deməkdir. Qırmızı papaq meşəyə girirsə, qarşısına çıxacaq canavarı nəzərə almalıydı.
AZAD QADIN HEYKƏLİ
Azərbaycanı yuxarıda 19-cu əsr Fransasına boşuna bənzətməmişdim. Məsələn, Jules Michelet La Femme (1858-1860) adlı dərgidə belə yazırdı: “Tənha bir qadın üçün nə qədər təhlükə mövcuddur! Axşamlar nadir çölə çıxa bilər, çıxarsa fahişə olduğu düşünülər. Yalnız kişilərin girə bildiyi yerlər var, qadın əgər işi düşərsə bu yerlərə gedərsə kişilər təəccüblənər, düşükcə gülərlər.
Məsələn, bir qadın Parisin bir küncündə gec saatda qalxıb acsa, restorana getmə cəsarətini göstərə bilməz. Getsə vay şüvən qopacaqdır, tamaşa nəsnəsinə dönüşəcəkdir.
Məsələn, bir qadın Parisin bir küncündə gec saatda qalxıb acsa, restorana getmə cəsarətini göstərə bilməz. Getsə vay şüvən qopacaqdır, tamaşa nəsnəsinə dönüşəcəkdir. Bütün gözlər onun üzərində cəmlənəcək və qulağına qaba, həyasız sözlər çalınacaq.” Tanış gəlirmi? Qadını demirəm, səhnə. Belədi ki, qadını da tanıyıram, nömrəsi də var.
Azərbaycan 20-ci əsrin əvvəllərində eyni mövzuları müzakirəyə başladı. Fəqət siyasi rejimin hərcmərcliyi bu kimi marifçi mövzuların davamlı təbliğini yubatdı. Məqsədim də elə onların qaldığı yerdən iqamə gətirməkdi. Vaxtilə Azərbaycanda yaşamaq kişi üçün çətin, qadın üçün qeyri-mümkündür demişdim. Uzun illərdən sonra ölkəyə qayıtdıqdan sonra çox şeyin dəyişdiyini fərq etdim. Qısacası, qadınlar daha rahatdır. Ancaq diqqət etsək görərik ki, bu dəyişiklik möhkəm əsaslara dayanmır, kişiləri ən uğurlu təqlid edə bilən ən azad qadındır. Kişilərin qurduğu və rutinləşdirdiyi iş həyatı, əyləncə, ünsiyyət və sair və ilaxırı kopyalayan qadın öz maraqları daxilində qaldıqda yenə müstəqil sayılmır.
“QIZLAR ƏRƏ GEDƏNDƏ CEHİZLƏRİNƏ PLAYSATİON DA ƏLAVƏ ETSİN.” (c)
Birisi belə bir cümlə yazır, çox sayıda qadın da girib bəyənir. Nə olacaq ki? Nə var bunda? Zəhrimar nə var?! “Qız” sözü cümlə içində seksist vurğudadır, qız deyil qadın. Evlilik qadın və kişi arasında müştərək qurulan sosial müqavilədir, ərə getmək deyil, evlənmək, həyat qurmaq. Hətta qadınları müdafiə edən fikirlərdə belə bu həssasiyyətə əməl olunmadığının şahidi oluruq. Götürək elə, yuxarıda sitat gətirdiyim James Brown`un mahnısını. Biz isə bundan sonra qadınlıq şüuru olmayan, mövzunun fərqində belə varmayan qadınlara lümpen, bu həyasızlığa üstəlik dəstək verənlərə də komprador qadınlar deyəcəyik. Heç kim inciməsin. Çünki inkişaf etmələrini, rahat olmalarını, daha çox resursa çatmalarını arzulayırıq. Çünki bir yerin vəziyyəti oradakı qadınların vəziyyəti ilə eynidir. Playstation əlavə etmək fikri isə əladır.
FLANEUSE
Janet Wolff müasirlik kişilərin təcrübələrini anladır. Flanuer fiqurunun qadın qarşılığı yoxdur, bir flaneuse yoxdur və ola bilməz deyə - qeyd edir. Çünki qadınlar cəmiyyət içində kimliklərini bəlli etmədən gəzinmə müstəqilliyini dada bilmədilər. Qadınlar baxmaz, sadəcə baxış nəsnəsi ola bilər. Onların avara, səyyah olmağa haqqı yoxdur. Bu qəlibdən fərqlənənlər isə seksist müdaxilələrə məruz qalır, təcavüz cinayətləri belə qadının dəvətinin nəticəsi olduğuna əsaslandırılır. Məncə, qadın öz hicabını özü ala biləcək iqtisadi müstəqilliyi əldə etdikdən sonra tam azad olacaq.
Ay uşaq, sakit-sakit çıxın sinifdən. Evdə də qapını açıq qoyursan?!
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.