Keçid linkləri

Təcili xəbərlər

Asteroid Yerin lap yanından keçəcək


2012DA14 asteroidi
2012DA14 asteroidi
-
Alimlər deyirlər ki, eni 45 metr 70 santimetr olan qaya parçası Yerə toxunmayacaq, lakin onun planetimizin ətrafında dövrə vuran 100-dək süni peykdən biri ilə toqquşa biləcəyi barədə çox az da olsa ehtimal var.
2012DA14 adlı asteroid ötən il aşkar edildikdən bəri astronomların nəzarətindədir.
Hesablamalara görə, gələn cümə, fevralın 15-də, Bakı vaxtı ilə saat 23.30-da asteroid yerə ən yaxın məsafədən ötəcək.
Ekspertlərin təxminlərinə görə, asteroid Yerdən ən azı 27 min 681 kilometr aralı keçəcək.
Bu, öyrəncəli olduğumuz ölçülərlə böyük məsafə olsa da, astronomik baxımdan çox yaxındır. O qədər yaxındır ki, astronomlar bu qədər yaxından keçən obyekti indiyədək heç vaxt müşahidə etməyiblər.
HƏR HANSI PEYKLƏ TOQQUŞMA İSTİSNA EDİLMİR

Nottingem Trent Universitetindən doktor Dan Brown bildirib ki, asteroidin mobil telefon şəbəkələrini birləşdirən, habelə Yerə hava proqnozlarını göndərən telekommunikasiya peyklərindən hər hansı biri ilə toqquşa biləcəyini tam istisna etmək olmaz.

Asteroid ilk dəfə ötən ilin fevralında İspaniyanın cənubundakı La Sagra rəsədxanasından müşahidə olunub.
Bununla belə, asteroid Beynəlxalq Kosmik Stansiya üçün təhlükəli deyil, çünki bu stansiya Yerin cəmi bir neçə yüz kilometrliyində dövrə vurur.
ƏGƏR TOQQUŞSAYDI…
Asteroid planetimizlə toqquşmayacaq, lakin alimlər “əgər toqquşsaydı” variantını da hesablamağa çalışıblar.
Onlar bildirirlər ki, 1908-ci ildə təxminən bu ölçüdə meteor Sibirin böyük ərazisini darmadağın edib.
Nəzərə almaq lazımdır ki, Sibirin Tunquska rayonunun adı verilmiş meteor yer səthinə toxunmazdan əvvəl havada partlamışdı.
Bununla belə, onun partlayışının gücü Hirosimaya atılmış atom bombasının gücündən 1000 dəfə çox olub, 2000 kvadrat kilometr ərazidə meşəlik yoxa çıxıb.
Professor Brown deyir ki, belə bir asteroid Yerlə toqquşsaydı, bəşəriyyət məhv olmazdı, amma deyək ki, London boyda bir şəhər yerlə-yeksan olardı.
Asteroid planetin yaxınlığından keçərkən alimlər onun struktur tərkibini öyrənməyə çalışacaqlar ki, gələcəkdə daha təhlükəli səma cismlərinə qarşı önləyici tədbirlər görülə bilsin.
HOLLYWOOD VARİANTI İŞƏ YARAMIR
Ekspertlər bildirirlər ki, Hollywood filmlərindəki metod – səma cisminin raketlərlə partladılması bir işə yaramır, çünki bu halda minlərlə öldürücü qaya parçaları yerə səpələnərdi.
Əksinə, indi belə cismləri ehmallıca Yerdən aralayacaq metodlar üzərində iş gedir.
Amerikanın NASA agentliyinin “Dart” adlanan gələcək kosmik missiyası bu cür asteroidlərə modul ataraq onların trayektoriyasını dəyişməyin mümkünlüyünü yoxlayacaq.
Dan Brown bildirir ki, belə bir texnologiya yaxın 10-20 ildə ancaq işlənib hazırlana biləcək.
Astronomlar hazırda 400-dək səma cismini müşahidə altında saxlayırlar.
NASA özünün Yerə Yaxın Obyektlər proqramına 15 il əvvəl başlayıb. Əvvəlcə ölçüsü 1 kilometr olan obyektlərlə “iş” əsas götürülürdü, lakin indi daha kiçik asteroidlər də təhqiqat proqramına daxil edilib.
İNDİYƏDƏK YERƏ YAXIN 10 MİN OBYEKT TAPILIB
Bəs ötən illər ərzində astronomiya elmi inkişaf edibmi? NASA-nın Yerə Yaxın Obyektlər departamentinin rəhbəri professor Don Yeomans-ın cavabı müsbətdir.
“10 il bundan əvvəl biz DA14-ü görməyə və onun bizə bu qədər yaxın olduğunu bilməyə bilərdik”, - alim deyir.
Məsələ o qədər ciddidir ki, astronomlar tezliklə BMT-də toplaşaraq səma cismlərinin yarada biləcəyi təhlükələri və bunun qarşısının alınması yollarını müzakirə edəcəklər.
İndiyədək, Yerə təhlükə təşkil edə biləcək 10 min səma cismi aşkar edilib.
Lakin sevinmək tezdir.
NASA-nın Yerə Yaxın Obyektlər proqramının rəhbəri professor Lindley Johnson deyir ki, bu, bütün təhlükəli obyektlərin yalnız 10 faizidir.
XS
SM
MD
LG