Keçid linkləri

Təcili xəbərlər

Ay-Adam Yerdə öldü


Neil Armstrong
Neil Armstrong
-
Aya ilk ayaq basan adam Yerdə öldü.

Onun Ayda yaşaması və Ayda da ölməsi necə sensasiya doğurardı!

Amma olmadı.

Təəssüf ki, İnsan oğlu hələ də bu arzusuna yetə bilməyib.

O, Aya ayaq basa bilər, amma orda ölüncəyədək məskunlaşa bilməz...

SOVETLƏR GAGARIN'İ SEVİRDİ

Ay-Adam – Neil və ya sadəcə, Neil Armstrong Sovetlərdə elə də məşhur adam deyildi.
Sovetlər Gagarin'i sevirdi. Yadımdadır, qonşumuz oğlunu onun şərəfinə Gagarin adlandırmışdı.

Amma heç kəs oğluna Neil Armstrong adı qoymadı, qoymaq istəmədi. Sovet təbliğat maşını ayrı hava çalırdı, axı.

Erkən ölüm Gagarin'ə şöhrətin dadını çıxarmağa imkan verməsə də, Armstrong çox yaşadı, ancaq... şöhrətdən uzaq gəzdi.

ARMSTRONG SSRİ-DƏ OLDU

Cəmi bir dəfə SSRİ-yə gəldi. Aya ayaq basandan bir il sonra. Kosmik konfransa qatıldı.
Sovetlər bu informasiyanı xeyli gizli saxladılar.

Armstrong Sovet rəhbərlərindən olan Kosygin'lə, bir də yerli kosmonavtlarla görüşdü. Artıq Gagarin sağ deyildi. Amma Gagarin'in və Feoktistov'un dul qadınlarını görməyi özünə borc bildi və bu görüşdən çox təsirləndiyini dilə gətirdi.

DİRİYKƏN ABİDƏ OLMAQ İSTƏMİRƏM!

Aya ayaq basandan iki il sonra NASA-dan ayrılıb Sinsinati Universitetində çalışmağa başladı. Ohayo ştatındakı fermasına çəkildi. Orada gözdənuzaq müəllimlik fəaliyyətilə və şəxsi biznesiylə məşğul oldu. «Diriykən abidə olmaq istəmirəm», deyirdi Armstrong.
«Apollon-11»nin ekipajı. Neil Armstrong, Michael Collins və Buzz Aldrin
«Apollon-11»nin ekipajı. Neil Armstrong, Michael Collins və Buzz Aldrin

43 İL SONRA DANIŞDI

Qəribədir, bu guşənişinlik ona daha çox şöhrət gətirdi. Uzun illər susqunluğunu saxladı. Ancaq 43 il sonra «CPA Australia»yaya birsaatlıq video-müsahibə verdi. Bütün həyatını anlatdı. «Apollon-11»in Ay üzərinə sağ-salamat enmə ehtimalının 50 faizə bərabər olduğunu etiraf etdi. İndiki hökumətin kosmosla bağlı planlarının sərhədli olduğunu və bundan üzüldüyünü dilə gətirdi. Aya uçuşun bəzi nüanslarını xatırladı. «Onun üçün kiçik, insanlıq üçün böyük addımı»nın özəlliklərini söylədi.

«AYDA QOYDUĞUM FOTOAPARATI KİMSƏ GƏTİRƏCƏK»

Armstrong amerikalıların Aya uçuşunun yalan olduğunu söyləyənlərə də bu müsahibəsində cavab verdi. NASA-nın Aya uçuş layihəsində çalışan 800 min adamın ağzını yummasının mümkünsüzlüyünü dilə gətirdi. Amma bu söyləntilərdən heç də narahat olmadığını dedi: «Bir gün bir nəfərin Ayda buraxdığım fotoaparatı gətirəcəyinə inanıram» dedi.

ARMSTRONG AYDA AZAN SƏSİ EŞİTDİMİ?

Bu iddia 1982-ci ildə səsləndi və hələ də səslənməkdə davam edir. Müsəlman ölkələrinin bəzi qəzetləri onun Ayda bir səs eşitdiyini və sonradan bu səsin azan olduğunu bildikdən sonra müsəlman olduğunu yazırdılar. Hətta «Apollon» gəmisində Ayla Yer arasındakı danışıqların stenoqramı da «verilirdi». Kapitanın «kitab kimi bir şey» gördüyü və ətrafa qəribə bir «oxuma»nın yayıldığı yazılırdı.

ASTRONAVT AÇIQLAMA VERDİ

Sonda Livandakı bir Xristian Mərkəzi astronavtdan bu söyləntilərə açıqlıq gətirməsini istədi.
Astronavtlar Ayda, 1969
Astronavtlar Ayda, 1969
Yardımçısının yazdığı məktubda Armstrong müsəlman olmadığını və Ayda azan səsi eşitmədiyini bildirdi. Amma nə fayda? 20 ildir ki, bu mübahisələr səngimir...

AYA BAXIN VƏ ONA GÖZ VURUN

Ay-Adam bu il avqustun 5-də son ad gününü—82 yaşını qeyd etdi. Avqustun 7-də isə ürək damarlarından əməliyyat olundu. 25 avqust Ay-Adamın Yer üzündəki son günü oldu. Ailəsi onu sevənlərə sadə bir ricada bulundu. «Yəqin kimlərsə «Neil’in xatirəsini necə ana bilərik ki?» deyə soruşa bilərlər. Belə adamlardan adicə bir xahişimiz var. Onun örnək sayılan xidmətini, uğurlarını, sadəliyini unutmayın. Və sonra – xoş axşamların birində küçəyə çıxıb üzünüzə gülümsəyən Ayı görüncə, Neil Armstrong'u yada salıb, ona göz vurun».

AMERİKA QƏHRƏMANI!

Armstrong həyatı boyu müxtəlif mükafatlar aldı. Üç il qabaq da Konqresin Qızıl medalına layiq görüldü. Bu, ölkənin ən yüksək mükafatı idi. İlk astronavtın ölümündən təsirlənən prezident Barack Obama Ay-Adamı ancaq öz zamanının deyil, bütün zamanların Amerika qəhrəmanı adlandırdı...

ASTRONAVTLAR ŞƏNBƏ GÜNÜ ÖLMÜRLƏR?

Ay-Adam 2011-ci ildə «Esquire» dərgisinə müsahibəsində zarafatla demişdi: «Astronavtlar şənbə günü ölməzlər. Hər halda, mən belə bir şey eşitməmişəm».
Amma taleyin işinə bax -- Armstrong bir il sonra, avqustun 25-də -- şənbə günü dünyanı tərk etdi və bu dəfə geri dönməyəcəyi yüz faiz bəlli idi...

Amma kim bilir, bəlkə indən belə Ay-Adam elə Ayda yaşayacaq?!..
XS
SM
MD
LG