Keçid linkləri

Təcili xəbərlər

Aprelin 24-də Rusiya kimin yanında olacaq?


Vladimir Putin və Serzh Sarkisian
Vladimir Putin və Serzh Sarkisian

-

MƏNTİQ BİR ŞEY DEYİR, REALLIQ BAŞQA...

Bəzən baxıb görürsən ki, kiçik bir siyasi tədbir, adi bir görüş də böyük siyasətin qaranlıq dəhlizlərinə işıq salır.

Bu baxımdan, təbii ki, istər Türkiyədə, istərsə Ermənistanda keçiriləcək mərasimlər diqqətlə izlənir. Eyni gündə - aprelin 24-də Türkiyə Çanaqqala savaşının, Ermənistansa iddia etdiyi «soyqırımı»nın 100 illik yubileyini qeyd edəcək.

İnsanlara, sadəcə, maraqlıdır ki, görəsən, filan ölkənin lideri haranı seçəcək - Türkiyəyə yollanacaq, yoxsa Ermənistana yola düşəcək?

Bu baxımdan Rusiya prezidenti Vladimir Putin ayrıca diqqət hədəfindədir. Böyük ehtimalla demək olardı ki, Rusiya prezidenti, yəqin, Ermənistanı seçəcək. Ən azı ona görə ki, ötən həftə Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistana gəlişini prezident Putin-in buraya qarşıdakı səfərinə hazırlıqla əlaqələndirmişdi... Di gəl, bir qədər sonra Rusiyadan fərqli xəbərlər də gəlməyə başladı. Məlum oldu ki, Putin-in Ermənistana səfər edib-etməyəcəyi hələ dəqiq bilinmir. Üstəlik, o da bildirildi ki, Rusiya Çanaqqala tədbirlərinə də yüksək səviyyədə qatılmağı düşünür...

İndi bunu necə anlayaq? Putin hansı ölkəni seçəcək? Ziddiyyətli xəbərlər fonunda, təbii ki, həmin suala birmənalı cavab tapmaq çətinləşir. Düzdür, burası da var ki, Rusiyanın çoxillik imperiya məntiqi və son illərdə yürütdüyü siyasət Ermənistana səfəri daha ağlabatan və real göstərir, amma...

PUTİN TÜRKİYƏNİ DƏ SEÇƏ BİLƏR...

Amma kim bilir, bəlkə Türkiyəni seçəcək. Bəyəm son vaxtlar Rusiyanın Ermənistan siyasətində qəribə çalarlar gözə çarpmır? Bəyəm Avrasiya İttifaqının çox mühüm tədbirlərinə Ermənistan liderinin çağırılmamasını, belə görüşlərin, adətən, onsuz keçməsini gözardı etmək olar?..

Rusiyanın Ermənistana tam diqqətsizliyi Putin-in aprelin 24-də Ermənistanda olacağına əminliyi azaldır. İndiki Ermənistan hakimiyyəti özünü o qədər aşağılayıb ki, Rusiya prezidentinin diqqətsizlik nümayişi heç də təəccüb doğurmaz...

İndiki Ermənistan hakimiyyəti özünü o qədər aşağılayıb ki, Rusiya prezidentinin diqqətsizlik nümayişi heç də təəccüb doğurmaz...

ERMƏNİSTANLA İTTİFAQ RUSİYAYA NƏ VERİR?

Adətən, hamı bu sualdan qaçmağı sevir. Amma sualdan qaçmaq yox, onun üstünə getmək lazımdır. Söhbət «Ermənistan Rusiyaya nə verir» sualından gedir.

Tutalım Ermənistan amili Rusiyaya imkan verir ki, Azərbaycanı bəlli və nəzarət oluna biləcək çevrə və çərçivədə saxlasın. Amma dərhalsual doğur: Söhbət hansı çevrə və çərçivədən gedir ki, onu Rusiyaya rəsmi Bakı deyil, Yerevan təklif edir?

Baxın, artıq indiki Rusiyanın Azərbaycan neft və qazında, hətta əvvəlki illərdən fərqli olaraq, onların nəql marşrutlarında da gözü yoxdur. Azərbaycan bu müstəvidə tam sərbəstdir, neft və qazı özü nəql edir və gəlirləri də özü götürür...

Üstəlik, Azərbaycan Rusiyanın böyük geosiyasi layihələrinə - Avrasiya İttifaqı və Gömrük Birliyinə də qoşulmur. Rusiya da, ən azı, indiyədək buna dözümlü yanaşıb və Azərbaycanın müstəqilliyini məhdudlaşdırmağa xüsusi bir cəhd göstərməyib.

Bəs onda Rusiyaya nə lazımdır? Əslində o lazımdır ki, Azərbaycan NATO və Avropa Birliyini bu bölgəyə cəlb etməsin.

İndi görək, rəsmi Bakının özü bunları istəyir? NATO və ya Avropa Birliyi ilə bağlı Bakının ciddi planları var? Bənzər sualları çoxaltmaq olar, amma cavab dəyişməz: Məsələ də ondadır ki, ən azı, indiki hakimiyyətin belə planları yoxdur.

Deməli, Rusiyanın Ermənistanla siyasi ittifaqı, əslində, fiksiyadan başqa şey deyil...

Slavyan-türk ittifaqı yaranması məsələsini vaxtilə çox sanballı adamlar dilə gətiriblər. Həmin amili də unutmaq olmaz. Dərindən düşünsən, belə bir ittifaq əslində bir o qədər gerçəkdən uzaq və qeyri-adi dərəcədə mümkünsüz görünmür...

TÜRKLƏR VƏ SLAVYANLAR...

Üstəlik, fikirləşəndə görürsən ki, bir millət kimi rusların keçmişi, bugünü və gələcəyi daha çox türk xalqları ilə bağlıdır, nəinki başqaları ilə...

İndiki Rusiyada türksoylu neçə-neçə xalq və etnik qrup yaşayır. Onlar həm də federasiya subyektləridir. Tərəzinin bir gözünə onları, digər gözünə Ermənistanı qoysan, istər-istəməz, çox böyük fərq gözə çarpar...

Təsadüfi deyil ki, slavyan-türk ittifaqı yaranması məsələsini vaxtilə çox sanballı adamlar dilə gətiriblər. Həmin amili də unutmaq olmaz. Dərindən düşünsən, belə bir ittifaq əslində bir o qədər gerçəkdən uzaq və qeyri-adi dərəcədə mümkünsüz görünmür...

Güman edirik ki, Rusiya siyasətində də türk amilini nə vaxtsa nəzərə alacaq və xəritədəki «türk zolağı»ndan xoflanmayacaqlar. Axı bu, bəsit məsələ deyil. Axı söhbət ciddi siyasi və geosiyasi amildən gedir. Əməkdaşlıqda da məqsəd heç də kiməsə qarşı olmaq, kiməsə qarşı yönəlmək deyil, təbiət və coğrafiyanın bəxş etdiyi təbii üstünlüklərdən maksimum yararlanmaq da ola bilər...

BİRLİK OLMADIĞINDAN...

Heç şübhəsiz, türk xalqları Rusiyanın daxili həyatında mühüm rol oynayır. Düzdür, onların arasında ciddi işbirliyi və həmrəylik çox azdır, amma bu da zaman məsələsidir.

Hələ əsrin əvvəllərində İsmayıl bəy Qaspıralı «İşdə birlik, sözdə birlik, fikirdə birlik» deyirdi. İndi Nursultan Nazarbayev belə düşünür. Amma Islam Karimov başqa cür, Türkmənistan prezidenti isə tam fərqli... Başqırdlar bir cür davranır, tatarlar başqa cür və s. və i.a...

Bütün bu fərqlilikdə bir şeyi əminliklə demək olar: Nə vaxtsa onların da gözlərinə birlik işığı düşəcək. Bax o zaman «Ermənistanla ittifaq Rusiyaya nə verir» sualı bəlkə də gülüş doğuracaq...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG