Keçid linkləri

Təcili xəbərlər

Qorxan və qorxudan Rusiya...


-

BİR AZ DA RUSİYA ÜÇÜN AĞLAYAQ...

Ukraynada baş verən proseslər, təbii ki, Rusiyaya qarşı acıq yaradır. Bu ölkənin taleyi, yaxın aqibəti barədə rusiyalı təhlilçilərin ssenarilərini oxuyanda adamın hirsi bir az soyuyur. İnsanlar, həqiqətən, narahatdırlar və bu narahatlığın rəsmi siyasətə sirayət etməməsinin bircə səbəbi var - Rusiyada da hakimiyyət ictimai rəydən asılı deyil...

İnsanlar ölkəni növbəti «yenidənqurma» ərəfəsində görürlər. Amma bundan əvvəl onlar da etiraf edirlər ki, 2-ci soyuq savaş bitməlidir. Əgər 1-ci soyuq savaş ərəfəsində qələbə sual doğururdusa, indi qalib öncədən məlumdur – Qərb. Bunu heç kəs inkar etmir...

Diqqətlə baxanda görürsən ki, elə həqiqətən, hər şey o illəri xatırladır – onda da neft tam ucuzlaşmışdı, onda da ölkə öz imkanlarına adekvat olmayan hərbi-siyasi yarışa girişmişdi... O zaman Əfqanıstan, əslində, ilhaq edilmişdisə, indi də Krım ilhaq olunub. Onda da ölkə iqtisadiyyatı bütünlüklə neftdən asılı idi, ində də...

Beləcə, bu siyahını uzatmaq olar. Rusiyalı təhlilçilərin bir təsəllisi var ki, o vaxtdan fərqli olaraq indi ölkədə bazar iqtisadiyyatı hökm sürür və bu, istər-istəməz, ölkənin immunitetini artırır. Amma nə qədər? Doğrudanmı, bu gün Rusiyadakı iqtisadi münasibətləri sağlam bazar münasibətləri adlandırmaq olar? Bax, elə məsələ də bundadır ki, olmaz və bunlar rusiyalı təhlilçilərin özlərinə də aydındır... Ölkədə bu gün mövcud olan bazar iqtisadiyyatı onun əhalisini yedirmək və geyindirmək iqtidarında deyil. Ölkə, faktik olaraq, nefti-qazı satıb, əvəzində ərzaq, geyim və digər tələbat malları alır...

PUTİNSONRASI ERA...

Bu üzdən, analitiklər Putinsonrası eradan ciddi-ciddi danışır, hətta 2-ci «yenidənqurma» liderinin kimliyini müəyyənləşdirməyə çalışırlar...

Amma daha maraqlısı ««2-ci yenidənqurma»dan sonra Rusiyadan nə qalacaq» sualıdır. Ötən əsrin 90-cı illərinin əvvəlində Rusiya mətbuatı Rus respublikası haqqında yazırdı. O səbəbdən 2-ci soyuq savaş gerçəkləşərsə, Rusiyadan elə Rus respublikasının qalacağını gümanlaşdırmaq olar...

Amma daha maraqlısı ««2-ci yenidənqurma»dan sonra Rusiyadan nə qalacaq» sualıdır. Ötən əsrin 90-cı illərinin əvvəlində Rusiya mətbuatı Rus respublikası haqqında yazırdı. O səbəbdən 2-ci soyuq savaş gerçəkləşərsə, Rusiyadan elə Rus respublikasının qalacağını gümanlaşdırmaq olar...

Amma rəsmilər, hələ də, bu cür təlaş dolu ssenarilərin fərqində deyillər. Qoca və az qala, hərəkət qabiliyyətsiz Leonid Brezhnev-dən fərqli olaraq, Vladimir Putin və Dmitry Medvedev tez-tez idman zallarında görünür və bu yolla öz vətəndaşlarına gümrahlıq və nikbinlik aşılamaq istəyirlər. Amma alınırmı? «Hə» demək çətindir, axı bu gün müstəqil düşünənlərin sayı Brezhnev dövründən xeyli çoxdur və onların üzü gülmür...

REALİSTLƏR BÖYÜK SİYASƏTDƏN UZAQLAŞDIRILDI...

Ukraynada 1-ci «rəngli inqilab» ərəfəsində Kremlin ovaxtkı siyasi ideoloqu Gleb Pavlovsky təxminən belə yazmışdı: «o şey ki baş verməlidir, onun qarşısını almağa və hadisələri yönəltməyə cəhd göstərməyə dəyməz...».

Çox düzgün məsləhət idi. Amma Vladimir Putin Gleb Pavlovsky-ni mühafizəkar Aleksandr Dugin-ə dəyişdi. Beləcə, Dugin-in Avrasiya İttifaqı və Gömrük Birliyi ideyası siyasi vəsiqə aldı...

Əfqanıstan SSRİ üçün tələyə çevrildi. Böyük ehtimalla demək olar ki, Krım və şərqi Ukrayna da indiki Rusiya üçün tələyə çevrilə bilər...

Amma kimsə bunların perspektivinə inanırmı? Bəli, bəziləri deyir ki, nə olsun, Avropada da böhran var! Düz deyirlər, ancaq Avropa Birliyinin nüvəsi sayılan ölkələrdə böhran yoxdur. Bu gün onlar böhran keçirən Yunanıstana 80 milyard dollar yardım vermək iqtidarındadırlar. Amma gəlin görək, Avrasiya İttifaqında belə donorlar varmı?

İndi Avrasiya İttifaqının nüvəsini təşkil edən böyük ölkələr – Rusiya və Qazaxıstan öz aqibətlərini düşünmək məcburiyyətində qalıb. Rus rublu, az qala, hər gün qiymətdən düşür, tenge də sərbəst buraxılıb...

ƏFQANISTANA MÜDAXİLƏ DƏ PİSLƏNMİRDİ...

Rusiya mətbuatını izləməyə çalışırıq. Təsəvvür edin ki, nikbinlik aşılayan və bunu əsaslandırmağı bacaran yazılar yox dərəcəsindədir. Düzdür, Krımın ilhaqını açıq pisləyən azdır, amma vaxtilə Əfqanıstana müdaxiləni pisləyənlər də yox dərəcəsində idi. Hətta əhalinin bir hissəsi elə həqiqətən də düşünürdü ki, sovet ordusu orada «beynəlmiləlçi borcunu» yerinə yetirir... Bütün bunların necə qurtardığını bilirsiniz...

Əfqanıstan SSRİ üçün tələyə çevrildi. Böyük ehtimalla demək olar ki, Krım və şərqi Ukrayna da indiki Rusiya üçün tələyə çevrilə bilər...

Avropa ölkələri hələ də Rusiyaya şans verməyə çalışır. Şansdan yararlanmaq üçün Rusiya Minsk razılaşmasının tələblərini yerinə yetirməlidir. Amma yerinə yetirəcəkmi? Çox təəssüf ki, Rusiya haqqında yazanda sual cümlələrini ard-arda düzmək məcburiyyətində qalırsan...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG