Keçid linkləri

Təcili xəbərlər

Avropanın gördüyü və görmədiyi Ukrayna...


Ukrayna bayrağı.
Ukrayna bayrağı.

-

İNSANLAR HƏR ŞEYİ GÖRÜR...

Ölkədən-ölkəyə baş vurmaq bir qədər çətin olsa da, ürəkdən-ürəyə aparan yollar əngəl tanımaz. Bu üzdən ən müxtəlif sosial kəsimlərdən olan oxucularımla söhbətdə onları bir az xarici mövzulara çəkirəm. Bizim ortastatistik azərbaycanlının ayıq-sayıqlıq səviyyəsini öyrənmək istəyirəm. Öz problemlərinə qapılma dərəcələrini bilmək istəyirəm. Öyrənmək istəyirəm ki, ortastatistik azərbaycanlı dünyada, yaxın və uzaq xaricdə baş verən proseslərlə maraqlanır, ya yox...

Hər dəfə belə «sorğu-müsahibələrdən» sonra görürəm ki, yox, insanlar düşündüyümüz qədər də etinasız deyillər, prosesləri izləyir və hətta bizi təəccübləndirə biləcək qənaətlər də söyləyirlər...

Bu günlərdə Ukrayna hadisələri ilə bağlı da belə oldu. Gördüm ki, insanlar elə bu hadisələrin də fərqindədir, üstəlik, orada baş verən proseslərə bir az da Qarabağ problemi kontekstindən yanaşırlar...

FEDERALLAŞMA BİZİ QORXUDUR, AMMA...

Ona görə də mövzu diqqətimi çəkdi. Gördüm ki, insanlar Ukraynanın federallaşması perspektivinə bir qədər təşvişlə yanaşırlar. Hərçənd, məşhur «Minsk razılaşmaları»nda federallaşmaya dair bircə cümlə də yoxdur. Bu razılaşmalar Ukraynanın şərqdəki münaqişə ocaqlarına geniş səlahiyyətlər verilməsini nəzərdə tutur, amma federallaşmadan söhbət getmir. Bir daha xatırladım ki, həmin sənəd yerli icra hakimiyyətləri səlahiyyətinin artırılmasını və bir növ «icra muxtariyyəti»ni nəzərdə tutur...

Burada eyni bir prosesə fərqli yanaşmalar da özünü büruzə verir. Avropada idarəçilik subsidarlıq prinsipinə söykənir. Bu prinsipin məğzi və məzmunu budur ki, yerlərin çözə biləcəyi problemlər onların səlahiyyətlərinə verilməlidir. Bütün Avropada yerli idarəçilik məhz bu prinsipə əsaslanır...

Başqa bir fərq də federallaşma məsələsinin Avropada başqa cür yozulmasıdır.

Avropanın ən böyük və ən qüdrətli dövlətlərindən olan Almaniya federativ dövlətdir. Orada federallaşma deyərkən, təlaşlanmır və saç yolmurlar. Bunu sakit və dözümlə qarşılayırlar.

Avropanın ən böyük və ən qüdrətli dövlətlərindən olan Almaniya federativ dövlətdir. Orada federallaşma deyərkən, təlaşlanmır və saç yolmurlar. Bunu sakit və dözümlə qarşılayırlar.

İndi bir daha deyirəm: Ukraynanın şərq rayonlarına qanunvericilik səlahiyyəti vermək nəzərdə tutulmur, yalnız icra hakimiyyətlərinə aid yetkilərin artırılması təklif edilir. Bunun qaçılmazlığını yerli siyasi partiyalar da anlayır. Amma Ukraynanın da siyasi spektri çox rəngarəngdir. Burada liberallardan tutmuş qatı sağçı mühafizəkarlara və millətçilərədək geniş bir spektr təmsil olunub...

ÖLKƏ HƏRBİ-SİYASİ YÖNÜMÜNÜ TAPA BİLMİR...

Üstəlik, bir məsələ də var: Ukraynanın problemləri biri-birinə qarışıb. Ölkə hərbi bloklara qoşulmamaq siyasətindən əl çəkərək, tərəfsizlik statusunu ləğv edib. Bəzi siyasətçilər düşünürlər ki, bu prosesin ardı da gəlməli və ölkə NATO-nun tamhüquqlu üzvünə çevrilməlidir. Amma bu fikri bölüşməyənlər də var. Gətirilən səbəblər müxtəlifdir və bir-birindən kəskin fərqlənir. Məsələn, Rusiyapərəst qüvvələr, sadəcə, Rusiyanın maraqlarını düşünərək Ukraynanın NATO-ya üzv olmasını istəmirlər. Elə siyasi qüvvələr də var ki, heç də az patriot deyillər, amma Rusiya ilə münasibətlərin korlanmasından ehtiyatlanırlar. Onların fikrincə, Ukrayna NATO-ya doğru addımlarını sürətləndirsə, Rusiyanın basqısı daha da artar və Ukrayna daha çıxılmaz problemlərlə üzləşər. Beləcə, fikirlər haçalanır. Əslində, bu da təbiidir, axı hamının eyni cür düşünməsi də çox təəccüblü görünərdi...

Rusiyanın özündə də məsələlərə soyuq məntiqlə yanaşanlar az deyil. Amma təbii ki, hakimiyyət tam fərqli düşünür. Bütün hallarda Rusiyanın da federativ dövlət olması unudulmamalıdır. Ukrayna anlamalıdır ki, hər şey dövlətlərin federativ olub-olmamasından asılı olsaydı, dünya tam başqa cür görünərdi...

Rusiya mediası Donbas və Luqansk vilayətlərini «federasiya tərəfdarları» kimi təqdim etsə də, bu bölgələr adi separatizm, yəni bölücülük virusuna yoluxub...

ATAN KAZAKLARDIR...

Deməli, problemin kökünü başqa kontekstdə aramaq lazımdır. Məncə, problem Ukraynanın federallaşa bilib-bilməməsindən asılı deyil. Əsas olan münaqişəli şərq rayonlarının federal münasibətlərə hazırlıq dərəcəsidir. Çox güman, problem də onların özündədir. Rusiya mediası Donbas və Luqansk vilayətlərini «federasiya tərəfdarları» kimi təqdim etsə də, bu bölgələr adi separatizm, yəni bölücülük virusuna yoluxub...

Məncə, separatizm və federalizmin tam başqa anlayışlar olduğunu xatırlatmağa ehtiyac yoxdur. Bəlkə Ukrayna ilə Qərb arasında bəlli anlaşılmazlığın da qaynağı elə budur. Qərb düşünür ki, bölgələrə bir az geniş səlahiyyətlər verilsə, problem çözüləcək. Amma onlar bir şeyi unudurlar ki, bu regionlarda, sadəcə, separatizm hökm sürür...

Ukraynalılar bunu bilir, amma əsaslandırıb çatdırmaqda çətinlik çəkirlər. Axı bildiyim dərəcədə, Avropa təcrübəsində kənardan stimullaşdırılan və kənardan yönəldilən mərkəzdənqaçma meylləri yoxdur. Avropalılar Ukraynanın şərq rayonlarına da belə baxırlar. Halbuki burada hər şey tərsinədir və necə deyərlər, «atan yenə kazaklardır»...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG