Mühacirət barədə romanlar və filmlər çoxdur. Müxtəlif ölkələrdən müxtəlif ölkələrə məcbur köç etmiş insanların arasından ara-sıra qələm adamları çıxıb və bu ağrılı, ziddiyyətli prosesi ədəbiyyata çevirərək bizə mühacir olmazdan əvvəl bunun necə bir şey olduğunu öyrənmə imkanı yaradıblar. Asanından başlaya bilərik, məsələn «Qaçış» (ruscası “Beq”) filmindən. Mixail Bulqakovun əsərləri əsasında Aleksandr Alov və Vladimir Naumovun çəkdiyi bu bənzərsiz filmin bir hissəsi oktyabr inqilabında Türkiyəyə qaçan, ordan da Fransaya getməyin yollarını axtaran rus mühacirlərinin həyatını əks etdirir.
Hər şeyini itirib yad ölkədə aclıq və safalət içində yaşayan, ən pisi isə qürurunu itimiş general, paltaryuyan işləyən diplomat arvadı, küçə itləri ilə hər gün dəniz qırağına gedən, ordan Rusiyaya baxırmış kimi baxan, ağlını itirmiş, qarabasmalar içində yaşayan sərkərdə Xludov...
Rejissor Maykl Kertisin sanki indi bizim mühacirlərimizin bir hissəsinin Tiflisdəki həyatını əks etdirən “Kasablanka” filmi. Film 1942-ci ildə çəkilib, amma xilas ardınca qaçan insanların qeyri-müəyyən vəziyyəti, bu vəziyyəti öz alverlərində, siyasi maraqlarında istifadə edənlər də, ən çıxılmaz anda belə kömək etməyə hazır yaxşı insanlar da sanki 70 ildən çox müddətdə heç dəyişməyib.
Romanlar və filmlər çoxdur, amma nədənsə hələ mühacir taleyini yaşamazdan illər əvvəl bu böyük niskilin, bu ağrılı prosesin, bu ziddiyyətli münasibətlər burulğanının anatomiyasını bütün iç-içalatı ilə açan iki əsərdən danışmaq istərdim.
Romanlar və filmlər çoxdur, amma nədənsə hələ mühacir taleyini yaşamazdan illər əvvəl bu böyük niskilin, bu ağrılı prosesin, bu ziddiyyətli münasibətlər burulğanının anatomiyasını bütün iç-içalatı ilə açan iki əsərdən danışmaq istərdim. Bunlardan biri rus yazıçısı Eduard Limonovun “Bu mənəm - Ediçka” və azərbaycan əsilli fransız yazıçısı Banin Əsədullayevanın “Paris günləri” bioqrafik romanlarıdı.
Limonovun kifayət qədər emosional, həssas “Ediçka”sı ilə müqayisədə Baninin “Paris günləri” daha soyuqqanlıqla, o illərin Fransasındakı rus, erməni, gürcü, azərbaycanlı mühacirlər barədə daha məlumatlı yazılıb. Limonovun kitabı şəxsi faciədir, Banin isə Parisdə özünü böyük bir axının, böyük mühacirət taleyinin bir parçası kimi görür. Banin dövründəki mühacirlərlə Limonovun dövründəki mühacirlərin qürbət həyatı seçmələrinin motivləri də fərqlidir. Zaman fərqli, motivlər fərqli, qədər yanaşma fərqli, üslublar fərqli...
Amma hər iki kitabda fərqli olmayan bir məsələ var. Mühacirlərin özləri. Mühacirətin insanların həyatında, xarakterində, qədər yoldaşları ilə münasibətində amansız və qəddar rolu. Zaman, məqsəd və müəllif üslubu fərqinə baxmayaraq, hər iki kitabda mühacir tipləri, xarakterləri də eynidir.
“Masa arxasında dörd nəfər idik. İki qabyuyan, velosiped ustası və yükdaşıyan. Lənətə gələsən dünya, bu dörd nəfərdən biri öz ölkəsinə iqtisadçı, biri respublika çempionu, biri mağaza müdiri, biri isə şair idi...”
Öz ölkəsində ya var-dövləti, ya şöhrəti, ya nüfuzu, ya vəzifəsi olan adamların mühacirətdə sıfırdan başlama və heç kim olma gerçəyinə dözə bilməyib ağlını itirməsi, depressiyaya düşməsi, borclanması və dünyadan qisas alma ehtirası. “Masa arxasında dörd nəfər idik. İki qabyuyan, velosiped ustası və yükdaşıyan. Lənətə gələsən dünya, bu dörd nəfərdən biri öz ölkəsinə iqtisadçı, biri respublika çempionu, biri mağaza müdiri, biri isə şair idi...” (“Bu mənəm – Ediçka”)
Öz ölkəsində boz bir adam olub, burda necəsə “haqqın yolunu tapıb” pul qazana, əlaqələr qura, yaxşı tanışlıqlar sayəsində iş düzəldə bilən, başqa mühacirlərin ona işi düşməsindən ləzzət alan və eqosunu doyuran işbazlar.
Öz ölkəsindən fərqli olaraq burda qadınlığından, gözəlliyindən istifadə edib nəyəsə nail ola bilməyən qadınların hirsi-qəzəbi.
Öz ölkəsində olduqca seçici davranan, yaxınına hər adamı buraxmayan elita nümayəndələrinin qürbətdə insan, ünsiyyət yoxluğundan başqa vaxt salam belə verməyəcəyi adamlarla oturub-durmağı, yoldaşlıq etməyi.
Mühacir ailələri arasında intriqalar, didişmələr və qeybətlər, bir az uğur qazana bilənlərə sonsuz paxıllıq və qəzəb, əsassız pislik etmə istəyi. Abrını qorumaq üçün bütün intriqalardan, didişmələrdən uzaqda qalıb, bütün mühacir soydaşlarından uzaq durmağa çalışan, tənhalaşan, təklənən ziyalılar...
Mühacirətdə doğulan və ya böyüyən uşaqların yeni dəyərlərə sahiblənərək, valideynləri ilə mübahisələri, uzaqlaşmaları, ailə faciələri...
Mühacirətdə doğulan və ya böyüyən uşaqların yeni dəyərlərə sahiblənərək, valideynləri ilə mübahisələri, uzaqlaşmaları, ailə faciələri...
Bu gün bəlkə də xoşbəxtlikdən uzaq düşdüyüm yoldaşlarıma nəzər salanda Banin və Limonovun zaman, müəllif, vəziyyət fərqli əsərlərini, ordakı “mühacir xəstəliklərini”, didişmələrini, tipləri və faciələri bir-bir ağlımdan keçirirəm və düşünürəm ki, dünyada zamanı və yerindən asılı olmayaraq, vəziyyətlər insanları necə də eyni dərdlərə salır, eyni deqradasiyalara aparır, davranışlar necə də eyni olur.
Yazıçının həssas gözləri isə bütün bu didişmələrə, deqradasiyaya, faciələrə nə qədər geniş yumulu olsa da, hər şeyi öz sələfləri qədər aydın görməyi, görüb özünü ədəbiyyatla, işlə, dəyərləri ilə özünü xilas etmə bacarığı necə də köməyinə çatır.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.